"Çünki müəllim aldığı maaşın yarısını kirayəyə, digər qismini isə mənzil-kommunal xidmətlərinə ödəyirsə, bu, onlar üçün problem yaradır"
Məktəb müəllimləri də ipoteka üzrə güzəştli kateqoriyaya daxil edilsə, müsbət olar
"Bu gün müəllimlərimizin ən böyük problemlərindən biri mənzil problemidir. Ev almaq və tikmək onlar üçün çox çətindir. İpoteka kreditlərindən isə şərtləri onlar üçün ağır olduğuna görə yararlana bilmirlər". Bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisin plenar iclasındakı çıxışında deyib. O vurğulayıb ki, ipoteka kreditləri, o cümlədən Prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələdir: "İnanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq, çünki buna böyük ehtiyac var. Amma bu layihənin şərtlərinə görə ondan yalnız 35 yaşdan az yaşı olan müəllimlər, gənc ailələr yararlana biləcəklər. Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm.
Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması və s. şərtlər əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var, onların da güzəştli ipotekadan güzəştli qaydada yararlana bilən qrupa daxil edilməsinə böyük ehtiyac var".
Əməkdar müəllim Almaz Həsrət müəllimlərin mənzil probleminin həlli istiqamətində atılan addımları müsbət dəyərləndirib. O, "Şərq"ə açıqlamasında bildirib ki, müəllimlər işə qəbul edilərkən topladığı ballara uyğun təhsil müəssisəsində öz fəaliyyətlərini davam etdirirlər. "Bir də görürsüz ki, şəhərin mərkəzində yaşayan müəllim imtahandan keçərək hansısa bölgəyə, rayona təyinat alır. Yaxud da əksinə, rayonda çalışan müəllim yüksək bal toplayaraq şəhər məktəbində fəaliyyətə başlayır. Bu, bir tərəfdən müsbət göstəricidir. Digər tərəfdən də həmin insan işə təyin olunduğu yerdə mənzil problemi ilə qarşılaşır. Müəllimin ev məsələsində güzəştlərdən istifadə edə bilməməsi onları müəyyən sıxıntı ilə üz-üzə qoyur. Rayonda çalışan müəllimlər Bakıya gələndən sonra məcbur olub kirayə ev tuturlar. Təbii ki, müəllim aldığı maaşın yarısını kirayəyə, digər qismini isə mənzil-kommunal xidmətlərinə ödəyirsə, bu, onlar üçün problem yaradır".
A.Həsrət bu cür problemlərin qarşısının alınması üçün qonşu Türkiyə təcrübəsini misal çəkib. Ankarada, İstanbulda "öyrətmən evləri"nin olduğunu deyən əməkdar müəllim bildirib ki, həmin evlərdən müəllim özünün müəllimlik fəaliyyəti dövrünə qədər istifadə bilər. "Bu, dövlət tərəfindən tam təmənnasız bir xidmətdir. Mən də çox istərdim ki, müəllimlərimiz daimi mənzillərlə təmin olunmamışdan öncə, ipoteka, kredit alanadək onlara ayrılan 3, 5 illik müəllim evlərindən yararlanmaq imkanları olsun. Çünki kirayədən-kirayəyə keçən, qohum evində qalan müəllimin fikri tədrisinə deyil, yaşayış şəraitinin çətinliyi ilə əlaqədar olaraq öz probleminə yönəlir. Ona görə də müəllimlərin həmişə yanında olmaq, onlara dəstək olmaq lazımdır".
İlahə Əhmədqızı