Əməkdaşlıq daha da gücləndiriləcək

Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin İstanbul Bəyannaməsi imzalanıb
Əhəd Məmmədli: "Türkiyə və İranı yanına almaq, Azərbaycanın təhlükəsizliyi və iqtisadiyyatı üçün çox əhəmiyyətlidir"


Ötən gün İstanbulda Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri arasında növbəti üçtərəfli formatda görüş keçirilib. Görüşdə tərəflər üç ölkə arasında iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər. Eyni zamanda coğrafi cəhətdən əlverişli mövqeyə malik üç ölkənin tranzit potensialının artırılmasına, eləcə də nəqliyyat infrastrukturunun inkişafı üçün əməkdaşlığın əhəmiyyətinə diqqət çəkiblər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında ikitərəfli görüş də baş tutub. Nazirlər iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin hazırkı durumu, nəqliyyat, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər iki ölkə arasında dərin tarixi köklərin, din və mədəni ortaqlığın olduğunu vurğulayıblar. 6-cı üçtərəfli görüşün sonunda Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin İstanbul Bəyannaməsi imzalanıb. Bəyannamədə nazirlər bundan əvvəlki üçtərəfli görüşlərdə qəbul olunmuş Urmiya, Naxçıvan, Van, Ramsar və Bakı Bəyannaməsinə sadiq olduqlarını vurğulayıblar. Regionda ümumi tarixi köklərə, mədəniyyətə, din və ənənələrə əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı daha da gücləndirmək üçün güclü iradələrini bir daha təsdiq ediblər. Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğulayıblar. Həmçinin, beynəlxalq və ya regional təşkilatlarda üç ölkənin namizədliyinin müsbət mənada qiymətləndirilməsi razılaşdırılıb. Növbəti üçtərəfli görüşün İranda keçirilməsinə qərar verilib.

XİN rəhbərlərinin mütəmadi görüşünü "Şərq”ə dəyərləndirən "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli indiki məqamda bir-biri ilə həmsərhəd olan ölkələrin mütəmadi görüş keçirmələri çox müsbət addımdır: 

"Türkiyə və İranı yanına almaq, Azərbaycanın təhlükəsizliyi və iqtisadiyyatı üçün çox əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan, Türkiyə və İran qonşu olmaqla yanaşı, həm də müsəlman kökənli, ortaq dinə və tarixə malik ölkələrdir. Hər üç ölkənin bir-birinə ehtiyacı var. Ələlxüsus da indiki dövrdə birgə əməkdaşlıq zəruridir. Əgər XIX əsrdə Osmanlı ilə İran bir yerdə hərəkət etsəydi, Rusiya heç vaxt Qafqaza daxil ola bilməzdi. Eyni ümmətdən ibarət olan bu üç dövlət bir yerdə, razılaşdırılmış şəkildə hərəkət edərsə, regionda sülhün və əmin-amanlığın təminatçısı ola bilərlər”.

İsmayıl