Yaradıcılıq işlərinə və format axtarışlarına diqqət yetirilməlidir
Əsas ekrandır, görünəndir
Bədii Şuranın işi aparıcıların danışıq, davranış və geyim tərzi üzərində qurulmamalıdır
Yaradıcılıq işlərinə və format axtarışlarına diqqət yetirilməlidir
Yaradıcılıq işlərinə və format axtarışlarına diqqət yetirilməlidir
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb.
Bədii Şura ayda 2 dəfə toplanmaqla Azərbaycan Televiziyası və Radiosu, "Mədəniyyət" və "İdman Azərbaycan"da yayımlanan veriliş və proqramları müzakirə edəcək, öz irad və təkliflərini verəcək. Yeni TV və Radio layihələrinin efir məkanına buraxılması kollegial şəkildə reallaşacaq.
Məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi, (bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir) bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasına xidmət edir.
Qeyd edək ki, özəl televiziyalarda da Bədii Şura yaradılması ilə bağlı təkliflər var.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov isə deyib ki, özəl telekanallar istəyirlər ki, bütün vasitələrdən istifadə edərək verilişlərdə reytinqi təmin etsinlər. Bədii Şura kimi ictimai nəzarət qurumlarının aktivliyi isə buna müəyyən qədər təsir göstərə bilər.
T.Dadaşovun Kult.az-a açıqlamasına görə, bu məntiq kanalların nəzdində Bədii Şura kimi qurumların aktiv fəaliyyətinin effektivliyinə əngəl olur:
"Özəl kanallarda bir neçə il bundan qabaq "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq bədii şuralar yaradıldı və bu barədə MTRŞ-yə məlumat verilib. Onlar dövlət dilinin istifadəsi məsələlərinə ictimai nəzarəti həyata keçirməli idilər. İlk dövrlər şuralar müəyyən aktiv fəaliyyət göstərsələr də, sonradan onların fəaliyyəti müəyyən qədər zəiflədi. Amma hazırda digər məsələlərlə bağlı da kanalların daxili yaradıcılıq fəaliyyətini tənzimləmək üçün Bədii Şura kimi qurumların yaradılması ümumi işin xeyrinə olardı. Lakin görünür, bu, özəl kanallara sərf etmir. Qanuna görə, MTRŞ teleradio yayımı sahəsində dövlət və ictimai maraqların təmin edilməsinə nəzarət etsə də, kanalların yaradıcı fəaliyyətinə qarışmaq səlahiyyətinə malik deyil”.
Media eksperti, professor Qulu Məhərrəmli isə bəzi televiziyalarda bədii şuraların olduğunu, lakin formal xarakter daşıdığını söyləyib:
"Bütün hallarda efirdə müəyyən sistem yaratmağa yönəlmiş cəhdlər təqdirəlayiqdir. Ümumiyyətlə, indiyə qədər AzTV-də bu baxımdan heç bir ciddi problem olmayıb. Bədii şuralar özəl televiziyalar üçün daha vacibdir. Çünki özəl televiziyalarda normalar pozulur, aşağı səviyyəli müğənnilər efirə buraxılır. Kommersiya məqsədləri öndə olduğuna görə tələblər gözlənilmir. Özəl televiziyalarda yaradılan şuralar çox vaxt fəaliyyət göstərmir. Məsələn, guya televiziyalarda dil şuraları var, amma onların heç bir faydası yoxdur. Hesab edirəm ki, bu cür şuraların, peşəkar nəzarətin olması çox vacibdir.
Televiziyalar çox şey deyə bilər, amma əsas ekrandır, görünən tərəfdir. Efirdə göz qabağında olanlar isə sadəcə zövqsüzlükdür. Mənə elə gəlir ki, belə təkliflərdən vəcdə gəlməyə ehtiyac yoxdur. Nə qədər ki, televiziya məkanında ciddi islahat yoxdur, təkliflərlə sadəcə bir müddət diqqəti cəlb etmək olar”.
Media eksperti Zeynal Məmmədli isə hesab edir ki, dil və Bədii Şura uyuşmayan anlayışlardır: "Biz vacib məsələləri qoyub bəsit şeylərdən yapışırıq.
Ümumiyyətlə, qurumun adı Bədii Şura adlandırılanda və jurnalistin bədiiliklə bir əlaqəsi olmayanda onda paradoks yaranır. TV işçilərinin dil, geyim, davranış qüsurlarını aradan qaldırmaq üçün onlara yaradıcı azadlıq verilməlidir. Bu zaman onların özünü ifadəsi normaya düşəcək. Bədii Şura üzvlərinin hər birinə hörmətim var, amma elə o insanların özlərinin də dilində yetəri qədər nöqsan tapmaq olar. Bunu qınaq məqsədi ilə demirəm. İstənilən halda şifahi dildə müəyyən nöqsanlar ola bilər. Bu, təbii bir şeydir. Bədii Şuranın işi aparıcıların danışıq, davranış və geyim tərzi üzərində qurulmamalıdır. Onlar yaradıcılıq işlərinə və format axtarışlarına diqqət yetirməlidirlər. Dövlətdən maliyyələşən bir TV-nin cəmiyyətə ötürəcəyi mesajları şərtləndirməlidir. Bədii Şura üzvləri məhz bu funksiyanı yerinə yetirə biləcəklərmi? Onların fəaliyyətinin aparıcıların danışıq və davranışı üzərində qurulması nə Şuranın adına, nə də ki öz sahələrinə adekvat deyil.
Əgər televiziyalar sosioloji sorğu apararaq tamaşaçının nə istədiyini öyrənmirlərsə, o zaman bədii şuralar tamaşaçının da marağında deyil. Əgər bazar sərbəst deyilsə bu şəraitdə bədii şura öz fəaliyyətini təbii ki, doğrultmayacaq”.
Digər kanallarla müqayisədə AzTV aparıcılarının danışıq və davranışında səhvlərin olmadığını vurğulayan Z.Məmmədli deyib ki, onların dili də qüsursuz deyil. Sünidir… AzTV-nin dili istixanada yetişdirilən dibçək gülünə bənzəyir:
"İstixana dili ilə həyatdakı dil arasında ciddi fərq var. Ədəbi dil anlayışından qurtara bilmirik biz. Ədəbi dil deyəndə nəyi nəzərdə tuturlar? Ədəbiyyatlardakı kimi danışmalıyıq? Söhbət mədəniyyətimizə hopan ortaq dildən gedirsə, bu danışıq dili şifahi nitqə əsaslansa da olar. Dil düşüncəylə bağlıdır. Düşüncəmiz sərbəst olsa, dilimiz də sərbəst olacaq".
Şəymən