“Ermənistan körpə qatilidir”

Konvensiyaları ayaqlar altına alan düşmən azğınlaşır
“Əgər vaxtında bir tədbir görülsə, təzyiq edilsə, ermənilərin vəhşiliyi bu həddə qədər gəlib çatmazdı”

Kim nə deyir desin, bütün müharibələrdə ən çox uşaqlar və qadınlar əzilir. Ən çox zərbəni də onlar alır, həm fiziki, həm də mənəvi olaraq.
Bu gün dünya əhalisinin böyük hissəsi müharibələr, aclıq, qıtlıq, yoxsulluq, zülm, işgəncə, haqsızlıq, istismar, qəddar münasibət kimi səbəblərə görə əziyyət, sıxıntı içində yaşayır. Artıq dünya ictimaiyyəti uşaqların ölməsinə, evlərin bombalanmasına, milyonlarla insanın evlərindən məhrum olmasına, bir növ alışıb, zorla alışdırılıb desək, yanılmarıq.

Elə bizim əbədi və əzəli ağrımız olan Qarabağ müharibəsinin də "böyüməyən uşaqları” az deyil. Uşaqlar bizim xoşbəxt gələcəyimizdir. Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Ancaq gəl gör ki, bəzən reallıqlarla arzular üst-üstə düşmür. Hardasa qayğısız bir körpə şəkli görəndə üzümüz gülür, kefimiz açılır. Lakin həyat həmişə onların üzünə gülüb, bizim üzümüzü güldürmür. Amansız müharibələr, mənfur düşmənlər buna imkan vermir. Körpələrin gülüşünü üzündə, bizim də həvəsimizi boğazımızda düyünləyib qursağımızda qoyur.

Dünyada uşaqların adi yaşam hüquqları, təhlükəsizliyi ilə bağlı çox ciddi problemlər var

Qeyd edək ki, uşaqların silahlı münaqişələr zamanı zərər çəkməməsi üçün bir sıra beynəlxalq normativ aktlar imzalanıb. 1949-cu ildə qəbul edilmiş Cenevrə hüququ döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərin, yəni mülki əhalinin, o cümlədən, uşaqların mühafizəsinə yönəlib. 1954-cü ildə uşaqların müdafiəsi üçün BMT-nin Uşaq Fondu -YUNİSEF yaradılıb. 1989-cu ildə BMT Uşaq Hüquqları Konvensiyasını qəbul edib. BMT Baş Assambleyasının 25 may 2000-ci il tarixli qətnaməsi ilə "Uşaq hüquqları haqqında” Konvensiyaya Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokol daxil edilib. Eyni zamanda, BMT Baş katibinin müavini statusunda, Uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi vəzifəsi təsis edilib. Bu və digər qurumların illik hesabatlarında münaqişə zonalarında yaşayan uşaqların haqlarının müdafiəsi, onlara müxtəlif yardımlar edilməsi istiqamətində yüzlərlə iş görülməsi barədə faktlar əks olunur. Bütün bunlara baxmayaraq, dünyada, xüsusən müsəlman ölkələrində uşaqların adi yaşam hüquqları, təhlükəsizliyi ilə bağlı çox ciddi problemlər var. Bu gün Fələstin, Yəmən, Suriya, İraq, Əfqanıstan və s. kimi ölkələrdə uşaqlar faktiki olaraq soyqırıma məruz qalır.

Qarabağ münaqişəsində 195 azərbaycanlı uşaq öldürülüb

Dünyada müharibələrdən zərər görən uşaqlar arasında Azərbaycan uşaqları da xüsusi yer tutur. 1988-1994-cü illərdə erməni terror qrupları və silahlı birləşmələri minlərlə Azərbaycan cocuğunun vəhşicəsinə qətlə yetirilməsinə, yaralanmasına, itkin və əsir düşməsinə, eləcə də bir və ya hər iki valideynini itirməsinə səbəb olub. Bu barədə yüzlərlə fakt var. Beynəlxalq güclər və erməni lobbisi tərəfindən qondarılmış bu münaqişə nəticəsində daha çox itki və əzab-əziyyətə, psixoloji zərbələrə məruz qalan qaçqın və məcburi köçkün övladları olsa da, digər şəhər və bölgələrdə də ata, yaxud anaları şəhid, yaxud əlil olmuş on minlərlə uşaq var ki, onlar da Qarabağ savaşının qurbanları hesab edilirlər.
1988-1989-cu illərdə Qərbi Azərbaycanda -”Ermənistan”da yaşayan 250 mindən çox azərbaycanlının qovulması, yəni etnik təmizləmə əməliyyatları nəticəsində qətlə yetirilən 216 azərbaycanlının 23-ü uşaq olub. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı nəticəsində öldürülənlərdən 63-ü uşaqdır. Həmin faciə zamanı 25 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirib. Ümumilikdə Qarabağ münaqişəsində 195 azərbaycanlı uşaq öldürülüb. 1988-1994-cü illərdə itkin düşmüş 4566 azərbaycanlıdan 53-ü uşaq olub. 1 yanvar 2014-cü il tarixə olan məlumata görə, əsir və girov götürülməsi məlum olan 877 nəfərdən 22 uşaq bugünədək Ermənistanda əsirlikdədir.

Atəşkəs dövründə də ermənilər uşaq qətllərini davam etdiriblər

1994-cü ildə uşaq oyuncağına partlayıcı maddə quraşdıraraq Tovuz rayonu ərazisindən axan çaya buraxan ermənilər rayonun Ermənistanla həmsərhəd Əlibəyli kəndində iki uşağın ölümünə və birinin yaralanmasına bais olublar. 2011-ci ilin martın 8-də Ağdamın cəbhə xəttində yerləşən Orta Qışlaq kəndində öz həyətində dostları ilə oynayan atasız böyümüş, ailənin tək övladı olan 9 yaşlı Fariz Bədəlov erməni snayperinin gülləsinə tuş gələrək həlak olub. 2011-ci ilin iyulunda yenə də Tovuz rayonunun Əlibəyli kəndində çaydan tapdığı oyuncağın içindəki partlayıcı qurğunun işə düşməsi nəticəsində 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızı həyatını itirib. Və nəhayət, qaniçən erməni əsgərlərinin "bu sonuncudur” deyə bilmədiyimiz növbəti qurbanı 2 yaşlı Zəhra Quliyeva oldu. O, iyulun 4-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutan zaman aldığı qəlpə yarasından həlak olub.

...heç bir halda müharibələrdə mülki əhaliyə, o cümlədən yaralı və əsir düşmüş hərbçilərə zor tətbiq etmək olmaz

Müharibədə davranış qaydaları ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Cenevrə Konvensiyası mövcud olduğunu deyən hərbi ekspert Azad İsazadə isə "Şərq”ə açıqlamasında vaxtı ilə Azərbaycanın da, Ermənistanın bu Konvensiyanı imzaladığını deyib. Onun sözlərinə görə, müddəada birmənalı olaraq əsir düşən mülki və hərbi adamlar, yaralılarla davranış qaydaları əks olunub. Meyitlərin qeyd-şərtsiz qaytarılmalı olduğu qeyd olunub. I Dünya müharibəsindən bu günə qədər fəaliyyətdə olan məlum konvensiyaya görə, heç bir halda müharibələrdə mülki əhaliyə, o cümlədən yaralı və əsir düşmüş hərbçilərə zor tətbiq etmək olmaz:

Mülki əhali və mülki obyektlər müharibədə zərər çəkməməlidir. BQXK-nin bu sənədini demək olar ki, bütün ölkələr imzalayıb. Amma çox vaxt bu qaydalara riayət olunmur: "Azərbaycan bu konvensiyanın tələblərinə əməl edir. Hətta məndə olan məlumata görə, Qırmızı Xaç Təşkilatı cəbhə bölgəsinə yaxın kənd məktəblərini düşmən təxribatından qorumaq üçün divarlar hördürürlər ki, təsadüfi ölümlər olmasın. Amma baş verən sonuncu hadisə təsadüfi ölüm deyil. Ermənilər bilərəkdən mülki əhalinin yaşadığı əraziləri atəşə tutub. Belə hallarda isə düşmən gülləsindən qorunmaq həddindən artıq çətindir. Peşəkar hərbiçilər özlərini müdafiə ilə bağlı xüsusi təlim keçir, amma buna rəğmən bəzən əsgərlər belə düşmənin xain gülləsindən sığortalana bilmir, şəhid olur. Bu nöqteyi-nəzərdən mülki əhalini düşmən təxribatından qorumaq çox çətindir”.

Mülki əhalinin qətlə yetirilməsi Ermənistan hakimiyyətinin terrorçu mahiyyətini bir daha ortaya qoyur

Mülki əhalinin qətlə yetirilməsini beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirən hərbi ekspert qeyd edib ki, müharibə qaydalarına görə, döyüşən tərəflər mülki əhaliyə atəş açmamalı və öz hədəflərini maksimum dərəcədə uşaqlardan, qadınlardan, qocalardan uzaq tutmalıdır. Ermənilər isə davamlı olaraq yaşayış məntəqələrini atəşə tutaraq mülki əhaliyə maddi və mənəvi ziyan vurmaqdan sanki zövq alır. Çox təəssüflər olsun ki, bəzən də onların atdığı güllə, raket bizə insan itkisi hesabına başa gəlir.

2 yaşlı körpə qızın qətlə yetirilməsi vəhşilik və birmənalı olaraq hərbi cinayət hesab olunur. Mülki əhalinin qətlə yetirilməsi Ermənistan hakimiyyətinin terrorçu mahiyyətini bir daha ortaya qoyur. Əsgərlərdən fərqli olaraq onların özlərini qorumaq təcrübələri və avadanlıqları olmadığı üçün qurban hesab edilirlər. Axı 2 yaşlı uşaq və nənə özünü düşmən təxribatından necə qoruya bilər ki?
Zəhranın ölümünün erməni vəhşiliyinin ilk nümunəsi olmadığını vurğulayan A.İsazadə 90-cı illərin əvvəllərindən başlayaraq, Ermənistanın siyasi-kriminal hakimiyyəti müharibə qanunlarını kobud şəkildə pozaraq, mülki insanları və yaşayış məntəqələrini hədəf aldığını bildirib.

Beynəlxalq ictimaiyyət, insan haqları təşkilatlarının ermənilərin bu vəhşiliyinə hansı səbəbdən göz yummasının isə bəlli bir açıqlaması yoxdur: "Əgər vaxtında bir tədbir görülsə, təzyiq edilsə, ermənilərin vəhşiliyi bu həddə qədər gəlib çatmazdı. Ən azından bundan sonra biz öz təbliğatımızı düzgün qurmalı, mülki əhalinin erməni əsgərləri tərəfindən atəşə tutulmasını beynəlxalq ictimaiyyətin diqqətinə o səviyyədə çatdırmalıyıq ki, bir daha bu cür faciələr yaşamayaq. Bu günə qədər beynəlxalq təşkilatlar Azərbaycan və Ermənistana qarşı neytral mövqe sərgiləyib. Ancaq bu hadisədə balanslı mövqe işləmir. Birmənalı olaraq cinayətkar məsuliyyətə cəlb olunmalıdır. Bu fakt hərbi cinayətdir və məsuliyyət sahibi şəxslər öz cəzasını almalıdır.

Şəymən