Halbuki, intihar edənin hayına birinci psixoloqlar çatmalıdır
Deyəsən, psixoloqlar haqlıdır. Biz yazdıqca, intiharların sayı daha da artır. 2-3 gün əvvəl Cəlilabadda intihar edən bir şagirdin intiharından yazıb, ekspertlərin özünəqəsdin çıxış yolu olmadığına dair tövsiyələrini dərc etmişdik. Amma nə fayda?! Dünən daha bir "çiçəyi burnunda gənc”in təhsil aldığı Universitetin binasından özünü atdığına dair məlumatlar yayılıb. Bakı sakini 1962-ci il təvəllüdlü Söhbət Hacıyev isə yaşadığı mənzildə özünü ov tüfəngi ilə güllələyib. Deməklə, yazmaqla intihara cəhdin qarşısını ala bilmiriksə, deməli, problemin həlli intihara cəhd edən şəxsləri xilas etməkdən keçir. Burada isə əsas yük medianın yox, məhz psixoloqların üzərinə düşür. Elə psixoloq ekspertlərin də dediyi kimi, əgər insan belə bir hadisə ilə qarşılaşsa, vaxt itirmədən FHN-in xilasedici briqadasına müraciət edilməlidir.
Və həmin şəxsin diqqətini dağıtmaq lazımdır. Onunla müxtəlif mövzularda diqqət yayındırıcı söhbətlər aparılmalıdır. Ona intiharla bağlı suallar qəti vermək olmaz. Əgər həmin insan hansı səbəbdən intihar etməyə çalışdığını deyirsə, ona kömək edəcəyini demək lazımdır və çalışmaq lazımdır ki, onda inam yaransın. Ekspertlər onu da qeyd edib ki, bu cür insanların xilası istiqamətində əsas iş elə psixoloqların üzərinə düşür. Qardaş ölkədə konkret bu sahə üzrə ixtisaslaşmış psixoloqlar var.
Azərbaycanda bu sahədə vəziyyət necədir? Hər hansı bir şəxsi intihar fikrindən daşındırmaq üçün psixoloqlar hadisə yerinə cəlb olunur, yoxsa bu işdə bütün öhdəlik, hüquq-mühafizə orqanlarının və ya FHN xilasedicilərinin üzərinə düşür?
Fövqəladə Hallar Nazirliyinin Xilasediciləri ilə yanaşı, ayrıca psixoloq ştatlarının olduğunu deyən psixoloq Samir Əhmədovun sözlərinə görə, əlaqədar qurumlara intiharla bağlı xəbər daxil olan kimi hərəkətə keçən briqadaların tərkibində mütləq psixoloqlar da olur. Zənnimcə, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri arasında psixoloqlar da var. İntihar edən şəxslərə psixoloji yardım göstərmək, onları bu fikirdən daşındırmaq üçün söhbətlər aparmalı olan psixoloqlar qrupunun öz işlərinin öhdəsindən yetərincə gəldiklərinin düşünürəm. Bu sahədə elə bir ciddi çatışmazlıq görmürəm”.

İntihar edən şəxsi bu niyyətindən daşındırmaq üçün atılması vacib olan addımlara gəldikdə isə psixoloq deyib ki, bu proses situativ olmalıdır. Hər kəsə standart formada yanaşmaq doğru deyil: "Müsbət sonluq isə söhbəti aparan şəxsin peşəkarlığından asılıdır. Heç bir halda psixoloqlar insanlara qarşı eyni cür münasibət göstərə bilməz. İntiharın növləri və səbəbləri müxtəlifdir. Hərə bir səbəbdən çıxış yolunu özünə qəsddə görür. Hadisə yerində olan psixoloq mütləq şəkildə intihar edən şəxsin psixoloji durumunu, yaşını, cinsini, intihar səbəbini müəyyən etməlidir. Onu da deyim ki, intihar etmək istəyən şəxs heç kimi gözləmədən, kompromisə getmədən özünü atır. Əgər kimsə, hündürmərtəbəli binanın damına və ya hansısa körpünün üstünə çıxıb, tərəddüd edirsə, deməli, bu adam 60 faiz diqqət çəkmək istəyir. Onun özünü öldürmək niyyəti 40 faizdir. Belə adamlar maksimum dərəcədə xilasedicilər və psixoloqlarla kontakta girməməyə çalışır, söhbətdən yayınır”.
"Gənc Psixoloqlar” İB-nin sədri, psixoloq Orxan Oruc-zadənin sözlərinə görə, baş verən intihar hadisələrinin formasına nəzər saldıqda demonstrativ, yəni nümayiş xarakterli intiharlar son dövrlərdə daha çox aktuallaşmağa başladığını görə bilərik: "Adətən, bizim cəmiyyətdə intiharlar gizli formada baş verirdi. Psixoloqun intihar meyilli şəxslərlə söhbət edib fikrindən daşındırması faktı kifayət qədər çoxdur. Sadəcə olaraq, həmin şəxslərin cəhdlərinin uğursuz olması və ya ümumiyyətlə, intihar fikrindən daşınması ilə bağlı məlumat kütləviləşmədiyi üçün çoxumuz bundan xəbərsiz qalırıq. Real hadisə yerində psixoloji dəstəyin göstərilməsi halıyla rastlaşmamaq səbəbini də eyni cür izah edə bilərik. Digər səbəb isə onunla bağlıdır ki, adətən bu proses çox qısa müddətdə baş verir ki, bu müddət ərzində də psixoloqla intihara cəhd edən şəxsin dialoq imkanının yaradılması vaxt baxımından mümkün olmur. Son dövrlər baş verən intihar hadisələrinin şahidləri tərəfindən telefon kameraları ilə aparılan çəkilişlər onu göstərir ki, cəmiyyətimizin bu kimi hadisələrlə bağlı verdikləri reaksiya intihara cəhd edənin daha da tələskən davranmasına səbəb olur. İnsanlar telefonlarında 112 nömrəsini yığmaq əvəzinə, kamera funksiyasını işə salırlar. İnsanların kütləvi şəkildə hadisənin necə baş verəcəyini gözləyirmiş kimi müşahidə aparması, eyni zamanda onlarla kameranın hadisəni qeydə alması, zarafatlar, söz atmalar və s. intihara cəhd edən şəxsin fikrinin daha da dəqiqləşməsinə və icra olunmasına səbəb olur. Halbuki, intihara cəhd edən şəxs bəlkə də, ölümlə üz-üzə gəldiyi vaxt fikrini dəyişəcəkdi”.
İntihara meyilli şəxslərin bu addımı atmazdan əvvəl uzun müddət düşündüklərini vurğulayan psixoloqa görə, bu o deməkdir ki, əslində həmin şəxsin doğmaları, yaxın ətrafı baş verən əhval dəyişikliklərini müşahidə edə və lazımi qabaqlayıcı addımlar ata bilərlər: " İntihar düşüncəsi olan şəxs, çox vaxt intiharla bağlı düşüncələrini yarı zarafat, yarı gerçək formada dillərinə gətirirlər. "Özümü öldürəcəm, canım qurtarsın”, "Az qalıb, canınız qurtaracaq məndən”, "Ölsəydim, canım qurtarardı” kimi cümlələrlə həyata olan maraqlarının azaldığını göstərmiş olurlar. Doğrudur, bu kimi cümlələr bəzi insanlar tərəfindən uzun illər işlədilib adiləşir. Amma kimsə əgər heç vaxt işlətmədiyi halda buna bənzər cümlələrdən istifadə edirsə, artıq bunu ciddi siqnal kimi qəbul etmək lazımdır. İntihar düşüncəsi olan şəxslər adətən, həmişə xoşladıqları, zövq aldıqları işləri görmək istəmirlər, digər insanlarla ünsiyyətdən qaçırlar, tək və sakit şəraitdə qalmağa üstünlük verirlər. Ətrafda kiminsə birdən-birə bu cür davranışlar nümayiş etdirməsi həmin şəxsə qarşı diqqətli olmağı tələb edir. Bu cür davranışları olan şəxsləri uzun müddət tək qoymaq, onunla münasibətləri daha da gərginləşdirmək olmaz. Çalışmaq lazımdı elə bir şərait yaradılsın ki, həmin şəxs öz hiss və düşüncələrini rahatlıqla paylaşa bilsin. Ümumiyyətlə öz dərdini, problemlərini danışmağa kimisə olanların intihar etmə ehtimalı çox aşağıdı. Bəzən insanların öz dərdini bölüşmək üçün yaxın birinin olmaması, psixoloq xidmətindən və bunun nə işə yarayacağından məlumatsız olan şəxsin birdən-birə ağır depressiv vəziyyətə düşməsi, ağır stressli hər hansı bir hadisə yaşaması intihar düşüncəsinin yaranmasını əsaslandırır. Ümumiyyətlə, ailə üzvlərinin istənilən çətin vəziyyətlərdə bir-birlərinə dəstək verə bilməsi, istənilən problemin ailədə müzakirə olunması, sevgi və dostluq hissləri olan münasibətlər intihar düşüncələrinin qarşısının alınmasında ən effektli təsirdir”.
Şəymən