Məktəblərə fənn və məzmun seçimində muxtariyyət verilməsi məsələsini "Şərq”ə şərh edən əməkdar müəllim Almaz Həsrət bunu ən aktual mövzu adlandırdı:
“Fənn seçimi şagirdlərin ixtiyarına verilməlidir”
Almaz Həsrət: “Əvvəlcə, məktəbdəki kadrların buna hazır olmaları müəyyənləşməlidir"
Məktəblərə fənn və məzmun seçimində muxtariyyət verilməsi məsələsini "Şərq”ə şərh edən əməkdar müəllim Almaz Həsrət bunu ən aktual mövzu adlandırdı:
Fənn seçimində bəzi orta ümumtəhsil məktəblərinə muxtariyyət verilə bilər. Bu barədə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev məlumat verib. E.Əmrullayev deyib ki, kurikulum sistemi ilə bağlı yeni standartlar hazırlanıb və müzakirəyə təqdim olunub.
APA-nın xəbərinə görə, E.Əmrullayev yeni standartlarda nəzərdə tutulan bəzi dəyişiklikləri açıqlayıb. Şöbə müdirinin sözlərinə görə, yeni standartlara dəyərlər əlavə olunub: "İlk vaxtlar kurikulum sistemində mövzu əsas rol oynayırdı. 2008-ci ildən isə bu günə qədər kurikulum sistemi bilik və bacarığa əsaslanırdı. Xeyirxahlıq, vətənpərvərlik və sevginin aşılanması yeni standartlarda öz əksini tapıb”.
E.Əmrullayev qeyd edib ki, digər əsas dəyişiklik öz keyfiyyətləri ilə seçilən bəzi məktəblərə müəyyən çərçivələrlə fənlər və məzmunla bağlı muxtariyyətin verilməsidir: "İndiki sistem buna imkan vermir. İlkin mərhələdə bu, çox az sayda məktəblərə şamil olunacaq. Bu məktəbləri Təhsil Nazirliyi seçəcək. Məktəblər öz fənlərini müəyyən etməkdə daha çox muxtariyyət əldə edəcəklər. Biz müzakirələr zamanı təkliflər gözləyirik. Bundan sonra isə sənəd təsdiq üçün hökumətə göndəriləcək”.
Məktəblərə fənn və məzmun seçimində muxtariyyət verilməsi məsələsini "Şərq”ə şərh edən əməkdar müəllim Almaz Həsrət bunu ən aktual mövzu adlandırdı:- Respublika üzrə təhsilin səviyyəsi nəzərə alınarsa, eyni məzmunun hər yerdə, bütün məktəblərdə özünü doğrultmadığını görə bilərik. Fənlərin, məzmunun mənimsənilməsi səviyyəsi məktəblər üzrə fərqlidir. Burada qeyri-adi bir şey də yoxdur. Tamamilə təbii bir prosesdir. Deyək ki, paytaxtda müasir informasiya-kommunikasiya sistemləri ilə təchiz olunmuş məktəblə, hansısa regionda texniki avadanlıq sarıdan korluq çəkən məktəb eyni səviyyəni nümayiş etdirə bilməz. Məktəblərin maddi-texniki və kadr bazası baxımından bəzi standartları eyni səviyyədə doğrultması qeyri-mümkündür. Hər şagirdin qavrama qabiliyyəti fərqlidir. Bunu nəzərə alaraq da hər məktəb özünün şagirdlərinin bilik və bacarığına uyğun tədris proqramı hazırlamalıdır. Bu vaxta qədər məktəblərə öz kurikulum proqramlarını hazırlamaq imkanı verilmirdi. Müəllim məcbur idi ki, tədrisi ümumi tədris proqramına uyğun keçirsin. Amma yeni standartlar hər məktəbə özünün təlim proqramını qarşısındakı obyektə uyğun, şagirdin sifarişinə uyğun yeni təlim proqramı hazırlamasına imkan verəcək. Yeni təlim proqramı şagirdin qavrama qabiliyyətinə uyğun hazırlanmalıdır.
A.Həsrət məktəblərdəki müəllim kadrlarının yeni standartlara hazırlığının da ciddi məsələ olduğunu dedi:
- Əvvəlcə, müəyyənləşməlidir ki, məktəbdəki kadrlar buna hazırdırmı? Mən yeni standartlarla bağlı təklifləri böyük ümidlə gözləyirəm. İnanın ki, bunun sayəsində nə qədər müəllim işığını görəcəyik. Regionlarda bəlkə də elə müəllimlər çalışır ki, çox gözəl ideyaları, layihələri var. Amma kölgədə qalıblar, kimsə onlar barədə məlumatlı deyil. Yeni standartlar yeni müəllim ziyasını da üzə çıxarmalıdır. Hər müəllim çalışdığı məktəbin yerləşdiyi əraziyə, şagirdlərinin səviyyəsinə uyğun təlim proqramı yarada bilər. Bu, yeni təlim metodları, yeni qiymətləndirmə deməkdir.
A.Həsrət yeni təlim proqramına uyğun fənn seçimlərinin şagirdlərin ixtiyarına verilməli olduğunu bildirdi:
- Məlumdur ki, son illər məktəblərdə ixtisas qrupları üzrə qruplaşma aparılır. 1-ci və 2-ci ixtisas qruplarını seçənlərlə 3-cü ixtisas qrupunu seçənlər siniflərdə cəmləşir. 4-cü və 5-ci ixtisas qrupları isə azlıqda qalır. Ümumiyyətlə, heç bir ixtisası seçməyənlərsə "qarışıq”, "adi” sinif adı altında birləşdirilir. Çalışırlar siniflərdə 25 şagird olsun ki, komplektləşmə tamamlansın. Məncə, 25 mütləq say olmamalıdır. Bir sinifdə 10 şagird də təhsil ala bilər. Təki tədris ciddi aparılsın. Həmçinin, mən belə bölünmənin şagirdlərin normal tədris proqramı keçmək hüququnu pozduğu qənaətindəyəm. Necə yəni, "xüsusi sinif”, "qarışıq”, "adi sinif”? Belə ayrıcalıq şagirdlərə mənfi təsir edir. Bunu da istisna etmirəm ki, "qarışıq” siniflərdə parlaq istedadlar itə bilər. Çünki bu siniflərə normal dərs də keçilmir. Bəlkə o siniflərdən istedadlı gənclər yetişəcək? Bəzi yerlərdə ixtisas seçimi heç düzgün aparılmır. Hələ, ixtisas seçməyən şagirdlərin ümumiyyətlə, başqa məktəbə göndərilməsi halları da olur. Rəhbərlik şagirdə deyir, get başqa məktəbdə oxu. Şagirdi təhsil aldığı məktəbdən başqa bir məktəbə göndərməyə heç kimin haqqı çatmır. Ümumiyyətlə, yeni standartlardan danışırıqsa, fənn seçimi şagirdlərin ixtiyarına verilməlidir. Bunu müəyyən etmək üçün şagirdlər arasında anonim sorğu keçirilməsi kifayətdir. Bilirsiz, bəzən şagird təmayülünü özü seçmir. Bəzən valideynin, bəzən sinif müəlliminin təsiri altında qərar verir.
Hətta sinif yoldaşına, dostluq etdiyi şagirdə görə ixtisas qrupu seçənlər də var. Fənn yönümünü heç bir halda müəllimlərin öhdəsinə də vermək olmaz. Təcrübədən bilirik ki, məsələn, kimya müəllimi şagirdləri "kimyalaşdırmaq” istəyir, deyək ki, ədəbiyyat müəllimi də istəyir, bütün şagirdlər şair, yazıçı olsun. Bütün bu məqamlar nəzərə alınmaqla fənn seçimi mütləq qaydada şagirdlərin öz ixtiyarına verilməlidir. Çünki şagird özünün maraq göstərdiyi və seçdiyi fənni daha həvəslə öyrənir.
Məlahət Rzayeva