Ərəb turistlər İsmayıllıda qəzaya uğrayıb: 2 ölü, 16 yaralı - ADLAR






Avqustun 29-da Qəbələdən Bakıya gələrkən İsmayıllı rayonu ərazisində mikroavtobusun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan ərəb turistlərdən 16 nəfər Şamaxı rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Lent.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Şamaxı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumata əsasən, müraciət edənlərdən 10 nəfər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, 6 nəfər isə xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həmin 6 yaralı - Əhməd Nasir, Rəvan Hüseyn, Abbas Yusif, Ömər Xalid, Rəvan Əsir və Fatimə Əsir avqustun 30-da günorta saatlarında xəstəxanadan köçürülüb.


13:34
Bakıdan Qəbələ istiqamətində hərəkət edən sərnişin avtobusu İsmayıllı rayonu ərazisində qəzaya uğrayıb.
Lent.az-ın azvision.az-a istinadən məlumatına görə, hadisə şahidləri xəbər verir ki, sərnişin avtobusu yük maşını ilə toqquşub.
İlkin məlumatlara görə, 2 nəfər hadisə yerində keçinib. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hələlik ölən və yaralıların dəqiq sayı bilinmir.