Ukraynada soydaşlarımızın müdafiəsi yüksək formada təşkil olunmalıdır
Azərbaycanın Ukraynadakı səfirliyi Azərbaycan mətbuatına müraciət edib. Müraciətdə bildirilib ki, son zamanlar yerli mətbuatda Ukraynada yaşayan bəzi azərbaycanlıların problemləri və o cümlədən aktiv fəaliyyət göstərən Azərbaycan şirkətləri ilə bağlı məlumatlar şişirdilib. Səfirliyin iddiasına görə, bu kimi yazılar ölkənin imicinə zərbə vurur:
"Azərbaycanla Ukrayna arasında tarixi köklərə əsaslanan xüsusi dostluq və strateji əlaqələr mövcuddur. Çoxsaylı oxucu kütləsini cəlb etmək üçün yazılan sensasiya xarakterli məqalələr münasibətlərə təsir edə bilməz”. Qurumdan vurğulanıb ki, iki ölkənin əlaqələrinə dair materiallar dərc edilərkən səfirliklə razılaşdırılsın və razılıq olmadan məqalələr dərc olunmasın.
Müraciətlə bağlı "Şərq”ə danışan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-tədqiqatçı İlqar Altay deyib ki, Ukrayna bizim üçün dost dövlətdir. Həmin ölkə ilə dövlət və cəmiyyət səviyyəsində hərtərəfli səmimi münasibətimiz və əməkdaşlığımız var:
"Ukrayna dövlətçiliyinin ən çətin anında, çoxlarının cürət etmədiyi halda, Azərbaycan onun ərazi bütövlüyünü dəstəkləyib. Ancaq bununla belə, Ukraynada yaşayan soydaşlarımızın, iş adamlarının müxtəlif qanunsuzluqlara, sıxıntılara, təzyiq, oğurlanma, xəsarət və hətta qətllərə məruz qalması faktdır. Bunu danmaq olmaz. Kriminal və siyasi təsir gücünə sahib erməni əsilli Avakov kimi naziri olan bir ölkədən bunu gözləmək olar. Bu faktları gizlətmək, dövlət və ictimai səviyyədə reaksiya verməmək yeni zorakılıqlara rəvac verəcək. Əgər vaxtında ciddi reaksiya verilməzsə, proses daha böyük, səs-küylü faciə ilə bitə bilər”. Ekspertin sözlərinə görə, müvafiq dövlət qurumları xaricdəki vətəndaşlarımızı qorumalıdır, çünki bu onların borcudur: "Vətəndaşları qoruma işini xarici ölkələrdəki səfirliklər həyata keçirir. Azərbaycanda hansısa xarici vətəndaşın burnu qanayan kimi tez Bakıdakı səfirliklərinə qaçırlar və səfirlik dərhal işə qoşulur. Ukraynada da soydaşlarımızın müdafiəsi yüksək formada təşkil olunmalıdır. Görünür, Ukrayna səfirimiz bu kimi təzyiq hallarına Azərbaycan ictimaiyyətinin, medianın xüsusi diqqət ayırmasına iki ölkə arasında münasibətlərin gərginləşməsi faktoru kimi baxır. Yəni məsələyə diplomatik nöqteyi-nəzərdən yanaşır. Ola bilsin, səfirimiz problemin qabardılmasının onun fəaliyyətini çətinliyə salacağından, rəhbərlik tərəfindən qınanılacağından narahatdır. Ancaq ortada ciddi problem varsa, həll edilməlidir. Üstünü malalamaqla məsələ həll etmək mümkün deyil”.
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl da deyib ki, Ukraynada soydaşlarımızla bağlı yayılan söz-söhbətlərə səfirlik son qoymalıdır. Çünki səfirlik həmin ölkədə birləşdirici funksiyanı həyata keçirir:
"Yaxşı olar ki, səfirlik Azərbaycanın yerli media orqanlarını ittiham etmək əvəzinə, Ukraynadakı işini düzgün qursun və problemlərin aradan qalxması üçün çalışsın. Orada çoxlu məqamlar, biznes maraqları var”.
İsmayıl