Ermənistanda siyasi böhran dərinləşir – “Klanlar arasındakı savaş kəskindir”




"Ermənistanın siyasi səhnəsində yerlipərəstlik meylləri daha da güclənir. Klanlar arasında mübarizə kəskinləşir. Siyasi mövqeyinə görə insanlar həbsə atılır. Bütün bunlar iqtisadi durumun daha da ağırlaşması, daxili və xarici siyasətdə siyasi böhranın artması ilə müşayiət olunur”.

Bu sözləri Ermənistandakı daxili vəziyyəti "Sherg.az”-a şərh edərkən, analitik-icmalçı Ehtiram Aşırlı deyib. Politoloq bildirib ki, bu cür gedişat Ermənistanın siyasi mühitini dərin böhrana sürükləyir:

"Nikol Paşinyanın hakimiyyətə gəlməsinin Ermənistanda siyasi böhranın daha da dərinləşdirdiyini görürük. Öncələri "məxməri inqilabı" demokratiyanın qələbəsi kimi təqdim edənlər indi isə erməni siyasi mühitində meydana çıxan parçalanmanın məzmununu müəyyənləşdirməyə çalışırlar. Hazırda Ermənistan üçün elə bir məsələ yoxdur ki, cəmiyyət yekdil fikirdə olsun. Ona görə düşünmürəm ki, növbədənkənar seçkilərə hazırlıq siyasi mübahisələr olmadan keçsin, hətta bu məsələ seçkinin nəticələri elan olunduqdan sonra da ölkə daxilində vətəndaş müharibəsinə gətirib çıxaracaq qədər böyük olan münaqişənin baş verməsinə səbəb olacaq. Digər tərəfdən, hakimiyyətdə olan koalisiya nümayəndələri arasında anlaşmazlıqlar höküm sürür, bu da koalisiyanın çox tab gətirməyəcəyini göstərir. Bütün bu hadisələrin fonunda "Yeni Ermənistan – yeni patriarx" hərəkatının nümayəndələri katolikos II Qareginin istefasını tələb edirlər. Ən vacib məsələ isə qondarma rejimə qarşı yaranmış oyanışdır ki, "İşıqlı Qarabağ" hərəkatının təşəbbüskarları Bako Saakyanı göndərmək üçün şüarlar səsləndirməkdədirlər. Beləliklə, Ermənistanda situasiyanı sabitlikdən çıxararaq daha da böhrana sürükləyə biləcək amillər gün keçdikcə artmaqdadır.
Bütün bunlar onu göstərir ki, N.Paşinyanın hakimiyyətə gəlişi ilə erməni siyasi mühitində parçalanma daha da sürətləndi. Bu ona dəlalət edir ki, cəmiyyətdə uzun müddət siyasi ziddiyyətlər mövcud olub və onları yalnız süni yolla ört-basdır etməyə çalışıblar və hələ də davam edirlər”.

Analitik vurğulayıb ki, daha çox maraq doğuran Paşinyanın ehtiyatlanması və özünə siyasi tərəfdaş axtarışında olmasıdır:

"Belə ki, "Sasna Tsrer" və "Erməni qartaları birləşmiş Ermənistan" partiyasının yaradılmasında əsas məqsəd məhz özünə tərəfdaş axtarışı ilə bağlıdır. N.Paşinyan öz hakimiyyətini saxlamaq üçüm sərt addımlar ataraq xalqın etimadını qazanmaq məsələsindən çəkinir və daha çox özünü xalqa yaxın olduğunu göstərməklə, populist addımlar atmaqla, məsələn Qum bazarına gedərək bazardakı qiymətlərlə və xalqın şikayətlərini dinləməklə etimad qazanmağa çalışır. Başqa səbəb isə N.Paşinyanın komandasında vahid birliyinin olmamasıdır. Əksinə, onlar öz liderləri ətrafında rəqabət mühiti yaradıblar. Belə çıxır ki, N.Paşinyanın öz qrupu arasında qeyri-sağlam rəqabət mühiti yaranıb ki, bunun da bəzi nəticələri özünü göstərməyə başlayıb. Məsələn, artıq məlumdur ki, N.Paşinyan xarici siyasət üzrə məşvərətçisi olan Arsen Xaratyan ilə yollarını ayırdı və bir sıra tərəfdarları ilə yollarını ayırmaq niyyətindədir. Buna görədir ki, baş nazirin ətrafında olanlardan bəziləri hazırda Ermənistan prezidenti olan Armen Sarkisyana tərəf meyl edirlər. Onlar içərisində xüsusilə, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı və Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı vurğulamaq olar.
Bəs N.Paşinyan ətrafında baş verən bu hadisələri nə ilə əlaqələndirə bilərik? Niyə onun ətrafı yavaş-yavaş ondan uzaqlaşmağa başlayır. Şübhəsiz ki, burada başlıca səbəb N.Paşinyanın uğursuz daxili və xarici siyasətidir. O, hakimiyyətə gəldiyi zaman ərzində verdiyi sözlərin heç birinə əməl edə bilməyib. Cəmiyyət artıq əmindir ki, N.Paşinyan korrupsiyaya qarşı səmimi mübarizə aparmır. Bu, daha çox simvolik xarakter daşıyır, bir çox hallarda isə uğursuzluqla nəticələnir.
Açıq-aydın görünür ki, N.Paşinyan ona təhlükə ola biləcək siyasi fiqurları zərərsizləşdirməyə çalışır. Onların sırasında keçmiş prezident Robert Köçəryanı göstərmək kifayətdir. Eyni zamanda, Serj Sarkisyanın tərəfdarlarının həbsi davam edir. Bu proses R.Köçəryanın siyasi fəaliyyətə qayıtmasına təkan verməkdədir. Artıq Ermənistanda onun tərəfdarları bu barədə danışırlar. Bütün bunlar Ermənistan cəmiyyətində Paşinyanın "Qarabağ klanı" ilə mübarizəsi kimi dərk edilmir artıq həmçinin də qəbul edilir. Nəticə etibarı ilə N.Paşinyan nə vaxta qədər belə davam edəcək, o vaxta qədər də Ermənistanı dərin siyahi böhrana sürükləməyə davam edəcək. Yaxud da N.Paşinyan koalisiya və prezidentlə münasibətləri normallaşdırmalı və çoxlu sayda güzəştlərə getməlidir. Xüsusilə, köhnə rejimə qarşı mübarizədən əl çəkməlidir”.

Anar