Erməni malları ölkəmizə Gürcüstan vasitəsi ilə keçirilir

“Məhsulların üzərində etiket olanda qarşısını almaq olur. Amma etiket olmasa, bu, mümkünsüzdür”
Azərbaycanda Ermənistandan gətirilmiş məhsullar aşkarlanıb. Bu barədə Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin Təhqiqat şöbəsinin rəisi Fikrət Ələsgərov məlumat yayıb.
Onun sözlərinə görə, komitə sözügedən məhsulları - 31 şüşə konyak, 51 paçka siqaret və 23 banka kofeini məhv edib: "Bu mallar Tovuz və Balakən gömrük idarələrinin əməkdaşları tərəfindən aşkarlanıb. Aparılan ekspertiza nəticəsində müəyyən olunub ki, həmin mallar istifadəyə yararsızdır və onların məhv edilməsi qərara alınıb”.
Məsələni dəyərləndirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında qeyd edib ki, Gürcüstan Azərbaycanla Ermənistan arasında bufer zonadır: "Gürcüstanın Sadaxlı və başqa bazarlarında hər gün onlarla erməni, gürcü və azərbaycanlı görüşüb, mal mübadiləsi edirlər. Həmin malları ölkəmizə məhz Gürcüstan vasitəsilə keçirirlər. Məhsulların üzərində etiket olanda qarşısını almaq olur. Amma etiket olmasa, bu, mümkünsüzdür. Vaxtilə ölkəmizdə "Armeni” şərabı olub. Otağımda onun nümunəsi var. Bunlar getdikcə azaldı. Demək olar ki, yox dərəcəsində idi. Lakin indi gömrük orqanları belə bir hal aşkarlayıb. Ermənistana məxsus məhsulun ölkəmizdə satılmasının əleyhinəyəm”.
Sözügedən məhsulların vəd etdiyi təhlükələrdən söz açan müsahibimiz diqqətə çatdırıb ki, bu, ermənilərin məkrli siyasəti də ola bilər: "Konyakın içərisinə zəhər qatıb, göndərər. Bundan başqa, Azərbaycan vətəndaşının pulu niyə erməninin cibinə getməlidir? Ona görə, Azərbaycan dövlətinin gömrük orqanları Azərbaycan-Gürcüstan sərhəddində diqqətli olmalıdır. Çünki bu mallar oradan keçirilir. Gürcüstandan gələn tərəvəz məhsullarında diqqətli olmaq lazımdır. Belə malların ölkəmizə gətirilməsi mümkün görünür”.
Ayyət Əhməd