Elmira Axundova: "Kreditlərin faizi aşağı salınmalıdır !" - MÜSAHİBƏ
"... İnsanları dar gündə buraxmaq olmaz"
Tanınnmış nasir, tərcüməçi, millət vəkili Elmira Axundova "Sherg.az"a danışıb.
Xanım parlamentari ilə bank və vətəndaşlar arasındakı gərginlik, problemli kreditlərin həcminin artması, bundan çıxış yolları, Mərkəzi Bankın (MB) göstərməli olduğu səylər, kredit borclarına görə, intihar hadisələrinin çoxalması və dövlətin buna münasibəti məsələləri ətrafında söhbət apardıq.
"Sherg.az" müsahibəni təqdim edir:
- Son illər ölkədə bank sektoru ciddi böhran yaşayır. Sözsüz ki, bu böhran krediti olan vətəndaşların sosial durumunu daha da ağırlaşdırır. Sizcə, mövcud vəziyyətdən çıxmaq üçün nə kimi ölçülər götürülməlidir ?
- Banklarla vətəndaşlar arasındakı münasibətlər məni də narahat edir. Doğrudan da bank sistemimiz ciddi böhran yaşayır, böhrandan hələ çıxmayıb. Bir aydan sonra - noyabrda Milli Məclisdə (MM) büdcə müzakirələri olacaq. Müzakirədə sözümü deyəcəm. Hazırda vəziyyətin analizini aparıram. Doğrudan da əhalinin bank sisteminə inamı çox aşağı düşüb. İnsanlar qan - tərlə qazandığı pulları banka etibar etmək istəmir. Ya evində saxlayır, ya tikintiyə yatırır, ya da başqa ehtiyacı olan insanlara sələmə verir. İnsanlar şahidi olublar ki, bir neçə bankın çökməsi nəticəsində banklara yatırılan vəsaitlər "batıb". Ona görə, öz vəsaitlərini bu sistemə etibar etməkdən çəkinirlər.
- Bank fazilərinin çoxluğu da narazılıq yaradır...
- Bəli, faizlər çox yüksəkdir. İnsanlar da bundan əziyyət çəkir. Mövcud xoşagəlməz tendensiyadan xilas olmaq lazımdır. Ona görə ki, bank sektoru tənəzzüldədirsə, iqtisadi inkişafdan söhbət gedə bilməz. Sağlam iqtisadi inkişaf üçün sağlam və etibarlı bank sistemi olmalıdır. Hər kəs banklara inanmalıdır, etimad göstərməlidir. Gərək ki, hazırda dövlət nümayəndələrinin diqqəti bank sisteminin sağlamlaşdırılmasına yönəlsin. İddia etmirəm ki, bütün banklar böhran məngənəsində sıxılır. Doğrudur, sağlam və etibarlı banklarımız var. Lakin çox böyük problemlər hələ də qalmaqdadır.
- Mərkəzi Bankın fəaliyyətini necə dəyərləndirirsiniz. Böhrandan çıxış üçün Mərkəzi Bank hansı addımlar ata bilər ?
- Bu işdə Mərkəzi Bankın üzərinə çox böyük yük düşür. Bu qurum böyük sıçrayışlar edib, ölkəmizi mövcud vəziyyətdən çıxarmalıdır. Amma hələ ki MB-nin belə uğurlu səylərinin nəticələrini görə bilmirəm. Bununla belə inanmaq istərdim ki, bəlkə gələn il bu irəliləyişi müşahidə edə bilərik və MB düşünülmüş, dünyada gedən iqtisadi proseslərə uyğun olaraq ölçülüb-biçilmiş addımlarını görərik.
- Banklardan kredit götürəndə dollar bahalaşmamışdı, amma indi qalxıb. Banklar da kredit borclarını köhnə deyil, yeni məzənnə ilə tələb edir ki, bu da çətinlik yaradır...
- Bu, başqa məsələdir ki, insanlarımız krediti götürəndə dolların milli valyuta ilə müqayisədə məzənnəsi ucuz - 0,78 idi. Sadə vətəndaş haradan və nədən biləydi ki, məzənnə 1.70-ə qalxacaq. Əlbəttə, onu bilmək üçün gərək həmin müştəri MB-nın sədri olsun(gülür). Belə olan halda insanlara güzəştlər olmalı idi. Ya faizlər aşağı salınmalı idi, ya da köhnə qaydada ödənilməli idi. Bəzi banklar güzəştlər etdilər və müəyyən sayda müştərilər, insanlar yavaş-yavaş bu vəziyyətdən çıxır. Amma bəzi banklar belə güzəştləri etmədi. İndi insanlar çox əziyyət çəkir.
- Bəzən onun da şahidi oluruq ki, kimsə krediti götürüb hansısa ölkəyə dincəlməyə gedir, sonradan krediti odəyə bilmir...
-Yəni hər iki tərəf - krediti verən və alan - düşünməlidir. Krediti təhsil və sağlamlıq üçün götürmək olar. Bəzən insalar mebel və maşın almaq üçün kreditə girir və sonra onu ödəyə bilmir. Belə çətin vəziyyətdə bir az ehtiyatlı davranmaq lazımdır. Addım atmazdan əvvəl düşünmək gərəkir.
- Kredit borclarına görə, intihar edənlərin sayı çoxalır. Az qala hər gün sayt, qəzet manşetlərini bu sayaq xəbərlər bürüyür. Bundan xilas olmağın yolu nədən, haradan və ya kimdən keçir ?
- Belə xəbərləri eşidəndə adamın ürəyi ağrıyır. Biz insanları dərdləri ilə tək başına buraxmamalıyıq. Azərbaycanda sosial yönümlü siyasət aparılır. Müxtəlif qurumlar, imkanlı insanlar, varlı təşkilatlar bu insanlara köməklik göstərə bilərlər. Onları dərdləri, problemləri ilə baş-başa buraxmamalıyıq. Elə insan var ki, dözümlüdü. Eləsi də var ki, dözümsüzdür. Belə vəziyyətlərdə çaş-baş qalır, qorxur. Bizim kişilərdə belə dözümsüzlük var. Çətinə düşəndə ən arzuolunmaz və axırıncı variantlara əl atırlar. İntihar çox sarsıdıcı hadisədir.
- Bank kreditlərinə görə, intiharların azalması istiqamətində bəlkə bir bir çağırış edəsiniz...
- Çağırış edirəm ki, belə etməsinlər. İnsan dünyaya bir dəfə gəlir, insana bu ömrü Allah verir, onun qəzəbinə gəlmək olmaz. Hər bir çətinlikdən çıxış yolu var. İntihar etmə ! Cəmiyyətimizdə mərhəmətli, xeyirxah insanlar var. Çıx, media vasitəsilə müraciət et. Onlar sənə əl uzada bilərlər. Axı sənin ailən var. Onları kimin ümidinə buraxırsan ?! Əlbəttə, biz də millət vəkilləri olaraq bu məsələlərə ciddi yanaşmalıyıq. Milli Məclisdə büdcə müzakirələri zamanı Mərki Bank və eyni zamanda ölkədə fəaliyyət göstərən digər bankların rəhbərlərinə problemlər barədə açıq-aydın iradlarımızı bildirməliyik ! Səylərimizi birləşdirib, birgə çıxış yolları tapmalıyıq !
Söhbətləşdi: Ayyət ƏHMƏD