"Ərdoğan Ankara-Moskva- Tehran birliyi yaratmağa çalışır" - ABŞ qıcıqlanır

Azər Rəşidoğlu:"Türkiyə belə bir addım atmaqla həm NATO ölkələri ilə, həm də Avropa Birliyi ilə münasibətlərini zədələyə bilər""Rusiya-İran-Türkiyə münasibətləri bölgədə Amerika siyasətinin yayılmasına zərbə endirə bilsə də, Dağlıq Qarabağ probleminin həllinə təsir göstərə biləcəyi də istisna edilmir”
"Vaşinqton və Ankaranın münasibətləri gərginləşməkdə davam edir”.
Bunu "Sherg.az”a ABŞ və Türkiyə arasındakı gərginliklə bağlı danışarkən siyasi şərhçi Azər Rəşidoğlu deyib. O bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Moskva- Tehran birliyi yaratmağa çalışır:
"Bütövlükdə son vaxtlar bölgədə Türkiyə-Rusiya-İran geosiyasi üçbucağının əhəmiyyətli dərəcədə özünü büruzə verdiyini söyləmək olar. Doğrudur, söhbət daha çox Suriya böhranının həlli məsələsində üçlü formatda əməkdaşlıqdan gedir. Ancaq o da bir gerçəklikdir ki, bir böhranlı məsələdə özünü doğruldan əməkdaşlıq formatı digər regional problemlərlə bağlı da uğurlu şəkildə sınaqdan keçə bilər. Hərçənd, Ankara, Moskva və Tehranın bölgədəki maraqlarının tam üst-üstə düşdüyünü söyləmək də düzgün olmazdı. Bu da təbiidir. Ankara – Tehran yaxınlaşma prosesi haqqında siyasi iradə nümayiş etdirir və qarşılıqlı səfərlər başlayır. Lakin bütün cəhdlərə baxmayaraq, Türkiyə ilə İran arasında strateji müttəfiqlik məsələsi baş tutmaya bilər.
Türkiyə belə bir addım atmaqla həm NATO ölkələri ilə, həm də Avropa Birliyi ilə münasibətlərini zədələyə bilər. Bu addım indiyə qədər Türkiyəni dəstəkləyən və onu lazım olan anlarda ciddi problemlərdən qorumuş ölkələrlə münasibətlərin gərginləşməsinə də səbəb ola bilər. Azərbaycan-İran-Türkiyə əlaqələrinin inkişafı bölgədəki siyasi proseslərdə mühüm rol oynaya bilər. 
Azərbaycanın ərazi bütövlüyü təhlükə altında olarsa, Ermənistan Tehranın dəstəyinə bel bağlaya bilər. Bu baxımdan, ənənəvi siyasətdən imtina ilə aralıq müddətdə Azərbaycan-İran-Türkiyə əlaqələrinin güclənməsi də yeni geosiyasi oyunun başlanğıcı demək olardı. Bu mühüm rolu yuxarıda qeyd elədiyimiz Türkiyənin üzərində işlədiyi, "Asiya Birliyi" oynaya bilərdi. Rusiya-İran-Türkiyə münasibətləri bölgədə Amerika siyasətinin yayılmasına zərbə endirə bilsə də, Dağlıq Qarabağ probleminin həllinə təsir göstərə biləcəyi də istisna edilmir”.
A.Rəşidoğlunun sözlərinə görə, İran ABŞ-ın Türkiyədə Radar Sistemi qurmasından narahatdır. Bu, İrana nəzarət üçün Amerikaya verilən əsas amillərdəndir:
"Yaxın Şərqdə Türkiyədə hakimiyyətdə olan mötədil islamçıların regionda davamlı münaqişələrin həlli səylərinə rəhbərlik edə biləcəyi ilə bağlı ümidlər var. Bu o deməkdir ki, Yaxın Şərqdə aparıcı ölkələr sünni Türkiyədən fərqli olaraq, şiə İranın siyasi dəstəyinə arxalanmır. İranın köməyinin yalnız vəziyyəti mürəkkəbləşdirə biləcəyini vurğulanır. Tehranın Ankaranın regionda nüfuzunun artmasına qısqanclıqla yanaşmasına baxmayaraq, İran Türkiyəyə ümumilikdə müsbət qüvvə kimi baxır. Digər tərəfdən, İran Rusiyadan sonra Türkiyəni təbii qazla təmin edən ikinci ölkədir. Türkiyə həm də NATO-nun və müəyyən mənada İsrailin İranın sərhədlərinə yaxınlaşmamasında bufer rolunu oynayır. Ankaranın müsəlman dünyasında nüfuzu Tehranın islam ölkələrindəki mövcudluğunu tamamilə kölgəyə salır. Lakin reallıq bu iki ölkəni əməkdaşlığa sövq edir.
 Ankara da NATO ilə münasibətlərində gərginlik yaşamaqdadır. ABŞ-ın Cənubi Qafqazla bağlı siyasəti bəzi hallarda Türkiyə və Azərbaycanın maraqlarına tam cavab vermir, odur ki, Ankara və Bakı bu siyasətdə öz oyunlarını oynamağa cəhd göstərə bilərlər. Qərb mətbuatında Yaxın Şərqdəki bir çox müsəlman ölkələrinin sərhədlərinin dəyişdirilməsi ilə bağlı Vaşinqtonun planları barədə yazıblar. "Böyük Orta Şərq" adlanan bu layihə Türkiyənin də maraqlarına zərbə vura bilər. Bu baxımdan, Ankara yeni müttəfiqlər axtarışındadır, aralıq müddətə Moskva və Tehranla əməkdaşlığa can atır. Lakin strateji planda Ankara Qərblə əməkdaşlıqda daha çox maraqlıdır və digər birliklər aralıq müddət üçün nəzərdə tutulub”.
Avropa ölkələrinin ABŞ-a qarşı çıxmasına diqqət çəkən Azər Rəşidoğlunun sözlərinə görə, Donald Tramp ABŞ prezidenti seçiləndən sonra qlobollaşma siyasəti ciddi problemlərlə üzləşdi:
"Avropada millətçilərin seçkidə uğuru əslində qlobollaşma və Amerika hegemonluğuna qarşı atılan addımlar idi. Bu baxımdan, Avropanın aparıcı ölkəsi olan Almaniya da özünü müttəfiqlər axtarırır. Ankara almanlar üçün yaxşı müttəfiq ola bilər və odur ki, Berlin Ankara ilə münasibətlərini normal məcrəya salmağa çalışır”.
Qeyd edək ki, ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna səbəb bu günlərdə ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi olub. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı bildirilir.
Aysel Aslan