Səfirliyin qarşısında keçirilən aksiyanı Paşinyan özü hazırlayıb
Rusiyanın İrəvandakı səfirliyinin qarşısında aksiya keçirmiş Qərbə inteqrasiyanın tərəfdarları bildiriblər ki, məxməri inqilabdan sonra Ermənistan Rusiya barəsində fərqli siyasət aparmalı və iki ölkə arasında münasibətlərin xarakterini dəyişməlidir.
Azsaylı aksiya iştirakçılarının fikrincə, ölkənin hazırkı rəhbərliyi Rusiya barəsində əvvəlki hökumətlərin siyasətini davam etdirirlər. Qərb tərəfdarları Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisindən çıxarılmasını tələb ediblər.
Aksiyaya toplaşanlar öz tələblərini 2015-ci ildə rusiyalı hərbçi Valeri Permyakov tərəfindən Gümrüdə Avetisyan ailəsinin qətli, həmçinin bu yaxınlarda qadının öldürülməsi ilə izah edirlər. Onların fikrincə, 102-ci hərbi baza "yalnız Ermənistan vətəndaşları üçün deyil, həm də erməni dövləti üçün təhlükədir”.
Etiraz aksiyası Ermənistan Avropa Partiyasının təşəbbüsü ilə keçirilib. Aksiya iştirakçıları Rusiya səfirinə petisiya təqdim edəcəklər.
Sözsüz ki, Nikol Paşinyan sözügedən aksiyaların keçirilməsində maraqlıdır. Nəzərə alsaq ki, Rusiya yeni hökuməti o qədər də ciddi qəbul etmir. Bəs, bu durum hər iki ölkə arasında vəziyyəti gərginləşdirə bilərmi?
Politoloq Arzu Nağıyev "Şərq”ə açıqlamasında bildirib ki, Ermənistanda keçirilən aksiya əvvəlcədən planlaşdırılıb. Politoloqun sözlərinə görə, hətta aksiyanın Paşinyan tərəfindən hazırlandığını da söyləmək mümkündür:
"Ümumiyyətlə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı yaranan problemdən sonra məhz Ermənistan belə aksiyalara daha çox yer verir. Nə qədər ki, Türkiyə ilə Ermənistan sərhəddi NATO-Rusiya sərhəddidir, heç bir qoşun çıxarılmayacaq.
Bu, birmənalı şəkildə belədir. Sadəcə olaraq Ermənistan həm qərbə, həm Rusiyaya bir növ mesaj göndərir. Qərb isə bu olanları ciddi qəbul etmir. Ermənistan Rusiyaya mesaj göndərərək demək istəyir ki, "əgər mən sizin tərkibinizdəyəmsə, hərbi qurumun üzvüyəmsə, məni öz qanadlarınız altına alın”. Əsas problemlər bundan ibarətdir. Məlum məsələdir ki, Dağlıq Qarabağ münaqişəsi də bu işdə ağır məsələdir və bundan Paşinyan hakimiyyəti və digərləri tam şəkildə istifadə edir”.
Yeganə Bayramova