"Evlərə aparılıb satılan 19 litrlik sular ölü sudur" - Əhaliyə XƏBƏRDARLIQ

“Regionlarda su istehsalı müəssisələri üçün mədən vergisi azaldılmalıdır"



Su İstehsalçıları Birliyinin (SİB) sədri Dövlət Məmmədovun Lent.az-a müsahibəsini təqdim edirik.


- Azərbaycanda suyun keyfiyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanda istehsal olunan suyun keyfiyyəti çox yüksəkdir. Bu, 3 səbəblə - ölkəmizdə atom su elektrik su stansiyasının olmaması, su mənbələrimizin kimya zavodlarından uzaqda yerləşməsi və günəş şüalarının artıq olması ilə əlaqəlidir. Günəş şüaları da keyfiyyətli suyun yetişməsində effektlidir.
- Regionlarda su istehsalında vəziyyət necədir?
- Ölkənin regionlarında su zavodları Sovet hökumətinin dövründə tikilsə də, müasir avadanlıqlarla tam təmin olunub və keyfiyyətli su istehsal edirlər. Hazırda Naxçıvan Muxtar Respublikasında, Gədəbəydə, Qazaxda, Qəbələdə, Qaxda və başqa yerlərdə su istehsalı müəssisələrində istehsal olunan sular Bakı və Sumqayıt kimi böyük şəhərlərə gətirilərək əhaliyə çatdırılır. Bu zavodlarda istehsal olunan suların keyfiyyəti Azərbaycana başqa ölkələrdən gələn suların keyfiyyətindən daha yüksəkdir. Regionlarda istehsal olunan yerli sular təkcə daxili tələbatı ödəmir. Bu gün regionlardakı su zavodlarımız Ərəb ölkələrinə, Qətərə, Rusiyaya, Ukraynaya, Qazaxıstana, Türkiyəyə və başqa ölkələrə su satırlar. Yerli məhsullarımız həmin ölkələrdə yüksək alıcılıq qabiliyyətinə malikdir.
- Lakin regionlardakı su müəssisələri mədən vergisini ödəməkdə çətinlik çəkirlər.
- Əvvəllər regionlarda yerləşən su zavodları mədən vergisi olaraq suyun bir kubu üçün 6 manat ödəyirdi. Vergilər Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, bu ildən mədən vergisi 10 manata yüksəlib. Bu da həmin müəssisələr üçün əlavə xərcdir. Məsələ ondan ibarətdir ki, Bakıdakı su müəssisələri istehsal etdikləri su məhsullarının daşınmasına əlavə nəqliyyat xərci çəkmirlər. Regionlarda yerləşən su müəssisələri isə Bakıya su gətirmək üçün əlavə nəqliyyat xərci çəkirlər. Eyni zamanda bu gün həmin su müəssisələri istehsal üçün lazım olan bəzi avadanlıqları xaricdən dollarla alırlar. İstehsal olunan suyu qiyməti dəyişmədən satdıqları üçün bu da onlara sərf etmir. Nümunə olaraq, Naxçıvandan Bakıya 1 litr suyu gətirmək üçün 1500 manat, Gədəbəydən su gətirmək üçün 600 manat, Qazaxdan gətirmək üçün isə 400 manat xərclənirsə, əlavə xərc sayılır. Eyni zamanda müəssisələrin inkişafı üçün, lazımı məhsulları istehsal etmək üçün əlavə gəlir mənbəyi olmalıdır. Buna görə iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edirik ki, bu məsələnin dövlət qarşısında həllinə yardım etsin. Regionlarda olan su müəssisələrinin bu probleminin həll olunacağına ümid edirik.
- Su bazarında saxta sular müşahidə olunurmu?
- Respublikaya əsasən Rusiyadan, Gürcüstandan, Ukraynadan, Fransadan, Almaniyadan su gətirilir. Onu da deyim ki, Azərbaycana xaricdən sonsuz sayda keyfiyyətsiz məhsullar da daxil olur. Əksəriyyəti Azərbaycanda fəaliyyət göstərən sexlərdə qablaşdırılan sulardır. Xüsusilə Rusiyadan, Gürcüstandan, Türkiyədən gətirilən suların üstündəki qeydlərlə tərkibi uyğun gəlmir. Təəssüflər olsun ki, aidiyyatı orqanlar həmin sexlərin yerini müəyyənləşdirməkdə maraqlı deyil. Dəfələrlə bu barədə birliyimiz tərəfindən yoxlama aparılıb. Gürcüstandan ölkəyə gətirilən sular gizli sexlərdə qablaşdırılır. Bu suların tərkibində alüminiumun miqdarı yüksəkdir. Bu da insan orqanizminə çox ziyandır, hətta böyrəklərdə daş əmələ gətirmə təhlükəsi də yaradır.
Bu yaxınlarda Rusiya istehsalı olan "Borjomi”, "Yesentuki” sularının keyfiyyətsiz olması ilə bağlı rus mətbuatında məlumat da getmişdi. Rusiya istehsalı olduğu iddia edilən "Aquşa” sularının keyfiyyətsiz olduğu müəyyənləşib. Üzərində uşaq üçün nəzərdə tutulduğu qeyd edilir. Amma su uşaq və böyüklər üçün kateqoriyaya bölünmür.
Ölkəyə gətirilən sular istənilən səviyyədə yoxlanılmır, birbaşa ticarət obyektlərinə paylanılır.
- Son zamanlar evləri qapı-qapı gəzib su satmağa da cəhd göstərirlər...
- Əvvəllər bu sahədə mübarizə daha güclü aparılırdı. Son vaxtlar bir çox işbazlar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” ilə bağlı fərmandan sui-istifadə edirlər. Buna görə də su bazarında saxta suların satışı artıb.
Hətta saxta su istehsal edən müəssisələr sularını birbaşa evlərə aparıb qapı-qapı satırlar. Məsələn, son vaxtlar 19 litrlik saxta suların satışı müşahidə olunur. Halbuki həmin sulardan dükanlarda satılmır. İstehlakçılar da diqqət etməlidirlər: əgər həmin sudan dükanlarda satılmırsa, deməli, saxtadır. Evlərə aparılıb satılan 19 litrlik sular ölü sudur və tərkibindəki bütün minerallar çıxarılıb. Antisanitar qaydada istehsal edilən, mənbəyi bilinməyən bu su insanda xəstəlik yarada bilər. Əhalinin də diqqətinə çatdırmaq istəyirəm ki, 19 litrlik suları alıb içməsinlər.
- Xaricdən gətirilən sularla bağlı hansı tədbirlər görülməlidir?
- Yaxşı olardı ki, respublikaya gətirilən sulara kvota qoyulsun və yerli istehsal artsın. Ölkə ərazisində yerli istehsal getdikcə azalır. Əgər yerli istehsalı inkişaf etdirmək istəyiriksə, xaricdən gətirilən sulara kvota qoyulmalıdır. Necə ki, Rusiya, Ukrayna və Belarusda bu qayda tətbiq edilir. Azərbaycanın su bazarını standartlara cavab verməyən Rusiya, Gürcüstan suları, limonadları bürüyüb. Azərbaycanda istehsal edilən su məhsullarının isə yalnız 5-10 %-i respublikadan kənara satılır. Ancaq yaxın 2-3 il ərzində bu satışın 30-40 %-ə çatacağı gözlənilir.
- Sudan zəhərlənmə halları nə zaman baş verir?
- Sudan zəhərlənmə halları əsasən dükanlarda plastmas qablarda satılan sularla bağlı qeydə alınır. Buna da səbəb həmin suların düzgün saxlanma qaydalarına əməl olunmamasıdır. Elə indi şəhərə çıxıb gəzsək, günəşin altında satılan sulara rast gələrik. Halbuki, bu, çox təhlükəlidir. Günəşin altında qalan suların plastmas qabı suyun tərkibindəki minerallarla reaksiyaya girir və nəticədə su zəhərlənməyə səbəb olur. Ümumiyyətlə, standarta görə, su 20 dərəcəyədək temperaturda, sərin yerdə saxlanmalıdır. Buna birbaşa cavabdeh həmin mağaza sahiblərdirlər. Ölkədə bu sahəyə nəzarət çox aşağıdır.
- Bəs, krandan gələn su zəhərlənməyə səbəb ola bilərmi?
- Kran sularının zəhərlənmə ehtimalı çox aşağıdır. Sular paylayıcı anbarlar vasitəsilə evlərə ötürülür. Suyun keyfiyyəti evə gəlib çatanda itə bilər. Bu da onunla bağlıdır ki, bəzi su ötürücü borular Sovet dövründən qalıb və paslanıb. Onlar dəyişdirilməlidir. Hazırda "Azərsu” ASC tərəfindən bu istiqamətdə işlər aparılır.