Ermənistan Brüsseldə tərs şillə aldı
Paşinyan inqilabın lideri kimi Avropa İttifaqından və Aİ rəsmilərindən özünə və ölkəsinə qarşı böyük diqqət gözləyirdi
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev yüksək səviyyədə qarşılandı və nəzərdə tutulmuş bütün məsələlər uğurla həll olundu. Azərbaycanla ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlərdə Avropa İttifaqı rəsmiləri Azərbaycan Prezidentinə yüksək hörmət, etimad, böyük diqqət nümayiş etdirdilər. Azərbaycan əhəmiyyətli ölkə, söz sahibi kimi bir daha özünü təsdiq etdi. Ermənistanın baş naziri Nikol Paşinyan isə Brüssel səfərindən məyus və əliboş qayıtdı.
Paşinyan inqilabın lideri kimi Avropa İttifaqından və Aİ rəsmilərindən özünə və ölkəsinə qarşı böyük diqqət gözləyirdi. Amma Ermənistan mediasının iddia etdiyi kimi qırmızı xalçalar sərilmədi. Paşinyan təntənəli şəkildə, alqışlarla qarşılanmadı. Hətta Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyinetmə prinsipini daxil etmək cəhdi də iflasa uğradı. Paşinyan Brüsselə səfəri zamanı ciddi-cəhdlə Aİ-dən 70-80 milyon avro pul almaq istəyirdi. Bu, vəsait büdcəsi boş olan Ermənistanda yeni seçkilərin keçirilməsi üçün vacibdir. Paşinyan hələki nüfuzu qaldığı müddətdə seçkilər keçirib məsələni tez həll etmək istəyir. Avropa İttifaqı isə açıq şəkildə bəyan etdi ki, belə bir vəsait yoxdur. Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Brüsselə səfəri güclü, özünə güvənli, prinsipial, böyük hörmət sahibi olan Azərbaycanın fonunda cılız, heç kimə lazım olmayan, olduqca zəif Ermənistanın obrazını açıq nümayiş etdirdi. Bu reallıq Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına uyğun yürütdüyü məqsədyönlü və prinsipial siyasi kursun nəticəsidir.
Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, Brüssel sammiti Ermənistan üçün növbəti tərs şillə oldu. Deputatın sözlərinə görə, dünya birliyi bir qayda olaraq ciddi, nüfuzlu fəaliyyəti ilə dünyada stabilliyi möhkəmləndirən ölkələrə üstünlük verdi: "Təbii ki, Ermənistan barəsində bunu demək olmaz. Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsi dünya birliyində müəyyən bir ümid doğurmuşdu ki, o, Koçaryan və Sarkisyan kimi cinayətkar rejimlərdən fərqli humanist bir hakimiyyət qura biləcək. Amma hakimiyyətə gələndən sonra Dağlıq Qarabağ probleminin həlli üçün heç bir iş görməməsi, əksinə, sərsəm bəyanatlar səsləndirməsi küçədən gəlmiş baş nazirin qonşu dövlətlərlə münasibətlərin qurulması üçün addım atmaq niyyətində olmadığını ortaya qoydu. Paşinyanın dünyanı onu "qəhrəman” kimi qarşılayacağı ideyası baş tutmadı. Dünya birliyi ayaq üstdə durmağı bacaran, öz resursları hesabına iqtisadiyyatını gücləndirən və qonşu dövlətlərlə mehriban qonşuluq siyasəti yeridən dövlətlərə hörmətlə yanaşır. O səbəbdən Paşinyandan fərqli olaraq, Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə yüksək səviyyədə qarşılandı. Ölkə başçımızın ABŞ prezidenti ilə görüşü təşkil edildi, mühüm sənədlər imzalandı. Brüssel sammiti əslində tək Paşinyan üçün deyil, Ermənistan üçün növbəti bir tərs şillə oldu”.
Millət vəkili Azər Badamov da deyib ki, son vaxtlar Azərbaycanın Avropaya inteqrasiyası prosesi sürətlənib. Bu, onu deməyə əsas verir ki, Avropa İttifaqı Azərbaycanı tam dəstəkləyir və ölkəmizin ərazi bütövlüyünün təyin olunmasının tərəfdarıdır: "Bir neçə gün bundan öncə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri” sənədi bunu deməyə əsas verir. O sənəddəki müddəalar Azərbaycanın həm iqtisadi, siyasi, həm də ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının Avropa İttifaqı tərəfindən dəstəklənməsidir. Cənab Prezidentin Brüsselə səfəri çərçivəsində NATO-da Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində Ermənistanın işğalçı dövlət olması ilə əlaqədar çıxışı oldu. Həm NATO iştirakçılarının, həm də Avropa İttifaqının Azərbaycanı dəstəkləməsi bir daha onu göstərir ki, ölkəmiz dünya üçün əhəmiyyətli bir faktordur. Düşünürəm ki, belə dəstək bir daha bizə öz haqq səsimizin təmin olunması üçün həm stimuldur, həm də beynəlxalq dəstəkdir”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da bəyan edib ki, NATO digər beynəlxalq təşkilatlardan fərqli olaraq Dağlıq Qarabağ məsələsinə ən düzgün və obyektiv qiymət verir: "Bir sıra beynəlxalq qurumların sənədlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın suverenliyi şərti yer almır. Lakin NATO-nun bütün sənədlərində dövlətimizin ərazi bütövlüyü vurğulanır. Yəni hərbi alyansın mövqeyi bizim üçün daha münasibdir. O baxımdan çalışmalıyıq ki, NATO ilə əməkdaşlığı daha da sıxlaşdıraq və münaqişəni təşkilatın prinsipləri çərçivəsində həll edək. NATO hərbi təşkilatdır və bura üzv olan bütün dövlətlərin mühafizəsi həmin qurumun üzərindədir. Bu mənada NATO-nun imkanlarından istifadə edərək Dağlıq Qarabağ məsələsində özümüzə böyük bir koalisyon gücü ortaq etmiş olarıq. Bu çox vacib məqamdır. Hazırda Ermənistan əsas müttəfiqi kimi Rusiyanı ön plana çəkir. Biz də müttəfiqlərimizi gücləndirməliyik. Mən Azərbaycanla Türkiyə arasında konfederasiya ideyasını irəli sürmüşəm. Hesab edirəm ki, bu da çox vacib məsələdir və Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcək amildir. Çünki Türkiyə NATO-nun üzvüdür. Türkiyə vasitəsi ilə hərbi alyansa yaxınlaşmağımız bizim üçün böyük avantaj deməkdir”.
İsmayıl