Əslində...






"Rusiyanın Azərbaycandakı nümayəndələri, səfirləri dəyişsə də, şimal qonşumuzun Azərbaycana münasibətində fərqlilik yoxdur”.

Bunu "Sherg.az”a Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikovun " Qarabağ üzrə danışıqlar prosesində hərəkətlilik müşahidə edilir” iddiasına münasibət bildirərkən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu söyləyib. 

O qeyd edib ki, problemin həlli barədə açıqlamaları, Rusiyanın buna dəstək olacağı və danışıqlarda hərəkətlilik olması barədə açıqlamalar yeni səfirin siyasi gedişidir:

"Adətən təyin olunan hər yeni səfir ilk mətbuat konfranslarında bu cür açıqlamalar səsləndirir. Rusiya rəsmiləri bir növ Azərbaycan xalqını ovutmaq, münaqişəni unutdurmaq istəyirlər. Rəsmi Moskva münaqişənin arxasında durmadığını göstərməyə çalışır. Əslində Dağlıq Qarabağ problemi Rusiya yaradıb, 100 illərlə davam edəcək məsələdir.

Münaqişənin həlli istiqamətində gözləntilər fərqlidir. Azərbaycan təmsilçilərinin Rusiya səfəri, ölkəmizin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olması kimi məsələlər gündəmdədir. Bu isə Azərbaycan üçün uğurlu heç nə vəd etmir. Azərbaycanın bu təşkilata üzvlüyü MDB məsələsi kimi olmamalıdır, konkret nəticə əldə etmək vacibdir. Ümumilikdə isə, qeyd etdiyim kimi Rusiyanın Azərbaycanla bağlı siyasətində dəyişiklik edəcəyini düşünmürəm”.

Qeyd edək ki, M. Boçarnikovun sözlərinə görə, Rusiyanın məqsədi münaqişə tərəflərinə hərtərəfli kömək göstərməkdir:

"Çalışırıq ki, onlar öz aralarında razılığa gələ bilsinlər. Münaqişə tərəfləri üçün məqbul olan bizim üçün də məqbuldur. İndi Qarabağ üzrə danışıqlar prosesində tərəfləri bir-biri ilə tanış etmək üçün müəyyən bir hərəkətlilik müşahidə edilir”.

Aysel Aslan