Vladimir Aryev düşmənin iç üzünü açıb
“Ölkə ictimaiyyəti erməniləri ifşa edən ukraynalı deputatı müdafiə etməlidir”
"Erməni deputatlar məni konyakla satın almaq istəyirdilər ki, Qarabağı Azərbaycanın ərazisi hesab etməyim”. Bunu Avropa Şurası Parlament Assambleyasının ukraynalı deputatı, 2015-ci ildə AŞ PA-nın vitse-prezidenti olmuş Vladimir Aryev deyib.
Deputat bildirib ki, iclas ərəfəsində erməni nümayəndə heyəti onu müxtəlif üsullarla ələ almağa çalışıb və dinləmələrin sakit axarını pozublar: "Erməni deputatlar Strasburqda əllərində konyak arxamca düşmüşdülər ki, mən Dağlıq Qarabağın Azərbaycana məxsus olması fikrindən imtina edim. Daha sonra isə Assambleyada hansısa üçmanatlıq kompromatla gəliblər ki, guya, "Aryevin nənəsi azərbaycanlıdır”. Aryev deputat həmkarlarına məsləhət görüb ki, "əgər gülməli iş görmək istəyirlərsə, Ermənistan parlamentindən müşavir çağırsınlar”.
Heç kimə sirr deyil ki, düşmən ölkənin silahlı birləşmələri cəbhə xəttində təxribat törətdiyi kimi, xaricdəki erməni diasporası da hər yola baş vuraraq Azərbaycan əleyhinə təbliğat aparırlar. Erməni lobbisi rüşvət, şantaj, təhdid və s. üsullarla beynəlxalq qurumlarda təmsil olunan siyasətçilərə, deputatlara, iş adamlarına təzyiq edərək onları öz sıralarına çəkməyə cəhd edirlər. Məsələ ilə bağlı "Şərq”ə danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev bunun erməni xislətindən doğan bir vərdiş olduğunu deyib: "Sizə bir hadisəni xatırladım. Hazırda Moskvada Silah Palatası adlı bir yer var. Orada Nadir şahın çox yüksək əyarlı qızıl və daş-qaşla bəzədilmiş kürsüsü, əsası və papağı saxlanılır. O vaxt onları əldə edən ermənilər 30 il gizli saxladıqdan sonra Rusiyaya bağışladılar və rus imperiyasının ermənilərin Qafqazda yerləşdirilməsinə icazə verməsini istədilər. Yəni ermənilər tarixən öz məqsədlərinə nail olmaq üçün nəyə desən əl atıblar. Düşmənin indiki nəsilləri də əcdadlarının yolu ilə gedir, istənilən növ şantaja üz tuturlar. Çox təəssüf ki, Azərbaycanın xaricdəki diasporası güclü və çevik fəaliyyət göstərə bilmir. Məncə, onlar tribunalarda ağıllarına gələni danışmaq əvəzinə daha ciddi işlərlə məşğul olsalar yaxşıdır”.
Professor bildirib ki, AŞ PA bir dəfə ermənilərin işğalı haqda bəyanat verib və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Amma bu mövqe ardıcıl və səmimi olmalıdır:
"Axı işğalçı Ermənistanın AŞ PA-da nə işi var?! Biz ağzımızı açan kimi tərəfli olmaqla suçlayırlar. Bəs "demokratik” Avropa dövlətləri niyə susur. Ermənilərin müasir dövrdə törətdiyi soyqırımlar, qətliamlar göz önündədir. AŞ PA sadəcə sözlə kifayətlənməməli, əməli hərəkətə keçməlidir ki, ermənilər bu cür şantajlarından əl çəksinlər. Nə qədər ki, qurumun işğalçı Ermənistanla bağlı konkret qərarı yoxdur, ermənilərin çirkin və həyasız oyunları davam edəcək. Lakin biz bundan çəkinməməli və öz siyasətimizi davam etdirməliyik”. C.Nuriyevin sözlərinə görə, ölkə ictimaiyyəti erməniləri ifşa edən ukraynalı deputatı müdafiə etməlidir: "O cür adamların Azərbaycanda təbliğatını aparmalıyıq. Hesab edirəm ki, bununla bağlı konkret konsepsiyamız olmalıdır. Hər halda Xarici İşlər Nazirliyi bu barədə fikirləşməlidir. Ən azından analitik bir qrup yaradılmalıdır. Həmin qrup dünyada gedən prosesləri izləməli, ölkəmizə qarşı təbliğat aparan qüvvələri müəyyən edərək onlara qarşı təbliğat materialları hazırlamalıdır. Nəzərə almalıyıq ki, düşmənimiz hiyləgər, ikiüzlü, satqın və çox şərəfsizdir”.
İsmayıl