"...Ermənistanın Azərbaycanla razılaşmaqdan başqa yolu qalmayıb"

"Həmsədrlərin regiona səfəri heç nə vəd etmir”.
Bunu "Sherg.az”a fevral ayının ilk ongünlüyündə baş tutacaq həmsədrlərin səfəri haqqında danışarkən politoloq Tofiq Abbasov deyib.
O vurğulayıb ki, Ermənistan prezidentinin Avropa Şurası Parlament Assambleyasında(AŞPA), Qış sessiyasında çıxışı bütün qaranlıq məqamlara aydınlıq gətirdi:
"Bir yandan Ermənistan ciddi cəhdlə prezidentin, XİN rəhbərinin dili ilə guya sülhə hazır olduğunu deyir. Digər yandan, prezident beynəlxalq auditoriya qarşısında çıxış edərək, Dağlıq Qarabağı Azərbaycanın tərkibində görmədiyini bildirir. Sarkisyan mübahisəli bölgənin müqəddəratını təyin etməsini, azad olmasını irəli sürür. İddia edir ki, guya işğal olunmuş ərazilərdə abadlıq işləri gedir, demokratiya zəfər çalır. 
Qondarma rejimi tərifləməklə göstərmək istəyir ki, guya Azərbaycanın tərkibində olanda Qarabağ erməniləri kölə həyatı sürürdülər, 25 illik müharibədən, qondarma "kazarma" rejimi yaratdıqdan sonra dünyaya demokratiya yaymağa başladılar. Bütün bu əsassız iddialar göstərir ki, Ermənistan sülhə hazır deyil.
Ermənilərin planı vaxt udmaq, bu prosesi uzatmaqdır. Dəfələrlə müzakirəsi olmuş məqamları, prinsipləri inkar edirlər, qarışıqlıq salıb, Azərbaycanın təbilini qırmağa çalışırlar. Onun AŞPA-da çıxışı zamanı guya Azərbaycanın sabitliyi pozaraq, Qarabağ rejiminin ərazi bütövlüyünə təhlükə yaratmasını deməsi riyakarlıqdan başqa heç nə deyil. Azərbaycan öz torpağında kiminsə ərazi bütövlüyünü necə poza bilər? Əksinə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozur və dövlətimiz antiterror əməliyyatı apararaq, 2000 hektardan artıq ərazisini işğalçıdan təmizlədi”.
Ermənistanda hazırda gedən hakimiyyət çəkişmələrini xatırladan T.Abbasov vurğulayıb ki, gələcək seçkilərdə hakimiyyətin hansı partiyanın əlində cəmləşməsindən asılı olmayaraq, bütün namizədlər, partiyalar Qarabağ məsələsində razılaşıblar:
"İstisna olaraq Levon Ter - Petrasyan gözəl anlayır ki, Ermənistanın Azərbaycanla razılaşmaqdan başqa yolu qalmayıb. Bu yol tapılmasa, Ermənistan sonda itirəcək. Sarkisyan öz komandasını problemin həllində konstruktiv mövqedə formalaşdırmasa, Ermənistan üçün çıxış yolu qalmayacaq.
Bütün bunları nəzərə aldıqda, nə həmsədrlərin regiona səfərindən, nə də danışıqlardan irəliləyiş gözləyirəm".
Qeyd edək ki, Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 18-də Polşanın Krakov şəhərində keçirilən görüşünün nəticələrinə müvafiq olaraq həmsədrlər fevral ayının birinci öngünlüyündə regiona səfər etməyi planlaşdırırlar.
Aysel Aslan