Erməni hərbiçiləri kimyəvi silah və fosforlu bombalardan istifadə edib

İlham Əliyev BMT Baş katibi Pan Gi Munun iştirak etdiyi tədbirdə insanlığa qarşı cinayətlərdən danışıb
Dünən Türkiyədə Dünya Humanitar Sammiti öz işinə başlayıb. BMT-nin Baş katibi Pan Gi Munun təşəbbüsü və qurumun Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin təşkilatçılığı ilə keçirilən iki günlük sammitdə böhrana məruz qalan insanlarla ölkə liderləri ilk dəfə bir araya gəlib. Sammitdə dünyada yaşanan humanitar problemlərin həlli yolları müzakirə edilib. Nüfuzlu beynəlxalq tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər. Sammitin məqsədi beynəlxalq humanitar sistemi gücləndirməkdir.
"Ermənistan Azərbaycan əhalisinə qarşı kimyəvi silahdan istifadə edib”
Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxış edib. Dövlət başçısı bəyan edib ki, Azərbaycan tərəfi Sammitin nəticələrinin dünyada yaşayan insanların yaşayış standartlarının inkişafına təsir edəcəyinə inanır: "Azərbaycan vaxtilə qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Ermənistanın həyata keçirdiyi hərbi işğal və təcavüz nəticəsində 20 ildən artıqdır Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. 1 milyondan artıq əhalimiz qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, əhaliyə qarşı soyqırım törədib. Ermənistan silahlı bölmələrinin 1992-ci il 26 fevral tarixində törətdiyi Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınıb”. Azərbaycan Prezidenti bildirib ki, Ermənistan silahlı qüvvələri bu il aprelin əvvəlində yenidən Azərbaycanın dinc əhalisinə qarşı yeni hücumlar təşkil edib: "Ermənistanın aprel hücumu zamanı Azərbaycanın əsgər və zabitləri, o cümlədən 6 dinc sakini ölüb, 30-a yaxın sakin yaralanıb. Həmin vaxt Ermənistan silahlı birləşmələri Azərbaycan əhalisinə qarşı qadağan olunmuş kimyəvi silah olan fosforlu bombadan istifadə edib. Azərbaycan silahlı qüvvələri dinc əhalisini qorumaq məqsədi ilə Ermənistan birləşmələrinə layiqli cavab verib və bundan sonra hücumlar dayanıb. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu işğal altında saxlayır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirmir”.
"Beynəlxalq ictimaiyyət Ermənistanın nüvə təhdidinə reaksiya verməlidir”
Prezident İlham Əliyev deyib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri 20 ildən çoxdur kağız üzərində qalıb. Lakin digər məsələlərlə bağlı qətnamələr gün və ya saatlar içərisində yerinə yetirilir: "Belə hal Azərbaycana qarşı ikili standart siyasətidir. Ermənistan bu qətnamələri yerinə yetirməlidir. Hazırda regionda digər böyük təhlükə Ermənistanın "Metsamor” Atom Elektrik Stansiyasıdır. Ermənistanın bu stansiyanın radioaktiv tullantılarından qanunsuz istifadə etməsi ilə bağlı məlumatlar var. Ermənistanın parlament rəsmiləri, siyasətçiləri aprel ayında elan etdilər ki, ölkənin nüvə silahı - "çirkli bomba”sı var. Buna beynəlxalq ictimaiyyət tərəfindən reaksiya verilməlidir. Ermənistanın nüvə təhdidi dayandırılmalıdır”. Azərbaycan Prezidenti Ermənistan işğalı nəticəsində evlərindən didərgin düşmüş qaçqın və məcburi köçkünlərin həyat səviyyəsini yaxşılaşdırmaq üçün ciddi işlər görüldüyünü söyləyib: "Azərbaycan bu məqsədlə 6 milyard dollar sərf edib. Qaçqın və məcburi köçkünlərin arasında yoxsulluğun səviyyəsi 75 faizdən 12 faizə düşüb. Son 12 ildə ölkədə ümumi yoxsulluq səviyyəsi 5 faizə endirilib”. Dövlət başçısı Azərbaycanın oxşar problemlərlə üzləşən ölkələrə hər zaman yardım etdiyini vurğulayıb.
"Hamı bu daşın altına əlini qoymalıdır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, dünya birliyi silahlı münaqişələrin yaranmasının qarşısını almalıdır. Onun sözlərinə görə, mövcud münaqişələrin sona çatmasına təkan verilməli və yenilərinin başlamasının qarşısı alınmalıdır: "Beynəlxalq hüququn pozulmasının qarşısını almaq üçün daha çox səy göstərməliyik. İnsanlığa qarşı işlənən cinayətlərin qarşısının alınması üçün əlimizdən gələni edəcəyik. Yerlərindən məhrum olan qadın, uşaq, fiziki məhdudiyyətli insanlara daha çox yardım ediləcək. Yardımlardan asılılığı azaltmaq və hər millətin öz ayaqları üzərində dura bilməsi üçün daha çox səylərə ehtiyac var”. Ərdoğan əlavə edib ki, Türkiyə Suriya qaçqınlarına fəal kömək edən ölkələrdən biridir: "Türkiyə suriyalı qaçqınların saxlanılmasına 10 milyard dollar xərcləyib, ölkədəki suriyalı qaçqınların sayı 3 milyon nəfərdir. Dünya birliyi isə suriyalı qaçqınların saxlanılmasına 455 milyon dollar ayırıb. Bu sığınma prosesi davam etsə də, təhdidlə qarşı-qarşıya qalan kim olursa olsun, qapımızı insanlara, insanlığa bağlamayacağıq. Hazırkı beynəlxalq sistem insanlığın təcili problemləri qarşısında təəssüf ki, zəif qalıb. Bəzi ölkələr bu məsuliyyəti təkbaşına üzərinə götürüb. Artıq hər kəs çiynini bu yükün altına verməlidir. Humanitar yardım məsələsində sistemi yenidən nəzərdən keçirməyimiz lazımdır. Mövcud sistem bununla bağlı problemlərin həllində acizdir. Hamı bu daşın altına əlini qoymalıdır`.
"Yerindən-yurdundan didərgin düşmüş insanlara daha çox fond ayırmalıyıq”
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Mun Sammitə hazırlığı görəndə özünü itirdiyini deyib: "Sizlərin liderliyi, qərarlılığınız məni cəsarətləndirdi. Hamımız buradayıq, çünki bu, qlobal humanitar tədbirdir. İkinci Dünya müharibəsindən sonra dünyamız böyük təhlükələrlə üzbəüz qalıb. Bu, BMT-nin XXI əsrdəki toplantısıdır, 150 ölkədən 23 min insanla məşvərət edilərək bu sammitin gündəmi müəyyənləşdirilib”. Baş katib bildirib ki, qarşıdakı iki gündə dünyada insanların nəzərləri bu toplantıya yönələcək: "Onlar bizdən 5 sahədə qərarlılıq göstərməyimizi gözləyərək buraya baxırlar: - Münaqişələrin qarşısının alınması. Hazırda humanitar yardım fondlarının 80 faizi münaqişələrdən zərər çəkənlərə xərclənir. Mülki əhalinin qorunması çox önəmlidir. Biz bu günə qədər mülki əhalini lazımi şəkildə qoruya bilmədik, bu toplantı bizim üçün milad olmalıdır. Heç kimi başqasından geridə qoymamalıyıq, hər kəsə bərabər fürsət verməliyik. 2020-ci il inkişaf proqramımızın əsas maddəsi də budur. Yerindən-yurdundan didərgin düşmüş insanlara daha çox fond ayırmalıyıq. Humanizmə yatırım etməliyik, humanitar yardım fondlarındakı uçurumu qapatmalı və sərmayələrimizi humanizmə yönəltməliyik”. Çıxışının sonunda BMT Baş katibi qeyd edib ki, bu gün gənc nəsillər özlərini itirilmiş nəsil kimi hiss edirlər: "Bəzi insanlar üçün pul, şöhrət, hərbə-zorbalıq önəmli ola bilər, ancaq biz unutmamalıyıq ki, bəşəriyyətin müştərək gələcəyi hamımızındır. Ona görə, insanlara şərəflə yaşamaları üçün imkan yaratmalıyıq”.
"BMT-nin humanitar yardım fondu 1 milyard dollara yüksəlsin”
Almaniyanın federal kansleri Angela Merkel isə hazırda dinamik bir beynəlxalq humanitar yardım sisteminin olmadığını söyləyib. Humanitar yardım məsələsində yeni bir qlobal yanaşmaya ehtiyac olduğunu xatırladan A.Merkelin sözlərinə görə, söhbət təbii fəlakətlərdən, savaşlardan, terrordan ziyan görmüş insanlardan gedir: "Bunun üçün hamımız birgə çalışmalıyıq. Humanitar yardımların problemsiz və sistematik şəkildə çatdırılması üçün yeni yanaşmaya ehtiyacımız var. Almaniya da öhdəliklərə əməl edilməsini istəyir”. BMT-nin humanitar yardım fondunun vəsaitlərini 1 milyard dollara yüksəltməyi təklif etdiyini deyən Merkel ölkəsinin də humanitar yardımı artıracağını vurğulayıb: "Müəyyən dərəcədə yardım almağa haqqı olan insanlar artıq bunu minnət edilərək almamalıdırlar. Bu gün bir başlanğıc siqnalı veririk. Qlobal inteqrasiya sistemi yaratmalıyıq. Hər insanın yaşama haqqı var və biz onlara bu haqqı ən yaxşı şəkildə verməliyik”.
İsmayıl