Evlənmək istəyən xəstə gənclər müalicəyə göndərilməlidir
“Qeydiyyat Şöbələrinə müəyyən səlahiyyətlər verilməlidir”
Milli Məclisin payız sessiyasının ilk plenar iclasında deputat Elmira Axundova zöhrəvi xəstəlik daşıyıcılarının nikahdan öncə məcburi müalicəsini təklif edib: "Əvvəl belə şübhələr olub ki, yeni evlənənlərin xahişi əsasında həkimlər cütlüklərdən təhlükəli xəstəlikləri gizlədəcəklər. Şükürlər olsun ki, bu təsdiqini tapmadı, həkimlərimiz xəstəliklər haqqında cütlükləri məlumatlandırır, habelə ictimaiyyətə geniş informasiya verirlər. Yəni əllərindən gələni edirlər. Bu xəbərləri ictimailəşdirməklə paralel olaraq biz də tədbirlərimizi görməliyik”.
Zöhrəvi xəstəliklər sahəsində xoşagəlməz vəziyyət yarandığını və durumun gözlənildiyindən də ciddi olduğunu vurğulayan xanım millət vəkili deyib ki, Qeydiyyat Şöbələrinə gəncləri məcburi müalicəyə göndərməklə bağlı səlahiyyət verilməlidir: "2015-ci ilin avqustundan 2016-cı ilin sentyabrına qədər nikahdan əvvəl tibbi müayinədən 107 minə yaxın gənc keçib. Onlardan təqribən 9 min talassemiya, 700 siflis, 145 nəfərdə HİV-ə yoluxma aşkarlanıb.
Hesab edirəm ki, zöhrəvi xəstəliklər aşkarlandıqda xəstəlik tam sağalana qədər nikaha daxil olmanı qadağan etsinlər. Sağalması mümkün olmayan HİV və talassemiya xəstəliklərinə gəldikdə isə nikaha daxil olanlara xəstəliyin əzabları haqda ciddi və geniş informasiya verilməlidir. Əlbəttə, bütün cütlüklər öz seçimlərində sərbəstdir. Amma mənim fikrimcə, onlarla israrlı söhbət aparılmalı, bu prosesdə həkimlər və mütəxəssislər də iştirak etməlidir”.
"Hüquqi İnkişaf və Demokratiya” İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva da xanım millət vəkilinin təklifini dəstəkləyib: "Hesab edirəm ki, qan xəstəlikləri aşkar olunan gənclərin məcburi müalicəyə göndərilməsi ilə bağlı Qeydiyyat Şöbələrinə müəyyən səlahiyyətlər verilməlidir. Çünki bu xəstəlik daşıyıcılarının nikaha girməsi gələcəkdə əlil uşaqların doğulması təhlükəsini artırır ki, bu da birbaşa genefondumuza zərbədir. Cinsi yolla keçən dəri-zöhrəvi xəstəliklərindən siflis və herpes (uçuq) virusları gələcək nəsli zərbə altında qoyur. Herpes virusu orqanizmdə ömür boyu yaşayır, əsasən sinir sistemində olur və özünü heç nə ilə büruzə vermir. Buna görə də xəstələr çox vaxt öz partnyorlarını yoluxdururlar. Herpesin mütləq müalicəsi olmadığı üçün bu xəstəlik daşıyıcılarını sadəcə maarifləndirməklə sərbəst seçim haqlarını tanımaq lazımdır. Bu
xəstəliyin daşıyıcıları sadəcə immunitetlərini gücləndirməklə öz həyatlarını davam etdirməlidirlər. Xəstəliyi yüngülləşdirmək üçün preparatlar var. Herpes xərçəng əmələ gətirə bilər və daxili üzvləri zədələyən xəstə anadan doğulan uşağın xəstəliyə yoluxma ehtimalı çoxdur”.
Sitomeqalovirusun (SMV) da herpes ailəsindən olan infeksiyalardan biri olduğunu deyən Birlik sədrinin sözlərinə görə, bu xəstəlik qadınlarda hamiləlik vaxtı aşkarlanır: "SMV orqanizmin mayeləri ilə yaxın təmas zamanı keçə bilər. Virusun simptomları əsasən zəiflik, yüksək hərarət, boğazda ağrılar, yorğunluq və sairdir. Bu xəstəlik əsasən latet (gizli) şəkildə keçir. İnsan özünün yoluxmasını hiss etmir. Amma hamilə qadınlarda sitomeqalovirusun aşkar olunması birmənalı olaraq uşağın əlil doğulması ilə nəticələnir. Bu virusun ən pis xüsusiyyəti ondadır ki, infeksiya əleyhinə istifadə olunan dərmanlar da dölə ziyandır. Yəni bu virusu müalicə eləsən də, eləməsən də, döl üçün təhlükəlidir. Amma sitomeqalovirus hamiləlikdən qabaq aşkar olunarsa, müalicəsi rahatdır. Bu zaman qadının orqanizmi gücləndirilir və o evlənib hamilə qalanda, uşaq üçün ciddi bir təhlükə mənbəyi hesab olunmur. Genital herpesdə isə həssaslıq çox yüksəkdir. Onun birinci və ikinci tipləri vardır. Ən sadə herpes isə hər birimizə tanış olan dodaq uçuğudur. Yoluxmanın əlamətləri təmasdan 1 ay sonra büruzə verir. Yoluxma zamanı ağızda və xarici üzvlərdə səpkilər əmələ gəlir, cinsi üzvlərdən irin ifraz olunur. Qızdırma, baş və əzələ ağrıları olur. İnsanın virus pappilomasının isə müalicəsi indiyə qədər də tapılmayıb. Onun sadəcə peyvəndi var o da dövlət tərəfindən həyata keçirilmir. Amma bildiyim qədər Səhiyyə Nazirliyi gələn ildən pappiloma virusu ilə bağlı layihə işləyir. Həyata keçirilsə, biz də onlara dəstək olacağıq. Herpes virusları və siflisin məişət yolu ilə ötürüldüyü üçün daha təhlükəli hesab olunur. SPİD ancaq cinsi yolla keçdiyi üçün herpeslə müqayisədə təhlükəsi azdır”.
Siflisin müalicə olunan bir xəstəlik olduğunu vurğulayan Z.Mustafayevanın sözlərinə görə, xəstəlik hətta 4-cü mərhələyə çatsa belə, müalicə olunur: "Cinsi yolla ötürülən bu virusun ötürülmə yolları da genişdir: "Ona görə də Elmira xanımın fikirləri ilə tam razıyam. Müalicəsi mümkün olan zöhrəvi xəstəlik daşıyıcılarının evlənməsinə müəyyən məhdudiyyət qoyulmalıdır. Bir halda ki siflisin dərmanı var, müalicə olunsunlar, sonra evlənsinlər. Hətta cinsi əlaqə olmasa belə, siflis daşıyıcısı ilə bir yatağı paylaşan insanlar bu xəstəliyə yoluxa bilir. Siflisin müalicəsi ilə bağlı klinik protokollar var. Respublika Dəri Zöhrəvi Mərkəzi və Şəhər dəri Zöhrəvi Dispanseri tərəfindən siflisin müalicəsi aparılır”.
Cinayət Məcəlləsində yoluxucu xəstəlikləri yaymağa görə məsuliyyət nəzərdə tutulduğunu vurğulayan ekspert eyni zamanda yoluxucu xəstəliklərin müalicəsindən yayınma hallarına görə də məsuliyyət olduğunu deyib: "Evlənən cütlüklərdə siflis aşkar olunubsa, Qeydiyyat Şöbəsi nikahı onların öz seçiminə buraxmamalıdır. Yuxarıda da dediyim kimi, bu virus məişət yolu ilə yoluxduğu üçün hər hansı bir gənc cinsi partnyorunun da bu xəstəliyə yoluxmamasına zəmanət verə bilməz. Siflis daşıyıcısı ilə eyni hamamdan istifadə eləmək belə risklidir, nəinki evlənmək. Əgər sözügedən səlahiyyət Qeydiyyat Şöbəsinə verilsə, zöhrəvi xəstəlik daşıyıcılarının məcburi müalicəyə göndərilməsi və nikahın dayandırılması qanunvericiliyə uyğun olacaq”.
Şəymən