Əmək kitabçaları öz əhəmiyyətini itirib

Yeni nazir, Səlim Müslümovun yaratdığı əngəlləri aradan qaldırmalıdır
2014-cü ildən sonra bu cür əhəmiyyətsiz bir sənədi dövriyyədə saxlamağın mənası yoxdur


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov şəxsi feysbuk hesabında Əmək və əhalinin sosial müdafiəsi nazirinə sual ünvanlayaraq əmək kitabçalarının ləğv olunaraq dövriyyədən çıxarılmasını təklif edib. Bu kitabçaları dövriyyədə saxlamağın heç bir mənası olmadığını vurğulayan S.Məmmədov hesab edir ki, sosial sığorta kartı nəyə lazımdır? O plastik kartların istehsalına ildə nə qədər pul sərf olunur?

DSMF-yə bəyannamələri vermək üçün "ASAN imza” nəyə görə vacibdir?

S.Məmmədov "Şərq” qəzetinə açıqlamasında əmək kitabçalarının dövriyyədən çıxarılması məsələsini dəfələrlə gündəmə gətirdiyini deyib: 

"İzahını da vermişəm ki, dövriyyədən çıxartmaq onun qüvvədən düşməsi demək deyil. Elektron informasiya sisteminə əmək müqavilələri yükləndikdən sonra əmək kitabçaları öz əhəmiyyətini itirməyə başladı.

2014-cü ildən sonra işə girənlər üçün ümumiyyətlə bir mənası yoxdur. Ondan əvvəl işləyənlər isə əmək stajının müddətini bildirmək üçün kitabçadan istifadə edə bilər. 2014-cü ildən sonra bu cür əhəmiyyətsiz bir sənədi dövriyyədə saxlamağın mənası yoxdur. 

Əmək kitabçası sovet dönəmində işçinin pensiyaya çıxması üçün yeganə sənəd idi. Burada işçinin mükafatlandırılmasından tutmuş cəzalandırılmasına qədər bir çox məlumatlar qeydə alınırdı. Amma son illər bu sənəd "SV” rolunu oynayır və ancaq əmək stajının qeyd olunduğu sənəd sayılır. Bütün müavinətlərin sığorta stajı ilə hesablandığı bir vaxtda əmək kitabçası funksiyasını itirib. Ortada bunun əksini sübut edəcək heç bir arqument yoxdur”.

Sosial sığorta kartlarına gəldikdə isə S.Məmmədov bu şəhadətnaməni də lazımsız hesab etdiyini deyib: "O kartın yeganə əhəmiyyəti üzərindəki fərdi identifikasiya nömrəsidir. Bu kodu elektron formada da şəxslərə təqdim etmək olar. Yaxud da təsdiq olunmuş formada hansısa bir kağız formasında da təqdim etmək olar. Sırf identifikasiya nömrəsi üçün plastik kart təqdim etməyə nə ehtiyac var. Bu kartla əməliyyat aparmaq mümkün olmadığı halda maqnit zolağı da var”.

S.Məmmədov "ASAN imza” xidmətinin ləğv edilməsini vacib hesab edir: "Elektron bəyannamələri adi şifrələrlə də vermək olurdu. Nazirliyin əvvəlki rəhbərliyi "Azərcel”lə sövdələşərək sahibkarları bu ödənişə məcburi cəlb elədilər. İndi də aylıq abunənin qiymətini qaldırırlar. Nəyə görə sahibkarlar bəyannaməni vermək üçün "ASAN imza”dan məcburi istifadə etməlidir? Burada heç bir məntiqə uyğunluq yoxdur. DSMF-nin bu addımını qanunsuz hesab edən S.Məmmədov hesab edir ki, burada korrupsiya maraqları var. 

Güman edirəm ki, yeni nazir bu əhəmiyyətsiz prosedurları ləğv etməklə Səlim Müslümovun yaratdığı bürokratik əngəlləri aradan qaldırmalıdır. Guya "ASAN imza”dan istifadə əslində təhlükəsizliyi təmin edir. Bəyannamələrə müdaxilə kimin nəyinə lazımdır ki? Vergilər Nazirliyində hesabatları adi şifrə ilə verə biliriksə, kodlaşma sistemini bir qədər təkmilləşdirməklə "Asan imza”dan imtina etmək olar”.

Şəymən