Əsəbdən qurtuluruq...

Telefonlarımıza reklam sms-lərinin vaxtlı-vaxtsız daxil olmasına artıq son qoyulur
“Burada, istehlakçıların hüquqlarının kobud pozuntusu halı vardı. Və buna da birbaşa mobil operatorlar məsuliyyət daşıyırdı”

"SMS göndərişlər”lə təkcə insanların əsəbləri ilə oynamırdılar, həm də insanların
cibinə girirdilər”



Prezident İlham Əliyev "Telekommunikasiya haqqında” qanuna dəyişiklikləri təsdiqləməklə milyonlarla insanı əsəb sarsıntısından xilas etdi, deyə bilərik. Çünki qanuna dəyişikliklər sayəsində mobil telefonlarımıza reklam sms-lərinin vaxtlı-vaxtsız daxil olmasına artıq son qoyulur. Dəyişikliyə əsasən bundan sonra mobil operatorlar reklamları yalnız abunəçi ilə bağlanan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Abunəçinin razılığı olmadan reklam məzmunlu məlumatların göndərilməsinə görə mobil operatorlar məsuliyyət daşıyacaq.

Dünəndən etibarən nə qədər insan bu xəbərə sevinib. İnsanlar mobil operatorların reklam şirkətləri ilə işbirliyindən cana doymuşdular. Bu məsələ dəfələrlə Milli Məclisdə də qaldırılmışdı, millət vəkilləri mobil telefonlara hər cür məzmunlu reklam tipli məlumatların icazəsiz daxil olmasından narazılıq etmişdilər.

Reklam sms-lərinin Milli Məclisdə müzakirəsi zamanı xanım millət vəkili Elmira Axundova mobil telefonlara müxtəlif firma və şirkətlər tərəfindən icazəsiz-filansız göndərilən sms-lərin insanların əsəblərini gərdiyini deyərək abırsız-həyasız sms-lərin dayandırılmasıyla bağlı konkret addımlar atılmasını istəmişdi. Xanım millət vəkili "bu gün mobil telefonuma gələn bir sms-lə bildirilir ki, doğum evi yüksək şərait və daha rahat şəkildə sizi ana edə bilər. Həmən, filan klinikaya üz tutun. Təsəvvür edin ki, bu, yaşı 50-ni keçmiş bir qadına gəlir. Hətta kişilərə də göndərilir. Mən anlaya bilmirəm ki, icazəsiz olaraq bu sms-lər şəxsi telefonuma niyə göndərilməlidir? Bir dəfə bu məsələni qaldırdım, amma tədbir görülmədi. Düşünürəm ki, parlament səviyyəsində aidiyyətli qurumlar məlumatlandırılmalıdır ki, firmalar, şirkətlər belə sms-lərlə insanların əsəblərini korlamasınlar” söyləmişdi.

Göründüyü kimi hətta üst səviyyədə şikayətçilər çox idi, amma bu işə bir əncam çəkilmirdi.
Qeyd edək ki, qardaş Türkiyədə reklam sms-ləri ilə bağlı bir müddət öncə sərt cəzaların tətbiqi qüvvəyə mindi. Hər cür reklam məzmunlu, ticari mahiyyət daşıyan sms-lər vətəndaşların mobil telefonuna icazəsiz ötürülərsə, ötürücülər 50 min türk lirəsi (təxminən 20 min manat civarında) miqdarında cərimələnirlər. Türkiyə hökuməti "Yasaklı SMS-lər” (qadağan edilən SMS-lər) paketi hazırlayıb. Buna əsasən yalnız borc xatırlatma, hər növ istifadə qaydaları və təslimat xarakterli SMS-lər xaricində digər məzmunlu SMS-lərə görə müştərinin razılığı olmalıdır. Vətəndaşın səssiz qalması da reklam SMS-inə razılıq verdiyi anlamına gəlmir. Mütləq abunəçinin razılığı alınmalıdır. Reklam SMS-ləri ilə yanaşı, telefon, çağrı mərkəzi, faksla ötürülən hər növ ticari xəbərlər əvvəlcədən alıcının razılığı alınaraq göndərilir. Əgər abunəçi əvvəlcə nəyləsə bağlı razılığını bildirib, sonradan onu rədd etmək istəyirsə, bunun üçün heç bir rəsmi bildirişə ehtiyac qalmır. Vətəndaşın rədd etmə haqqından istifadə etməsi, əvvəlki razılığını qüvvədən düşürür.

Azərbaycan da bu praktikadan yararlana bilər. Xüsusən də abonentin susqunluğundan öz xeyrinə istifadə etmək geniş yayılıb. Abonentdən səs çıxmırsa, səhvən və ya bilməzlikdən, mobil operator bunu fürsət bilib öz xeyrinə yararlanır. SMS-lər də davam etdirilir, yüklənmiş musiqili zənglər, çağırışlar da.
O zaman Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bildirildi ki, abunəçilərin çoxsaylı müraciətləri nəzərə alınaraq, bu məsələ ilə bağlı "Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə əlaqədar təkliflər hazırlanır. Prezidentin "Telekommunikasiya haqqında” qanuna dəyişiklikləri təsdiqləməsi artıq bu istiqamətdə müsbət irəliləyiş olacağını təsdiqləyir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında qeyd etdi ki, qanuna edilmiş dəyişikliyi müsbət qarşılayır:

- Mobil operatorlar insanların əsəbləri ilə çox oynadı. Çox müsbət haldır və sevindiricidir ki, nəhayət, buna son qoyulur. Mobil operatorlara kim icazə verib ki, vətəndaşın şəxsi nömrəsini hansısa firmaya, şirkətə ötürsün, onlar da gecə-gündüz bizə sms "döşəsinlər?!” Hansı müqavilə şərtlərində bu nəzərdə tutulub? Mobil operatorlar öz abunəçilərini bu haqda məlumatlandırıbmı? Belə bir şərtlərinin olduğunu deyibmi? Yox. Təbii ki, burada, istehlakçıların hüquqlarının kobud pozuntusu halı vardı. Və buna da birbaşa mobil operatorlar məsuliyyət daşıyırdı. "SMS göndərişlər”lə təkcə insanların əsəbləri ilə oynamırdılar, həm də insanların cibinə girirdilər. Əlbəttə, bazar iqtisadiyyatı şəraitində firma və şirkətlər daha çox qazanc əldə etməyə çalışır. Bu təbiidir. Amma nə qədər təbiidirsə, insanların təməl haqları, o cümlədən istehlakçı hüquqları da bir o qədər təbii və haqlıdır. Firma və şirkətlərdə xüsusi marketoloqlar çalışır. Müxtəlif üsullarla gəlir əldə etməyə səy göstərirlər. Bu zaman da istehlakçının bilgisizliyindən istifadə edirlər. İnsanların beynini "yeyirlər”. Mobil operatorlar da buna şərait yaradırdı. Bundan sonra isə vəziyyət hesab edirəm ki, fərqli olacaq. Türkiyədə qəbul edilmiş sərt cəzaları burda da tətbiq etmək olar. Yüksək cərimələr tətbiq edilsə, mobil operatorlar da, onlarla işbirliyində olan şirkətlər çəkinər.

Məlahət Rzayeva