Əsgərin sosial şəbəkədə şəkil paylaşması qəbahət deyil

Amma hərbiçi xidmət zamanı internetdən hansı formada istifadə edir?



Türkiyədə "facebook” sosial şəbəkəsində hərbi formada şəklini paylaşan əsgər 3 aydan 2 ilə qədər həbs edilə bilər. Bu barədə Türkiyənin Hərbi Prokurorluğunda müzakirələr gedir. Belə ki, hərbi formada fotosunu sosial şəbəkələrə yükləyən və şəkli paylaşan zaman "əsgər” olduğunu yazan şəxs "əmrə itaətsizlik” ittihamı ilə günahlandırılaraq, 3 aydan 2 ilə qədər həbs edilə bilər.

Hərbi ekspert Azad İsazadə isə sırf hərbi formada şəkil paylaşdığı və şəkli paylaşan zaman "əsgər” olduğunu yazdığı üçün hərbi qulluqçuların məsuliyyətə cəlb olunmasını doğru hesab etmir: "Əsgərin sosial şəbəkələrdən istifadəsi və şəkil paylaşmasının təhlükəli olması mülki anlayışdır. Amma hərbi sahədə bunun hüquqi əsasları var. Nazirin əmrinə görə, hərbi hissələrdə mobil telefon olmamalıdır. Mobil telefondan istifadəyə qadağa olan zaman da əsgərlərin şəkil çəkdirmək və sosial şəbəkələrdə paylaşmaq imkanları da olmayacaq. Hərbi hissələrdə yalnız fotoaparatlarla şəkil çəkdirməyə icazə var ki, o da ancaq xüsusi tədbirlərdə olur”.

Hərbi hissələrdə mobil telefonların qadağasının zəruri olduğunu vurğulayan ekspertin sözlərinə görə, hərbi sirrin yayılması və düşmənə ötürülməsi baxımından mobil telefonlar kifayət qədər təhlükəlidir: "Amma əsgərin hərbi formada şəkil çəkdirməsi və bunu sosial şəbəkədə paylaşmasına görə, cinayət məsuliyyətinə cəlb olunması absurddur. Hərbi hissələrdə mobil telefondan istifadə qadağan olduğu üçün heç bir hərbi qulluqçu xidmət yerində şəkil çəkdirib, paylaşa bilməz. Əgər qeyri-qanuni yollarla bunu etsə, məsuliyyət daşıyır. Bu normaldır. Çünki o zaman hərbi obyektlərin və mövqelərin aşkarlanma riski var. Amma bir çox hallarda məzuniyyətə gələn əsgər hərbi formada öz nişanlısı, qardaşı, dost-tanışları ilə şəkil çəkdirib, sosial şəbəkələrdə paylaşır. Burada isə qanunsuz heç nə yoxdur. Hərbi forma adamı daha xarizmatik göstərdiyi və kişilik rəzmi daşıdığı üçün adətən gənclər formalı şəkil paylaşmağı sevirlər. Bu da çox normaldır və dediyim kimi, mülki şəraitdə əsgərin hərbi forma ilə şəkil paylaşması heç bir problem yaratmır”.

Şəymən