Azərbaycan dövlətinin ölkəyə gəlib-gedən insanları nəzarətdə saxlamaq haqqı var
Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycandan Bakı hava limanına gələn erməni əsilli Rusiya vətəndaşlarına qarşı ayrı-seçkiliyi dayandırmaqla bağlı tələbi ölkəmizdə sərt etirazla qarşılanıb. Təhlükəsizlik baxımından da Kremlin rəsmi Bakıya qarşı bu tələbinin arxasında gizli mətləblərin dayandığı bildirilir. Vətəndaşları olan erməniləri Azərbaycana bu yolla keçirməklə Rusiyanın ölkəmizi təhlükə hədəfinə çıxardığı qeyd olunur. Düzdür, rəsmi Bakının buna qarşı kifayət qədər sərt mövqeyi oldu. Amma bununla belə, ekspertlər Azərbaycan hökumətini bu istiqamətdə daha sərt davranmağa, ehtiyatlı olmağa çağırırlar.
Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov isə belə deyib:
"Azərbaycan dövlətinin suveren hüququdur ki, milli maraqlarına xələl gətirəcək şəxslərin ölkəyə daxil olmasına imkan verməsin. Sual yarana bilər ki, ölkəyə daxil olan şəxsin təhlükəli şəxs olub-olmadığı necə müəyyən olunacaq? Bunun da sadə bir cavabı var: Azərbaycan Ermənistanla faktiki müharibə şəraitindədir. Tərəflər arasında illər öncə atəşkəs imzalanmış olsa da, faktiki olaraq cəbhə bölgəsində döyüş gedir. Atəşkəsi sadəcə silah atmaqla da pozmurlar, hətta mülki şəxsləri belə qətlə yetirir, yaşayış məntəqələrinə ziyan vururlar. Mütəmadi olaraq erməni aqressiyasının qurbanı olan Azərbaycan dövlətinin ölkəyə gəlib-gedən insanları nəzarətdə saxlamaq haqqı var”.
Rusiyanın bu məsələni niyə bir neçə ay bundan əvvəl yox, məhz indi qabartmasına gəldikdə isə ekspert deyib ki, bu məsələ Rusiyanın siyasi dairələri tərəfindən işə salınan növbəti təsir rıçağıdır: "Rusiya hökuməti əzəldən bilir ki, Azərbaycanın ərazisinə daxil olan erməni əsilli şəxslərə qarşı mövqeyi bəlli və dəyişməzdir. Hərçənd ki, Rusiya hökumətinin xətti ilə Azərbaycanda keçirilən hökumətlərarası tədbirlərə erməni mənşəli rəsmi nümayəndələr gəlib və ölkə rəhbərliyi onların gəlişinə heç bir məhdudiyyət yaratmayıb, əksinə, şərait yaradıb.
Ancaq erməni əsilli Rusiya vətəndaşının bilet alıb Azərbaycana turistik səfər etməsi haqlı olaraq cəmiyyətdə narahatlıq doğurur. Axı bu məsələ hökumətlərarası tədbir çərçivəsində razılaşdırılmayıb ki, Azərbaycanın milli maraqlarına zidd hər hansı bir hadisə baş verəcəyi anda rəsmi Moskva məsuliyyəti öz üzərinə götürsün. Amma ortada razılaşdırılmış proqram yoxdursa, adi bir erməni əsilli Rusiya vətəndaşının Azərbaycana səfər etməsi, xüsusi ilə də indiki situasiyada təsadüfi olmaya bilər. Əgər turizmin inkişafında maraqlı olan Azərbaycan hökuməti belə bir məhdudiyyət qoyursa, artıq bu faktın özü göstərir ki, müvafiq dairələrin həmin şəxslərin kimliyi ilə bağlı müəyyən şübhələri var. Maraqlıdır, sovet dövründə Almaniya ilə müharibə şəraitində olan Rusiya rəhbərliyi hansısa bir alman vətəndaşının SSRİ-yə girişinə şərait yaradardı? Məncə, yox”.
Şəymən