
Fərhad Ağazadənin “Mətbuatın tarixi” əsəri
Akif Aşırlı
![]()
Azərbaycan jurnalistika tarixində unudulan, adı nadir hallarda xatırlanan Fərhad Ağazadənin mili mətbuatımızın, publisistikamızın inkişafında xidmətləri sayılmaqla qurtarmaz. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən böyük nəşrləri "Açıq söz”, "Azərbaycan” qəzetlərində milli problemləri qələmə alan bu böyük mətbuat fədaisi eyni istəklə Azərbaycanın sovetləşməsi dönəmində də çalışıb, yaradıcılıq enerjisini əlifba islahatının aparılmasına sərf edib. "Kommunist”, "Yeni yol” qəzetlərində, "Maarif işçisi”, "Yeni məktəb” jurnallarında əzmlə çalışıb.

Qori Müəllimlər Seminariyasının məzunu, dövrün görkəmli qələm əhli olan Fərhad Ağazadə 1880-ci il avqustun 19-da Şuşada anadan olub. Zəkası, ağlı və istedadı ilə həmyaşıdlarından seçilən Fərhad Şuşa şəhər məktəbini bitirdikdən sonra 1898-ci ildə Tiflisin Qori şəhərində açılmış Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olur və 1900-cü ildə oranı bitirir. 1901-1905-ci illərdə Xaldan, Şuşa, Gorus və Gəncə ibtidai məktəblərində müəllim işləyir. 1905-ci ildən sonra pedaqoji fəaliyyətini Bakıda davam etdirir. Əli bəy Hüseynzadə məktəbi kimi tanınan "Səadət” məktəbində müdir müavini kimi çalışır. Mahir pedaqoq kimi tanınan F.Ağazadə Qafqaz müsəlman müəllimlərinin Bakıda keçirilən 1-ci (1906) və 2-ci (1907) qurultaylarının təşkilatçılarından və iştirakçılarından olur. 1908-ci ildə qurultayın idarə heyətinin tapşırığına uyğun 5 nəfər müəllim yoldaşı ilə birgə "İkinci il” dərsliyini tərtib edib nəşr etdirir. Anadilli məktəblər üçün kitabların yazılması işini davam etdirən pedaqoq 1912-ci ildə "Ədəbiyyat məcmuəsi”ni ərsəyə gətirir.
Mirzə Fətəli Axundov, Rza Daniş və Məhəmmədağa Şahtaxtinskidən sonra əlifba islahatı uğrunda mübarizənin yeni müstəqil mərhələsi Ağazadənin adı ilə bağlıdır. 1906-cı ildən başlayaraq Azərbaycan ədəbiyyatı və dilinin inkişafı üçün fəaliyyətə başlayan Ağazadə bu sahədə xeyli iş görüb, ərəb qrafikalı əlifbanın yeni latın əlifbası ilə əvəzlənməsində böyük fədakarlıqlar edib. Lakin Çar Rusiyasının Azərbaycanda müstəmləkəçi siyasəti Fərhad bəyin arzularının reallaşmasına imkan vermir. Uzun zaman çəkdiyi zəhmət ictimaiyyətin diqqətinə çatdırılmır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Maarif Nazirliyi nəzdindəki əlifba komissiyasının işində iştirak etməklə yanaşı, F.Ağazadə dövri mətbuatda mühüm ictimai-siyasi məsələləri çox sərrast şəkildə, vətəndaş mövqeyindən işıqlandırır.
Araşdırmalardan məlum olur ki, Fərhad Ağazadə cümhuriyyətin rəsmi orqanı olan "Azərbaycan” qəzetinin ən fəal yazarlarından olub. Qəzetin 1919-1920-ci illərdəki saylarında demək olar ki, onun onlarla məqaləsi, özü də bəzən silsilə yazıları işıq üzü görüb. Məqalələrində elm və təhsil problemi, ana dilinin inkişaf istiqamətləri və mövcud çətinliklərdən xilas yolları aranır, nəzəri-konseptual mahiyyət ortaya qoyulur.
Fərhad Ağazadənin mətbuat tarixinin müxtəlif mərhələlərinin araşdırılmasında da böyük əməyi var. 1925-ci ildə "Kommunist” nəşriyyatının mətbəəsində onun Həsən bəy Zərdabinin həyatı, fəaliyyəti barədə yazdığı kitab bu gün də zərdabişünasların istifadə etdiyi əsas mənbələrdəndir.
Mətbu irsi və jurnalistik fəaliyyəti hələ də öz tədqiqatçısını gözləyən F.Ağazadənin "Azərbaycan” qəzetinin 1920-ci ilin aprelin 2-dən 22-dək 5 nömrəsində (№65, № 72, № 78, № 80, № 81) "Mətbuatın tarixi” silsilə məqalələri çap olunub. Qədim dövrdən başlayaraq yüz il öncəyədək dünyanın müxtəlif ölkələrinin mətbuat tarixinə nəzər salan müəllif günümüz üçün də maraq doğuran məlumatlardan, mənbələrdən yararlanaraq bitkin bir əsər ortaya qoyub. Jurnalistika tarixi ilə maraqlananlar və xarici ölkənin mətbuat tarixini öyrənən jurnalistika fakültəsi tələbələri üçün əhəmiyyətini nəzərə alıb heç bir şərh vermədən məqalələri "Şərq”in səhifələrində dərc edirik.
*** ***
Mətbuatın tarixi
Dili olmayan millətin ədəbiyyatı, ədəbiyyatı olmayan millətin də mətbuatı yoxdur. Bu axırkı nemətdən məhrum olan millətlər indi yaşayırlarsa da, miruri zamanə (zaman keçdikcə) özgə nüfuzu və təsiratına məruz qalaraq, milliyyətini vəqtilə qayib etməklə məhkum olacaqlar. Bu sübut Amerika və Avstraliya qitələrində indi yaşayan bir çox millətlərdir ki, babalarının dillərini çoxdan unudub mədəni qonşularının mətbuatına qapılmışlar.
Türk aləminin mətbuatı varsa da, məəltəəssüf hələ buna məna verənlərimiz azdır.
Avropa tərbiyəlilərimiz rus, alman, frəng qəzetlərini qoyub türk qəzetlərini oxumazlar. Olur ki, bunların ana dilinə və fərqi olmadığı üçün türk qəzetlərinə də məhəbbət göstərməzlər. Min illərcə ağır məşəqqətlərə qatlaşıb ən çətin əcnəbi dillərini öyrənmiş cavanlarımıza asan tələffüzlü və ahəngli bir ana dilini öyrətmək üçün çox zaman və vəqt lazımdır. Oxucusu olmayan mətbuat yaşamaz. Mətbuatı olmayan ölkə əsil mədəniyyətindən geri qalıb mövcudiyyəti hifz edə bilməz. İştə Azərbaycanı sevən vətəndaşlarımız türk mətbuatının davam və tərəqqisinə var qüvvələrilə çalışmalıdırlar. Mətbuat sayəsində avropalıların tərəqqisini öyrənmək üçün bunun tarixinə müraciət etməliyiz.
Min il bundan irəli nəşrilə şuru (başlamış) edilmiş və əsrimizə qədər davam edə bilmiş bir qəzetə varsa, o da Şərq ölkəsində çinlilərin "Kinbanu” adlı qəzetələridir.
Avropada bu qədər uzun ömür sürən bir qəzetəyə təsadüf edilməz. Buranın birinci qəzetəsi Roma şəhərində yazılmışdır. O vaxtlar üsulu-təbdən (çap işlərinədək) heç bir əlamət yox idi. Odur ki, hər bir şəhər əliylə yazılardı.
Romanın birinci açta genatus adı ilə parlaman müqabilində olan sibatonk (parlament) müzakirələrindən ibarət idi ki, mütəhəddit (bir çox) nüsxələrə yazılıb ölkənin qubernatorlarına və sair mühüm yerlərinə göndərilirdi. Xüsusi bir idarədə toplanan mühərrirlərə, müdəddirin (katibin) diqtəsiylə sinatonk ənvan-qəti (müxtəlif ölçülərdə) namələrini yazıb, hər biri bir nüsxə tamam edərdi. Sonralardan buna məmləkətin sair vüquatı və hadisatını da əlavə etdilər.
Cəridə yazıb ətrafa göndərmək adəti Romadan sair şəhərlərə də əzan-cümlə (o cümlədən) venedik bəndərinə də köçürüldü. Buranın mükəmməl qüvveyi-bəhriyyəsi olduğu üçün uzaq məmləkətlərdən qayıdan ticarət gəmilərinin gətirdikləri xəbərləri də əlavə olaraq cəridənin bundan sonrakı nüsxələri daxili işlər ilə bərabər xarici vüquata da girişdi.
Böylə ki, bundan sonra cəridənin məzmunu ümumiləşərək Koreya-ərzin (yəni yer kürəsi) hər tərəfinə məlumat verməyə başladı. Onun üçün cəridə maraqlıları artdı. Nüsxələrin qiyməti ucuzlaşdı. Böylə ki, nüsxənin biri "qəzette” adlı xırda bir akcaya satıldığı üçün cəridəyə də qəzetə adı verildi. Romada da, Venedik də və Avropanın sair cəhətlərində yazılmış birinci qəzetlərin dili latınca olmuşdur. Çünki o vaxtın üləma və üdəba və ziyalıları tamamən latınca yazıb konuşurdular. Sonralardan firəngcə və almanca da qəzetə yazmaq şüru (başlamışlar) etmişlər.
Birinci qəzetələrdən heç bir əlamət qalmamışdır. Viyana kitabxanasında məhfuz (saxlanılan) qəzetələrin ömrü 1568-ci ildən o yana keçməmişdir. Yəni bizim əlimizə çatan köhnə qəzetələrin qədimliyi 350 ildən ziyadə deyildir. Halbuki bu tarixdən irəli dünyaya gəlmiş bir çox qəzetələr vardır, fəqət bunları insan övladı hifz etmədikləri üçün (məhv) olub, əsrimizə qədər davam edə bilməmişdir.
Millətlərin mətbuatı bir vəqtdə başlamadığı üçün hər bir millətin mətbuat tarixini ayrıca göstərməliyəm.
Başlayaq, almanlar: Kökdən Almaniya mətbuatının birinci müəssisəsi Miqatel fon Aysinm adlı bir avstriyalı idi. O vaxtın ruhaniləri arasında din və məzhəb mübahisələri davam edirdi. Bu mübahisələrdən risalələr yazaraq 1583-cü ildən Miqatel bir Almaniya qəzetəsi tərtib verib, intişar etdirirdi.
İyirmi il bu fəqərədən (yəni mövzudan) sonradan Almaniyanın mətbu qəzetəsi meydana gəlmişdi. Qəzetə məsləginə Almaniya hökmdarlarının əzan cümlə (o cümlədən) Böyük Fredrixin böyük təsirləri olmuşdur. Müharibəyə hazırlanırkən əhalinin diqqətini bu fəqərədən daşındırmaq üçün onun hökmü ilə qəzetələrə bir çox uydurma şeylər yazılırdı.
Məsələn, bir gün Almaniya məhsulatının dolu və yağış ilə tələf olub qeyd edilməsini hökmü ilə qəzetələr yazdılar. Əhalinin marağını cəlb etmiş bu fəqərə (bu mövzu) bir çox mübahisələrə yol açdı. Həqiqətin kəşfi hasil edincə əhalinin başı məşğul oldu və kral da müharibə tədarükatını o vaqtadək hasil edib məramına nail oldu. Alman mətbuatının hürriyyəti məhdud olduğu cəhətə əcnəbi mətbuatı bundan istifadə edərək propaqanda cəridələrini buraya doldurmağa başladılar. Odur ki, məmləkətin şimali İngiltərə ədəbiyyatı, cənubu da fəring ədəbiyyatı təsiri ilə qalıb. İki cərəyan bir-birinə zidd iki amal hasil olmuşdur. İştə vətənin özünəməxsus azad hürriyyəti olmazsa, özgənin müdaxiləsilə azadlıq alınmaz.
XVIII əsrdə Almaniyanın mətbuatı Napoleonun zərbəsiylə daha da məhdudlaşır. O vaxtlarda Almaniya dövləti parçalanıb mütəfəriq (parçalanmış) xırda knyazlıqlar üsulə gətirmişdir. Bu təfriqənin sayəsində Almaniyanın gələcək tərəqqisinə böyük bir sədd çəkilmişdir. Napoleonun bura gəlməsini alman millətpərəstləri birfali-xeyr qarşılayıb təfriqənin bunun əliylə götürülməsinə böyük bir etiqad bağladılar. Fəqət Napoleonun məqsədi başqa idi. Mətbuata aid verdiyi hökmdə yazmışdı ki, "hər kəs istədiyini yaza bilər”.
(Davamı var)
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb