“Əsgərlərimiz arasında böyük ruh yüksəkliyi var”

Etimad Əsədov: “Hər kəs ordumuzun və Ali Baş komandanın gücünə, iradəsinə inanır”



Bu gün səhər saatlarında 13 QHT rəhbəri cəbhə bölgəsinə səfər edib. Bu barədə "Şərq"-ə həmin təşkilat rəhbərləri sırasında yer alan Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov bildirib. Qazinin sözlərinə görə, onlar Göygöl rayonunda şəhid Orxan Bağırovun dəfn mərasiminə qatılıblar: "Mərasim çox izdihamlı keçdi. Bütün rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar da dəfndə iştirak edirdilər. Şəhidimiz təntənəli şəkildə torpağa tapşırıldı. Mərasimdə iştirak edən rayon hərbi kommissarı bildirdi ki, gənclər komissarlıq qarşısına yığışaraq cəbhəyə getmək istəklərini ifadə ediblər".
Təşkilat sədri diqqətə çatdırıb ki, mərasimə qatılan digər zabitlərdən xeyli yeni məlumatlar alıblar: 
"Bildirdilər ki, ordumuz Ermənistan hərbi birləşmələrinin qərargahını darmadağın edib. Bundan başqa Füzuli bölgəsində ermənilərin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Azərbaycan ordusu erməniləri geri oturdub. Ordumuz əldə etdiyi mövqelərdən bir addım da geri çəkilməyib. Əsgərlər arasında da böyük ruh yüksəkliyi müşahidə olunur. Ermənilər layiqli cavablarını alırlar".
E. Əsədov onu da əlavə edib ki, Göygöldən sonra Gəncəyə yola düşüblər: 
" Gəncədə də şəhid Fərman Əsədlinin yas mərasiminə qatıldıq. Şəhid ailələri və əhali ilə söhbətləşdik. Onlarda çox böyük ruh yüksəkliyinin şahidi olduq. Hər kəs ordumuzun və Ali Baş komandanın gücünə, iradəsinə inanır".
Qeyd edək ki, sonda təşkilat sədri Ağdama yollanacaqlarını söyləyib.

Ayyət Əhməd