“Ermənistan təxribatlarına davam edəcək”

Asim Mollazadə: “Çünki Sarkisyan yürütdüyü qanlı siyasətdə dəyişiklik etməyi düşünmür”
Təklif edirik ki, beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti problemin dinc yolla həlli üçün zəruri addımlar atsınlar


4 iyulda Füzulinin Alxanlı kəndində baş verən qanlı hadisədə 2 yaşlı Zəhranın və onun nənəsinin faciəli şəkildə qətlə yetirilməsi böyük rezonansa səbəb oldu. Müxtəlif xarici ölkələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, ayrı-ayrı siyasətçilər dəhşətli olaya kəskin reaksiya verdilər və erməni quldurlarının cinayətkar əməlini pislədilər.

Hətta hər fürsətdə Ermənistanı himayə edən cənub qonşumuz İran belə hadisəni qəbuledilməz adlandırdı. Lakin proseslərə yaxından bələd olan, münaqişənin həllində vasitəçilik missiyasını icra edən Rusiyanın uşaq ölümünə çox bəsit və soyuq tərzdə yanaşması, ümumi bəyanat verməsi ölkə ictimaiyyətinin hiddətinə səbəb oldu. Ciddi tənqidlərə baxmayaraq, Moskva hökuməti bir dəfə də olsun işğalçı dövlətin ünvanına heç bir irad səsləndirmədi.

Üstəlik, ötən gün Rusiya sərhədçiləri Ermənistanla birgə Dağlıq Qarabağ ərazisində hərbi təlim keçirdilər. Halbuki, Rusiya tərəfi Minsk Qrupunun həmsədri olaraq çox gözəl bilir ki, Ermənistanın Azərbaycana qarşı törədilmiş işğal və təcavüzü nəticəsində 20 faiz ərazimiz zəbt edilib, milyona yaxın soydaşımız qaçqın düşüb. Çünki Rusiya özü həmin proseslərin içində yer alıb. 

Baş verən proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, bütün bunlar Kremlin açıq şəkildə öz vassalı Ermənistanı müdafiə etdiyini göstərir...

- Belə həssas məqamda Rusiyanın işğalçı Ermənistanla birlikdə, özü də işğal olunmuş Dağlıq Qarabağda hərbi təlim keçirməsinin səbəbi nədir?

- Ermənistan müstəqil dövlət deyil. Düşmən ölkə Rusiyanın hərbi bazası sayılır. Ermənistanın silahlı qüvvələri rəsmən öz havadarları olan Rusiyanın hərbi birləşmələri hesab olunur. Azərbaycanın işğal olunmuş ərazisində Rusiya sərhəd qoşunlarının hərbi təlim keçirməsi çox qəribə və həyasız bir addımdır. Əslində bu təlimlər bilavasitə Ermənistanın suveren dövlət olmadığını, söz sahibi sayılmadığını, ən əsası isə sahibinin Moskva olduğunu göstərir. Kreml təcavüzkar ölkəni dəstəklədiyini gizlətmir. Bu baxımdan münaqişənin həlli prosesində vasitəçi rolunu oynayan Rusiyanın uşaq qatili Ermənistanı müdafiə etməsi heç kimdə şübhə doğurmur. İndiyədək həyatını itirən mülki vətəndaşların ölümü ilə bağlı hər hansı fikir səsləndirməyən, "yumşaq” formada olsa belə Ermənistana irad bildirməyən Moskvanın Azərbaycana qərəzli mövqe sərgilədiyi aydın şəkildə ortadadır.

- Belə şəraitdə xarici işlər nazirlərinin Brüsseldə baş tutan görüşünü necə dəyərləndirirsiz?

- Nəticəsiz görüşlərə daha biri əlavə olundu. İndiki məqamda Ermənistan belə görüşlərə razılıq verməklə danışıqlar prosesini imitasiya edir. Məlumdur ki, son dövrlər düşmən tərəf bütün təmaslardan boyun qaçırırdı. Görünür, son hadisədən sonra, xüsusən, beynəlxalq ictimaiyyətin təzyiqi ilə yenidən danışıqlar masasına qayıdıb, daha doğrusu, belə bir görüntü yaradıb. Lakin bəllidir ki, Ermənistan işğal etdiyi ərazilərin azad edilməsi ilə bağlı hansısa qərar verməyib, heç bir zəruri addım atmayıb. Çox təəssüflənirəm ki, beynəlxalq təşkilatlar öz qərarlarına hörmət qoymurlar. Əgər qoysaydılar, onda BMT-nin Təhülkəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüquq normalarını üstün tutaraq Ermənistanı sülhə məcbur edərdilər. Ancaq bu istiqamətdə heç bir addım atılmır. Bu cür mövqe isə danışıqlarda müsbət nəticənin əldə olunmasına mane olur.

- Alxanlı kəndindəki hadisədən sonra müharibə ritorikası güclənib. Hesab edilir ki, düşmənin təxribatlarına son qoymaq üçün savaşa başlamaq şərtdir. Bu barədə nə düşünürsüz?

- Azərbaycan əraziləri birdəfəlik düşmən təcavüzündən azad edilənədək, Ermənistan öz təxribatlarına davam edəcək. Çünki Sarkisyan yürütdüyü qanlı siyasətdə dəyişiklik etməyi düşünmür. Məsələ ondadır ki, Dağlıq Qarabağ münaqişəsi bölgədə stabilliyi pozmaq üçün ən böyük təhlükə sayılır. Ona görə də təklif edirik ki, beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti problemin dinc yolla həlli üçün zəruri addımlar atsınlar. Əks halda bölgədə vəziyyət çox gərgin olacaq. Gərginliyi aradan qaldırmaq üçün Ermənistanla bağlı müvafiq qərarlar dərhal qəbul edilməli, düşmən sülhə məcbur olunmalıdır.

İsmayıl