Əsəd - PKK ittifaqı alınmır

“Ancaq onlar Türkiyəyə qarşı 1979-cu ildə olduğu kimi yenidən birləşə bilərlər”




Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin, İranın dövlət başçısı Həsən Ruhani ilə telefonla danışıb. Ərdoğanın Putinlə danışıqlarında başda Afrin və İdlib olmaqla Suriyadakı son proseslər müzakirə edilib. Telefon danışığında, xüsusilə, İdlibdə yeni müşahidə nöqtələrinin yaradılması məsələlərinə diqqət yönəldilib.

Ərdoğan YPG terror təşkilatı ilə Əsədin razılığa gəlməsi ilə bağlı Putinə, "Suriya rejimi bu yola girərsə, sonları olar”, xəbərdarlığını edib. "Zeytun budağı” əməliyyatı ilə bağlı fikirlərini açıqlayan Ərdoğan həmkarı Putinə əməliyyatların planlaşdırıldığı kimi davam edəcəyini bildirib. Ruhani ilə telefon danışığında isə terror təşkilatları ilə mübarizədə əməkdaşlığın əhəmiyyətindən danışılıb. Həmçinin, Suriyada münaqişənin həlli ilə bağlı Astana prosesi və Soçi konqresi də müzakirə edilib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Əsədin Afrinlə bağlı qərarsız olduğunu bildirib. Nazir deyib ki, Əsəd rejimi Afrinə girməyib: "YPG ilə kim mübarizə aparmaq istəyirsə, aparsın. Türkiyə üçün heç bir problem yaratmır. Ancaq terrorçulara dəstək üçün gələnlər olarsa, o zaman heç kim bizim qarşımızı ala bilməz. YPG-ni müdafiə edən dövlətlərin bizim üçün onlardan fərqi yoxdur”. Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ isə vurğulayıb ki, Dəməşqin Afrinə ordu yeritməsi Suriyanın bölünməsinə gətirib çıxarar.

Suriyadakı gərginliyi "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan deyib ki, fevralın 19-da Suriyada Bəşər Əsədə bağlı silahlı qüvvələrlə terrorçu PKK və YPG-nin birlikdə Afrinə girməsi barədə razılaşdıqları xəbəri yayıldı. 

Hətta Suriyanın rəsmi informasiya agentliyi yaxın saatlarda silahlıların Afrinə girəcəyini bildirdi. Əsədin Afrində Türkiyə və Azad Suriya Ordusuna qarşı bu terrorçular vasitəsilə mübarizə aparacağı qeyd olunurdu: 

"Bu məqsədlə rejimin Suriyanın müxtəlif bölgələrindən PKK-çıları toplayaraq Afrinə göndərdiyi də vurğulandı. Əlbəttə, bunların heç biri təkzib edilmədiyindən hələ də qüvvədədir. Həmin qüvvələr Afrində simvolik birlik quraraq Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusuna qarşı cəbhə xətti yaradacaqlar. Lakin ötən 48 saat ərzində Əsədə bağlı silahlılar Afrinə daxil olmadı. Bir gün sonra bunun səbəbi də üzə çıxdı. Məlum oldu ki, Rusiyanın vasitəçiliyi ilə Suriyanın Hələb əyalətinin Şehba qəsəbəsində Əsədin nümayəndələri ilə YPG təmsilçiləri arasında görüş keçirilib. Amma tərəflər Əsədə sadiq ordunun Afrinə girməsi məsələsində razılıq əldə edə bilməyiblər.

 Suriyadakı rejimin nümayəndələri Afrinə girmələri qarşılığında terrorçuların 5 şərtə əməl etməsini istəyiblər. Terrorçular isə Afrinə heç kimi rəsmi olaraq dəvət etmədiklərini, Türkiyəyə dəstək vermək istəyənlərə qarşı olacaqlarını vurğulayıblar. Əslində Suriya bu terrorçu qruplaşmanın köhnə oylağıdır. Terrorçu qruplaşmanın başçısı Abdullah Öcalan 1979-cu ildə Türkiyədən Suriyaya qaçıb və orada PKK-nı yaradıb. Terrorçu qurumun ilk "qurultayı” 1981-ci ildə Suriyada keçirilib. 1982-ci ildə Dəməşqdə keçirilən ikinci "qurultayda” Hafiz Əsədin (Bəşər Əsədin atası) dəstəyi ilə Türkiyəyə qarşı silahlı mübarizə aparmaq barədə qərar qəbul edilib. Həmin vaxt Hafiz Əsəd Türkiyənin Hatay əyalətinə qarşı ərazi iddiası irəli sürürdü və iki ölkə arasında su problemi yaşanırdı. Suriya rəhbəri bu məsələləri həll etmək üçün PKK-dan istifadə edirdi. Həmin vaxtdan PKK Suriyanın şimalında yerləşdirilib. Öcalan terrorçu qruplaşmanı 19 il Suriyadan idarə edib”. 

Ekspert vurğulayıb ki, Əsəd silahlılarının Afrinə girməsi məsələsində iki xətt aydın göründü: 

"Bunlardan biri Əsəd-Moskva cütlüyüdür. Vladimir Putinin zəmanəti bunu təsdiqlədi. ABŞ-ın dövlət katibi Reks Tillersonun Ankaraya səfərindən bir gün sonra YPG-Əsəd birliyinin Afrinə girəcəyi xəbəri isə PKK-ABŞ işbirliyinin olduğu ehtimalını artırdı. Bu yolla həm Moskva, həm də Vaşinqton Ankaranın qətiyyətini yoxlamış kimi göründü. 

Burada keçmiş müttəfiqlərin Əsəd-PKK ittifaqı hələ alınmır. Ancaq onlar Türkiyəyə qarşı 1979-cu ildə olduğu kimi yenidən birləşə bilərlər. Çünki onların və xarici amillərin əsas hədəfi Türkiyədir. Türkiyə isə hələ sağlam orqanizm olaraq onu xəstə hala salacaq amillərə qarşı müqavimət göstərir”.

İsmayıl