Ermənistanın vaxtı bitir...

Qarabağ danışıqları ən aktiv fazaya daxil olub
Bütün tərəflər masadadır, nəticə olmasa Rusiyanın imici və dünyaya verdiyi vədlər puç olacaq


"Azərbaycanın işğal olunan torpaqları bu il azad ediləcək”. Bunu Rusiya Prezidentinə yaxınlığı ilə tanınan politoloq Sergey Markov deyib. Ekspert bildirib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların intensivləşməsi yaxın vaxtlarda problemin həlli ilə bağlı ciddi sıçrayışa səbəb olacaq: "Tezliklə tərəflər arasında müqavilə imzalanacaq, sadəcə sülh razılaşmasının detalları müzakirə edilir”.

Politoloq vurğulayıb ki, Rusiya ilə Türkiyə arasında münasibətlərdə normallaşma prosesinin başlamasından sonra rəsmi Ankara prosesdə müsbət amilə çevrilə bilər: "Dünya liderlərinin tez-tez görüşməsi və danışıqlar aparması, eləcə də Ermənistan-Türkiyə sərhədlərinin açılması Azərbaycan torpaqlarının işğaldan azad olunmasına səbəb ola bilər”. Məsələni şərh edən ekspertlər Markovun iddiasına birmənalı yanaşmayıblar. Problemin tezliklə çözülməsi məsələsinə münasibət bildirən millət vəkili Asim Mollazadə deyib ki, əgər Ermənistan Kremlin tələbinə uyğun addım atmazsa, bu, Rusiyanın imicini və dünyaya verdiyi vədləri puç edəcək: "Hazırda sülh istiqamətində ən əsas addım Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrasından keçir. Varşavada NATO sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstək verildi və münaqişənin məhz beynəlxalq hüquq normaları çərçivəsində həlli tələb olundu. Hesab edirəm ki, Qarabağ prosesi ətrafında baş verən son dəyişikliklər fonunda Ermənistan üçün çox ciddi şans yaranıb. Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini azad etməklə bölgədə sülh və stabilliyin başlanğıcını qoya bilər. Qarabağın işğaldan azad edilməsində mərhələli həll planının əsas yolu da məhz bundan keçir. Azərbaycan bu prosesi bundan sonra da sürətlə davam etdirəcək. Çünki Ermənistanın vaxtı bitib”. Hərbi ekspert Üzeyir Cəfərov isə rusiyalı politoloqun fikirlərini ciddiyə almadığını deyib: "Rusiyalı politoloq Sergey Markova Qarabağla bağlı səsləndirdiyi hədsiz optimistliyə görə minnətdarlıq edirəm. Amma bu 20 ildə bir dəfə də olsun cənab Markovun təmsil olunduğu ölkənin rəsmi şəxslərinin dilindən eşitməmişik ki, Ermənistan işğalçı ölkədir və bu siyasətindən əl çəkməlidir. Ümumiyyətlə, Markovun özü də söylədiyi fikirlərə sadəcə adi söz kimi yanaşır”. Ekspertin sözlərinə görə, bu illər ərzində bu və digər siyasətçilər, politoloqlar və ekspertlər yüzlərlə belə fikirlər səsləndiriblər: "Amma ortalıqda heç bir nəticə yoxdur və belə gedişlə heç olmayacaq da. Çox təəssüflənirəm ki, Azərbaycandakı dostlarımız, xüsusən də mətbuat Markovun və digər rus siyasətçilərin fikirlərini sevinclə təqdim edirlər. Bilmək olmaz ki, belə açıqlamaların əsl məqsədi nədir. Şəxsən mən inanmıram və əksinə, daxilimdə çox böyük narahatlıqlar var. Ermənistan siyasi-hərbi rəhbərliyi istənilən an regionda sabitliyi poza biləcək radikal addımlar ata bilər. Biz yaxın tariximizdə belə hadisələrin şahidi olmuşuq. Ermənistan siyasi elitasının gülləbaran olunması məhz Qarabağla bağlı müəyyən optimizmin yaranması dövrünə təsadüf edib”. Ü.Cəfərov bildirib ki, Markov kalendarda hansı ayın olmasını unudub: "İlin 7 ayı arxada qalıb. Yerdə qalan 5 ay ərzində hansı ildırım sürəti ilə işlər görülməlidir ki, Azərbaycanın haqq işi təkcə mülahizələrlə deyil, praktik baxımdan da mümkün olsun”. Politoloq Şahin Cəfərli isə Qarabağ münaqişəsinin həlli prosesində ciddi aktivləşmənin olduğunu deyib: "Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburq görüşlərindən sonra münaqişənin həllində yeni mərhələnin başladığını inamla söyləyə bilərik. Aprel döyüşlərindən sonra həmsədr dövlətlərin məsələyə münasibəti də dəyişib. Rusiya ilə ABŞ arasında bu məsələdə yaxın dialoq və işbirliyi qurulub. Məhz vasitəçi dövlətlərin ciddi müdaxiləsi, hətta müəyyən mənada təzyiqi ilə münaqişə tərəfləri masaya oturublar və problemin siyasi yolla həlli yenidən öncəlik qazanıb. Təmas xəttində atəşkəs pozuntularının minimal səviyyəyə enməsi, tərəflərin ümumən atəşkəs rejiminə riayət etməsi də göstərir ki, sülh prosesində irəliləyiş var. Azərbaycan Prezidentinin, xarici işlər nazirlərinin açıqlamaları da bunu göstərir”. Politoloqun sözlərinə görə, masada olan təkliflərin konkret nədən ibarət olduğu bəlli olmasa da, çox güman ki, söhbət Madrid prinsipləri əsasında hazırlanmış yeni təkliflərdən gedir. Bununla belə, Cəfərli deyib ki, prosesin necə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir:

"Münaqişənin tarixinə nəzər saldıqda buna bənzər aktiv dönəmlərin əvvəllər də yaşandığını görmək olar. Məsələn, 2008-ci ildə elə Rusiyanın patronajlığı ilə aparılan danışıqlarda gündəmə gələn və razılaşdırılan Mayendorf deklarasiyasını, 2010-cu il Həştərxan bəyanatını, Kazan sənədini misal göstərmək olar. Bu formatların heç biri münaqişənin həllinə gətirib çıxarmayıb”.

İsmayıl