Ermənistan Rusiyanın inhisarında çökür

Sarkisyan öz siyasi hakimiyyətini qorumaq üçün ölkəsinin müstəqilliyini Kremlə güzəştə gedib



Ermənistanda "Yelk” fraksiyasının təmsilçisi, keçmiş baş nazir Aram Sarkisyan deyib ki, indiki prezident Serj Sarkisyan Rusiyanın xoşuna gəlmək və hakimiyyətini qoruyub saxlamaq üçün hər vasitəyə əl atır. O bildirib ki, erməni rəsmilər tamamilə Rusiyanın maraqlarına xidmət edirlər:

"Səsvermələrdə Moskvanın əmrini gözləyirlər. Energetika sahəmiz tamamilə Rusiyaya məxsusdur. Baş nazirdən soruşmaq lazımdır ki, dövlətin əlində elə bir şey qalıbmı ki, onu Rusiyaya verməmişik?”. Fraksiya təmsilçisi deyib ki, hakim partiya Ermənistanın təkbaşına özünü düşməndən müdafiə edə bilmədiyini deməklə ölkənin müstəqilliyi və suverenliyini şübhə altına alır. Müxalif siyasətçi vəziyyətin çox gərgin olduğunu söyləyib: "Xaricilər Ermənistana sərmayə qoymur. Pulu olan ermənilər ABŞ və Ermənistana köçür, biznesini ora daşıyırlar. İmkanı olmayanlar isə Rusiyaya üz tuturlar. Buna görə də Rusiyanın başımıza çıxmasına imkan veririk”. 

Düşmən ölkədəki gərgin vəziyyətlə bağlı "Şərq”ə açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində bu ölkə iqtisadi defolta sürüklənib. Onun sözlərinə görə, düşmən ölkənin bütün iqtisadi sferasının Rusiyanın inhisarında olması Ermənistanı daha bərbad vəziyyətə salıb: 

"Sarkisyan öz siyasi hakimiyyətini qorumaq üçün işğalı davam etdirmək naminə Ermənistanın müstəqilliyini Rusiyaya güzəştə gedib. Artıq, Ermənistanın müstəqil siyasəti yoxdur. Bu ölkənin NATO təlimlərindən son anda imtina etməsi də bunun bariz sübutudur. Ermənistanın Avrasiya İttifaqında təmsil olunması gözlənilən iqtisadi inkişaf nəticəsini vermədi. Əksinə, bu addım İrəvanı Moskvadan daha da asılı etdi. Ermənistan parlamentində "Yelk” fraksiyasının rəhbəri Aram Sarkisyanın qeydləri Ermənistanın indiki real vəziyyətini göstərir. Həqiqətən, bu ölkə işğalçılıq siyasətinin girovuna çevrilib və Cənubi Qafqazda Rusiyanın marioneti funksiyasını həyata keçirir. Sabiq baş nazir Aram Sarkisyan ölkənin bütün siyasi-iqtisadi sferalarından xəbərdardır. Hansı oyunların getdiyini bilir”. 

Ekspertin sözlərinə görə, parlamentdə Avrasiya İttifaqından çıxmaq barədə qanun layihəsinin hazırlanması Qərbin planının bir hissəsidir: 

"Qərb, xüsusilə ABŞ Ermənistanda səfirlik çərçivəsində xeyli diplomatik heyət saxlayır. Görünür, təlimatlar Qərbdən gəlir. Rusiyaya qarşı əhalidə siyasi etiraz formalaşır. Buna baxmayaraq, "Yelk” fraksiyasının dəstək alması qeyri-mümkündür. Rusiya istənilən situasiyada Ermənistanda siyasi hakimiyyətə əl qoymağa qadirdir. Ermənistanda bəzi partiyalar Qərb yönümlüdür. Bunlar Rusiyanın boyunduruğundan azad olmaq istəyirlər. Amma onlar təsiredici gücə malik olmadığından xalqın dəstəyini ala bilmir. Hesab edirəm ki, Ermənistanda bu siyasət uzun müddət davam etməyəcək. Bütün siyasi qüvvələr işğalçı siyasətin bu ölkənin müstəqilliyinin itirilməsinin acı nəticələrini görməkdədir”.

İsmayıl