Niyaz Niftiyev: “Biz erməni saytlarına nə qədər inanırıqsa, onlar da bizim saytlara o qədər inanırlar”
Ermənicə xəbər yayımının üstünlükləri və problemləri...
Arzu Nağıyev: “Düşünmürəm ki, konkret erməni dilində məlumatların yayılmasına ciddi zərurət var”
Niyaz Niftiyev: “Biz erməni saytlarına nə qədər inanırıqsa, onlar da bizim saytlara o qədər inanırlar”
Niyaz Niftiyev: “Biz erməni saytlarına nə qədər inanırıqsa, onlar da bizim saytlara o qədər inanırlar”
Anar Niftəliyev: "APA kimi mötəbər agentliyin həm də ermənicə xəbərlər yaymasını təqdir edirəm”
Elşad Eyvazlı: "Əslində bu, çox ciddi məsələdir və cəbhədə vuruşan əsgərlərin taktikası qədər önəmlidir”
Yadigar Məmmədli: "Çalışmaq lazımdır ki, bu iş ardıcıl olsun və kampaniya xarakteri daşımasın”
Qlobal informasiya müharibəsinin gedişində xarici dilli mediamızın üzərinə böyük yük düşür. Nəzərə almalıyıq ki, məhz xarici dilli mediamızın sayəsində erməni diasporasına və dövlətimiz əleyhinə qara piar aparan təşkilat və qurumlara tutarlı cavab vermək mümkündür. Bütün bunlar nəzərə alınaraq ölkəmizdə ana dili ilə yanaşı, bir neçə xarici dildə yayımlanan media qurumlarının yaradılmasına xüsusi diqqət ayrılır. Əvvəlki illərlə müqayisədə hazırda xarici dillərdə fəaliyyət göstərən media orqanlarının sayında ciddi artım müşahidə olunmaqdadır. Artıq xeyli sayda xəbər agentlikləri mövcuddur ki, təkcə Azərbaycan dilində yox, eyni zamanda rus, ingilis, fransız, alman, ərəb, fars və s. dillərdə fəaliyyət göstərirlər. Məsələn, AZƏRTAC öz materiallarını 7 dildə, "Trend” informasiya agentliyi və "Azvision.az” portalı 6, "Report” isə 3 dildə yayımlayır.
Bu yaxınlarda xarici dillərin sırasına daha biri, uzun zaman müzakirə mövzusu olan erməni dili də əlavə olunub. Ölkənin nüfuzlu xəbər portallarından hesab olunan "APA” informasiya agentliyi erməni dilində "online” xəbər yayımı ilə məşğul olmağa başlayıb. APA Holdinqin rəhbəri Vüsalə Mahirqızının sözlərinə görə, agentliyin erməni dilində xidməti Azərbaycanda, Cənubi Qafqazda və dünyada baş verənləri, həmçinin Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətini və Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri ermənidilli oxuculara çatdırmaq məqsədi daşıyır: "Cəbhədə baş verən son hadisələr, məlumatların həm də erməni dilində yayımlanmasını daha zəruri etdi. İnformasiyaların təhlili onu göstərir ki, erməni mediası öz ictimaiyyətinə doğru xəbər çatdırmır. Xüsusilə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan reallıqları ilə bağlı xəbərlər tamamilə təhrif olunaraq çatdırılır. Elə son hadisələr zamanı real vəziyyət, Ermənistan Ordusunun itkiləri erməni xalqından gizlədildi. APA-nın erməni dili xidməti isə bu məlumatların erməni ictimaiyyətinə tam dolğun, heç bir manipulyasiyaya yol vermədən çatdırılmasına xidmət edəcək”. V.Mahirqızı əlavə edib ki, rəhbərlik etdiyi agentliyin erməni dili versiyasının yaradılması fikri əvvəlcədən var idi: "Bu ideya çoxdan olub. Hələ bir neçə il əvvəl biz APA-da belə bir xidmət yaratmaq istəyirdik. Lakin son vaxtlar Ermənistan mediasının öz ictimaiyyətindən xəbərləri gizlətməsinin intensivləşməsi bu qərarı verməyimizi sürətləndirdi”. Yeni layihənin uğur qazanacağına əminliyini ifadə edən holdinq rəhbəri bəyan edib ki, bunun üçün Türkiyədən bir neçə mütəxəssis cəlb edilib: "Azərbaycanda erməni dilini mükəmməl bilən bir neçə mütəxəssis var. Biz onlarla çalışırıq. Eyni zamanda qonşu Türkiyədən də bir neçə mütəxəssis cəlb etmişik. Bizimlə erməni dilində yaza bilən jurnalistlər, araşdırmaçılar və tərcüməçilər çalışacaq”. Vurğulanan məsələləri nəzərə alan əksər media nümayəndələri xəbər portallarında erməni dilinin olmasını məqbul sayırlar. Hətta bunun kütləvi hal almasını zəruri hesab edənlər də var. Amma ideyaya birmənalı yanaşmayanlar da az deyil. Xüsusi olaraq erməni dilinə ehtiyac olmadığını düşünənlər deyirlər ki, ermənilərin böyük əksəriyyəti informasiyaları rus dilində əldə edə bilirlər. Ona görə də bunun bir neçə saytda olması kifayətdir. Məsələni araşdırmaq üçün xəbər portallarının rəhbərlərinin və media ekspertlərinin fikirlərini öyrəndik. Gözlənildiyi kimi baş redaktorların erməni dilli mətbuatla bağlı fikirləri birmənalı olmadı.
"Trend” informasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev "Şərq”ə açıqlamasında bildirib ki, medianın əsas vəzifəsi məlumatları oxucuya çatdırmaqdır: "Bütün KİV-lər öz auditoriyalarını formalaşdırmaq üçün fəaliyyət göstərir. Fikrimcə, hazırda Dağlıq Qarabağ ərazisində yaşayan erməni icması üçün televiziyalarda və həmsərhəd rayonların radio dalğalarında proqramlar verilir. Biz "Trend” agentliyi olaraq 5 dildə - rus, türk, ingilis, fars və ərəb dillərində informasiya yayırıq. Amma konkret erməni dilində informasiya yaymağı düşünmürük. Çünki rus dilində gedən yazıların təhlilini apardıqda görürük ki, Ermənistan media orqanları həmin yazılardan istifadə edirlər. Yəni ermənilər məlumatları rus dilində də oxuya bilirlər. Ona görə düşünmürəm ki, konkret erməni dilində məlumatların yayılmasına ciddi zərurət var. Əgər kiminsə bunu həyata keçirmək üçün resursları varsa, reallaşdıra bilər”.
"Azadinform.az” saytının baş redaktoru Niyaz Niftiyev deyib ki, erməni dilli saytların və yaxud saytların erməni dilli bölmələrinin açılması ümumilikdə müsbət addımdır: "İstəsək də, istəməsək də, ermənilərlə qonşuyuq. Bu dildə saytların fəaliyyəti və Azərbaycan gerçəkliklərinin işıqlandırılması bizə yalnız xeyir verə bilər. Mən o fikirlə qətiyyən razı deyiləm ki, Azərbaycanda erməni dilli saytların açılmasından sonra ermənilər həmin saytları oxuyaraq düzgün informasiya əldə edəcək, nəticə çıxaracaqlar. Bu, kökündən yanlış yanaşmadır. Biz erməni saytlarına nə qədər inanırıqsa, onlar da bizim saytlara o qədər inanırlar. Amma bütün hallarda erməni ictimaiyyətinin xəbər menyusunda Azərbaycan xəbərlərinin təqdim olunması çox müsbət hadisədir. Həm rus, həm erməni dilində saytların, saytlarda xüsusi bölmələrin sayı nə qədər çox olsa, bizimlə bağlı qonşu ölkələr bir o qədər obyektiv informasiyaya malik olarlar”.
"Axar.az” saytının baş redaktoru Anar Niftəliyev isə buna ehtiyac olmadığını düşünür: "Məncə, ermənilərin internetdən istifadə etməyi bacaran əhalisi rus və ingilis dillərini bilir. "Dörd günlük” müharibə zamanı rus və ingilis versiyalarımızda tirajlanan xəbərlərə giriş və yazılan şərhlər də ermənilərin öz informasiya agentliklərinə inanmadığını, digər mənbələrdən səhih məlumat almaq istəklərinin necə böyük olduğunu ortaya qoydu. Hətta ermənilər arasında azərbaycanca, türkcə bilənlər də az deyil. Bunu da müşahidə etdik. Lakin bütün bunlara baxmayaraq, APA kimi mötəbər agentliyin həm də ermənicə xəbərlər yaymasını təqdir edirəm. Kütləvi hal almasına isə lüzum görmürəm”.
"Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov bütün hallarda bunun zəruri olduğunu vurğulayıb: "Ermənilər təkcə Ermənistanda yaşayanlardan ibarət deyil. Avropada, Amerikada da xeyli erməni var. Bundan başqa, Qarabağ ermənilərini də unutmamalıyıq. Biz Azərbaycanın reallıqlarını və ideoloji tezislərimizi mümkün qədər çox kanallarla onlara çatdırmalıyıq. Bu kanallardan ən güclüsü isə erməni dilli mediadır. Məncə, biz çox gecikmişik”.
"Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı deyib ki, hazırda Ermənistanda bir dənə də olsun rus məktəbi yoxdur: "Yeni nəsil rus dilini bilmir. Hətta onların əksəriyyəti rus dilini bilsələr belə, önəmli xəbərlərin birbaşa erməni dilində çatdırılması çox vacibdir. Əsas məsələ odur ki, biz erməni dilində nəyi və necə çatdırmalıyıq. Mən çox istərdim ki, bu xidmət mükəmməl şəkildə həyata keçirilsin. APA bu işə qol qoyanda rəhbərliyi xüsusi olaraq təbrik etdim və bildirdim ki, hər cür dəstəyi verməyə hazırıq. İnanıram ki, APA bu işin öhdəsindən gələcək. Amma sözün açığı, erməni dilli medianın kütləviləşməsini istəmirəm. Çünki kütləviləşən istənilən şey adiləşir və arzu olunan nəticəni vermir. Yaxşı koordinasiya olunması üçün az sayda qalması məsləhətdir. Bilirsiz, əslində bu, çox ciddi məsələdir və cəbhədə vuruşan əsgərlərin taktikası qədər önəmlidir. Erməni dilini şou-biznesə çevirmək lazım deyil”. E.Eyvazlı ermənilərin marağını cəlb etməyin mümkün olacağını söyləyib: "Əgər bu gün eşitsək ki, Ermənistanda Azərbaycan dilində sayt açılıb hamımız ona baxmağa can atarıq. Deməli, erməni dilli mediamız da düşmən üçün maraqlı olacaq. Amma yenə deyirəm, əsas məsələ xəbərləri doğru, ciddi və düşünülmüş formada çatdırmaqdır. Elə məsələlər seçilməlidir ki, ermənilər ona diqqət yetirsin. Bu, ideoloji məsələdir, beyin mərkəzləri ciddi çalışmalıdır. Bir kompüterlə işlədilən iki nəfərlik saytın bu işlə məşğul olması xeyrimizə yox, ziyanımıza olar”. Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də bildirib ki, APA-nın erməni dilində informasiya yayması bizdə necə reaksiya doğurubsa, Ermənistanda da eləcə marağa səbəb olacaq: "Bütün sahələrdə ilklər mübahisəli olur və müəyyən etirazlar doğurur. Türkiyədə və Azərbaycanda erməni dili ilə məşğul olan mərkəzlər var. Medianın da məhz erməni dilinə xüsusi diqqət yetirməsi, erməni auditoriyasını əldə etmək cəhdi çox təqdirəlayiqdir. Bu həm də medianın ixtisaslaşması deməkdir. Erməni dilində gedən materiallar birbaşa həmin ictimaiyyətə ünvanlandığı üçün informasiya seçimi ilə ciddi məşğul olmaq lazımdır. Amma bunun üçün xüsusi format axtarışına düşmək doğru deyil. Çünki internet əsrində oxucu istədiyi, maraqlandığı hər şeyi rahatca tapır. Sadəcə çalışmaq lazımdır ki, bu iş ardıcıl olsun və kampaniya xarakteri daşımasın”.
Diaspor Jurnalistlər Birliyinin sədri Fuad Hüseynzadə də düşünür ki, bütün hallarda saytlarda əcnəbi dillərin, o cümlədən erməni dilinin olması müsbət haldır: "Dil çoxluğu informasiya savaşında müxtəlif silahların istifadəsinə bənzəyir. Bir çox erməni saytları Azərbaycan saytlarından məlumatları götürüb dəyişdirib yayırlar. Beləcə, sadə erməni xalqını aldatmış olurlar. Lakin Azərbaycan saytlarında erməni bölməsinin olması, sadə ermənilərin aldadılmasının qarşısını almış olur. Bu da erməni yalanlarının ifşasına xidmət edir”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb