Erməni ictimaiyyəti reallığı dərk edib

Sarkisyan hökumətinin yeritdiyi siyasət ucbatından Ermənistan günbəgün uçuruma daha çox yaxınlaşır
Bugünkü erməni cəmiyyətini Dağlıq Qarabağdan daha çox mədəsi düşündürür


Ermənistan ictimaiyyəti təslimçi sülhə meyillənir. Ölkənin qabarıq daxili problemləri Dağlıq Qarabağ münaqişəsinin müharibəsiz güzəştinə zəmin yaradıb . Erməni siyasətçiləri əhalinin döyüşməmək üçün Dağlıq Qarabağı Azərbaycana qaytarmağa razı olduğunu hesab edir. "Region” tədqiqatlar mərkəzinin direktoru Laura Baqdasaryan erməni cəmiyyətinin güzəştə hazır olduğunu deyib. Onun sözlərinə görə, Qarabağ məsələsi erməni cəmiyyəti üçün dördüncü, hətta beşinci yerdədir. Əsas diqqət daxili problemlərə yönəlib. Xüsusən də aprel döyüşlərindən sonra cəmiyyət ordudakı səhvlərdən danışmağa başlayıb. L.Baqdasaryan hesab edir ki, hazırda erməni cəmiyyəti müharibədə döyüşməmək üçün Qarabağı güzəştə getməyə razıdır.

Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, millət vəkili Elman Nəsirli isə Laura Baqdasaryanın fikirləri ilə razılaşsa da, erməni hüquq müdafiəçisinin yeni heç nə kəşf eləmədiyini deyib: "Bu reallıq çoxdandır ki, hər kəsə bəllidir. Beynəlxalq təşkilatlar da, region dövlətləri bunu çox gözəl bilirlər. Faktiki olaraq Sarkisyan hökumətinin yeritdiyi siyasət ucbatından Ermənistan günbəgün uçuruma daha çox yaxınlaşır. Bugünkü erməni cəmiyyətini Dağlıq Qarabağdan daha çox mədəsi düşündürür. Eyni zamanda gec də olsa, insanlar anlayıb ki, hakimiyyətdə olan Qarabağ klanı Dağlıq Qarabağ problemi adı altında öz hakimiyyətlərini qorumağa çalışırlar. Erməni hüquq müdafiəçisinin də qeyd etdiyi kimi, Ermənistan ictimaiyyəti üçün Qarabağ münaqişəsi 4-5-ci dərəcəli məsələdir. Halbuki vaxtilə bu münaqişə Ermənistan üçün prioritet idi. İnsanları indi daha çox uşaqlarının taleyi düşündürür. Köçüb getmək istəyən isə ata-anasını buraxa bilmir. Erməni analarını ən çox narahat edən aprel döyüşləri zamanı cəmisi 4 günün içərisində ordunun məruz qaldığı itkilər oldu. Ya müharibə baş verərsə, onda erməni əsgərlərini nə gözləyir? Erməni ictimaiyyəti onlara aidiyyəti olmayan torpaqlar uğuruna ölmək əvəzinə, yaşamaq istəyirlər. Sıravi vətəndaşlar qəbul edir ki, ölkənin iqtisadi tərpənişi münaqişənin həllindən keçir və Qarabağın işğalda saxlanması işsiz, ac-susuz, yoxsul xalqa heç nə qazandırmır”.

E.Nəsirli hesab edir ki, biz bu günlərdə münaqişənin həlli istiqamətində bir intensivliyin şahidi olsaq da, bu fasilə sıradan bir fasilə deyil, daha çox strateji xarakterlidir: "Payız aylarında Ermənistandakı sosial durum getdikcə dərinləşəcək və son nəticədə Sarkisyanın hakimiyyətdən göndərilməsi məsələsi erməni ictimaiyyətinin əsas tələblərindən birinə çevriləcək. Hökumət də məcburiyyət qarşısında münaqişənin həlli ilə bağlı beynəlxalq hüquqa istinad etməli olacaq. İctimaiyyətin etirazları fonunda Azərbaycanın işğal altında qalan torpaqlarını qaytarmaq bir növ Ermənistanın düşdüyü durumdan xilası olacaq. Hüquq müdafiəçiləri də bu yolla Sarkisyan hökumətinə hər keçən günün əleyhlərinə işlədiyini çatdırmaq istəyir. Erməni siyasətçilərinin özləri etiraf edirlər ki, hər gün 100 nəfər erməni ölkəni tərk edir. Bu isə il ərzində 100 mindən artıq insan edir. Hadisələr elə bir dalana dirənib ki, Ermənistan köhnə siyasətini davam edirsə, öz-özü üçün qəbir qazmış olacaq. Bunun proqnozunu vermək elə də çətin deyil”.

Şəymən