"Erməni lobbisi Fransanın siyasi elitasına təsir edən təşkilata çevrilib"






"Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Azərbaycanın tərkibindəki separatçı qurumun təmsilçilərinə Şengen vizası verməməli, dəvət göndərməməlidir”.

Bu barədə "Sherg.az”a analitik Arzu Nağıyev deyib. 

O diqqətə çatdırıb ki, Fransanın bu addımları bütün beynəlxalq prinsiplərə ziddir:

"Fransa Minsk qrupunun həmsədri olan ölkədir. Bu baxımdan, Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı Fransaya ünvanladığı notası diqqətə alınmalıdır.

Bu gün ən böyük, varlı erməni lobbisi məhz Fransadadır. Erməni lobbisi bu dövlətin siyasi elitasına təsir edən təşkilata çevrilib. Ona görə, ermənilərə Fransada bu cür şərait yaradılır. Fransada hətta bütün prezident seçkilərində erməni lobbisinin təsirləri aktual olub.

Qondarma Dağlıq Qarabağ rejiminin təmsilçilərinin Fransaya dəvət olunması müxtəlif əsaslarla pərdələnir. Guya ki, bu, Fransa dövlətinin deyil, ayrı-ayrı qrupların, regionların mövqeyidir. Təbii ki, bunlara inanmırıq. Fransanın Ermənistana bu qədər dəstək göstərməsi erməni lobbisinin təbliğatıdır. ATƏT-in Minsk qrupunun həmsədri olan bir dövlətin bu kimi addımları ilə bağlı ATƏT-in özündə də çıxışlar olmalıdır”.

Qeyd edək ki, Azərbaycan XİN Fransanın XİN və Daxili İşlər Nazirliyinin mərkəzi təlimatına və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın statusuna zidd olaraq, Fransanın regionlarının qondarma rejimlə qanunsuz əlaqələr yaratması və qondarma rejimin nümayəndələrinin Şenqen viza qaydalarının tələblərini pozaraq Fransa ərazisinə daxil olmaları və propaqanda ilə məşğul olmalarını ciddi narahatlıq doğuran məqamlardan biri kimi qiymətləndirib.

Aysel Aslan