Ermənistan tərəfi görüşdən qaça bilməyəcək

Çünki bu dəfə ortada dünya güclərinin iradəsi var
Elmar Məmmədyarov həmsədrlərlə görüş zamanı öz prinsipial mövqeyini ortaya qoymalıdır


Xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk Qrupu həmsədrləri arasında görüşün vaxtı məlum olub. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin məlumatına görə, görüş mayın 31-də Brüsseldə baş tutacaq. Uorlik həmçinin həmsədrlərin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla iyunun 2-də Parisdə görüşəcəklərini deyib.

Azərbaycan və Ermənistan XİN başçılarının həmsədrlərlə görüşünü şərh edən Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin sözlərinə görə, həmsədrlərlə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilk növbədə prezidentlərin növbəti görüşü üçün yerin və zamanın müəyyənləşdirilməsi xarakteri daşıyır: "Eyni zamanda, həmsədrlərlə nazirlər ölkə başçılarının görüşü zamanı müzakirə oluna biləcək predmeti müəyyən etməyə çalışacaqlar: "Ortada artıq "Madrid prinsipləri” deyə bir şey qalmayıb. "Kazan düsturu” və ya "Lavrov planı” kimi təqdim edilən plan isə birmənalı olaraq münaqişə tərəfləri tərəfindən qəbul olunmamış bir sənəddir. Hesab edirəm ki, danışıqlar mərhələsi yenidən başlayırsa, yeni bir fəlsəfə ortaya atılmalı və xüsusən də Azərbaycan sərt şəkildə öz prinsipial mövqeyini ortaya qoymalıdır. Bu günə qədər Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağı mübahisəli ərazi kimi təqdim ediblər. Rəsmi elan olunmasa da, onların problemə yanaşma tərzi bunu göstərir. "Madrid prinsipi” kimi sənədlərdə xalqların öz müqəddəratını təyin etməsi və gələcəkdə bunun referendum vasitəsilə müəyyən olunması kimi qeydlər də məhz bu yanaşmanın nəticəsidir. Dağlıq Qarabağ mübahisəli ərazi deyil axı? Qarabağ Azərbaycanın işğal olunmuş ərazisidir. Bütün dünya dövlətləri, eyni zamanda BMT Azərbaycanı Dağlıq Qarabağla birlikdə tanıyıblar. Dağlıq Qarabağ və onun işğal olunmuş ətraf rayonları Azərbaycanın tərkib hissəsi olaraq tanınıb. Əgər bu ərazilər Azərbaycanın tərkib hissəsidirsə və bu gün Azərbaycanın nəzarəti altında deyilsə, demək ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdir. Ermənistanın sabiq prezidenti Robert Koçəryanın dövründə münaqişə tərəflərinin yalnız Azərbaycan və Ermənistandan ibarət olması ilə bağlı iki ölkə arasında razılıq əldə olunub. Minsk Qrupu həmsədrləri də bunu qəbul edib. Hesab edirəm ki, indiki müstəvidə münaqişəyə yanaşma tərzini dəyişərək məsələni bu yöndə qaldırmaq lazımdır. Əks halda, heç bir sənəd Azərbaycanın milli maraqlarına uyğun olmayacaq və o vaxta qədər də Dağlıq Qarabağ mübahisəli ərazi kimi tanınacaq. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlara yenidən başlamaq üçün Ermənistan Prezidenti 3, qondarma qurumun rəhbərliyi isə 2 şərt irəli sürüb. Zənnimcə, Azərbaycanın XİN başçısı həmsədrlə görüş zamanı öz prinsipial mövqeyini ortaya qoymalı və çox ciddi şəkildə təkid etməlidir.

Dağlıq Qarabağın dövlət statusu olmadığını vurğulayan politoloq deyib ki, orada yaşayan ermənilərin də ayrıca xalq kimi təqdim olunması qanunsuzdur: "Ermənilər orada etnik azlıq olaraq məskunlaşdıqları üçün ərazinin müqəddəratını təyin edə bilməzlər. Beynəlxalq hüquqda da bu məsələ öz əksini tapıb”.

Ermənilərin prezidentlərin iyun görüşündən qaçmaq planlarının baş tutmayacağını vurğulayan N.Miri hesab edir ki, ortada dünya güclərinin siyasi iradəsi var: "Azərbaycan atəşkəs razılığının bütün tələblərinə riayət edir. Ona görə də, indiki reallıqda ermənilərin əlində danışıqlar prosesini pozmaq üçün heç bir hərbi bəhanələri yoxdur. Azərbaycanın işğal altında olan torpaqlarında hərbi təxribatlar törədiləcəyi halda isə Ermənistan bilavasitə cavab verməlidir. Hansı ki biz artıq siyasi təxribatların şahidi olmaqdayıq. Ermənistanın XİN başçısı Eduard Nalbandyan Ermənistan Parlamentində görüşlərin ruhuna zidd olacaq və erməni parlamentariləri ilə erməni ictimaiyyətini aldadacaq açıqlamalar verib. Amma istənilən halda həmsədrlərlə XİN başçıları səviyyəsində görüşlər baş tutacaq və ermənilərin iyun görüşündən də qaçış olmayacaq. Bu görüşlər çərçivəsində münaqişənin həlli istiqamətində hər hansı irəliləyişin əldə olunub-olunmayacağı isə həmsədrlərin siyasi iradəsindən asılıdır”.

Şəymən