“Ferma”da nöqsanlar var

Gərək qızla-oğlanın dava səhnəsi montaj ediləydi
Televiziyalar realiti-şoularla zəngindir və tamaşaçının da seçim imkanları əlindən alındığından bu layihələrin zorən izləyicisinə çevrilir. "Qəfəs” realiti-şousu yəqin çoxlarının yadındadır. Bir evin içinə toplanmış qız-oğlanlar elə nalayiq hərəkətlərə yol verdilər ki, sonunda ən yüksək səviyyədə məsələyə müdaxilə zərurəti yarandı və layihə yarımçıq dayandırıldı.
Guya hərbi-vətənpərvərlik məzmunlu bir realiti-şou da vardı, sonunda məlum oldu ki, iştirakçıların ailələri SMS fırıldağı ilə üzləşib. Hətta iştirakçıların valideynləri mətbuat konfransı keçirib aldadıldıqlarını da bəyan etdilər. Yəni, bu tip layihələr Azərbaycan efirində gözlənilən effekt vermir. Azərbaycan cəmiyyəti bir neçə oğlanla bir neçə qızın haradasa uzaqlarda birgə yaşayış şərtləri altında qalmasını qəbul etmir. Bunu milli dəyərlərə zidd sayır və iştirakçılara etibarsız yanaşır və onlar barəsində arzuolunmaz ifadələr işlədilir.
"Region TV”-də yayımlanan "Ferma” realiti-şousunda baş vermiş olaylar bu tip layihələrə inamsızlığın heç də əsassız olmadığını sübut etdi.
Məlum olduğu kimi, "Ferma” realiti-şousunun iki iştirakçısı arasında gərginlik yaşanıb, oğlan iştirakçı qız iştirakçı ilə dalaşıb, vəziyyət hətta əlbəyaxa dava səviyyəsinə çatıb, iştirakçılar biri-birini ağır ifadələrlə təhqir ediblər. Realiti-şounun həmin bölümü sosial şəbəkələrdə də yayılıb. Aşkar görünür ki, oğlan iştirakçı - Fuad, qız iştirakçı - Nərminə qarşı kobud davranır, çaydanı, fincanı yerə çırpır, sonra qızla oğlan arasında süpürləşmə başlayır, oğlan qızın yaxasından yapışıb, vurmaq istəyir, bu məqamda digər iştirakçılar işə qarışır, gah oğlanın ağzını qapayırlar, gah da qızın.
İndi sual olunur; realiti-şouların tipi budur ki, orada kim nə istəsə edə bilər, təhqir etmək, dalaşmaq, söyüş işlətmək, hər cür qeyri-etik hərəkətə icazə verilir, təki veriliş "baxımlı” olsun?! Tamaşaçı toplasın, iştirakçılar reklam olunsunlar, kimlərsə onları dəstəkləsin?! Milli Teleradio Şurası niyə bu mədəniyyətsizliyə, səviyyəsizliyə, bayağılığa göz yumur?
"Həmin kadrlar montaj olunmalıydı”
Məsələyə münasibət bildirən peşəkar telejurnalist Qulu Məhərrəmli hesab edir ki, realiti-şouda qeyri-etik davranışlara yol verilmişdisə, onlar montaj zamanı kəsilməli və efirə verilməməliydi:
- "Region TV”-də realiti-şounun olması çox yaxşıdır. Bu, həm televiziyanın inkişafı baxımından, həm də cəmiyyətə müəyyən mesajlar ötürülməsi baxımından yaxşıdır. Çünki realiti-şoular vasitəsilə adətən cəmiyyətə maraqlı mesajlar verilir. Məlumdur ki, belə layihələr mübahisə və intriqalar üzərində qurulur. Yəni, bu, həmin layihələrin formatı belədir. Ancaq təəssüf ki, nə mübahisələrin, nə intriqaların həddi, nə də kriteriyalar düzgün müəyyənləşdirilir. Layihə rəhbərləri mübahisə və konfliktlərə realiti-şounun bir elementi kimi yanaşıb hədlər müəyyənləşdirməyi lazım bilmir. Bu da arzuolunan deyil. İştirakçıların seçimində yanlışlıqlara yol verilir. Düzgün seçim aparılmır. Ona görə də əksər hallarda iştirakçıların səviyyəsi aşağı olur. Etikadan kənar davranışlar, ifadələr iştirakçılar arasında geniş yayılır. Realiti-şounun daşıdığı missiyadan asılı olmayaraq etikadan kənara çıxmaq doğru deyil. Layihə rəhbərləri bu verilişlərin geniş auditoriya üçün nəzərdə tutulduğunu unutmamalıdır. Əlbəttə, çox yaxşı olardı ki, qızla-oğlanın mübahisə səhnəsi montaj ediləydi və efirə verilməməyəydi. Görünür, layihə
rəhbərləri bu mübahisəni intriqa elementi kimi vacib hesab etdiklərindən onun montaj olunmasını istəməyiblər. Bir çox televiziyalar reytinq xətrinə, verilişin baxımlılığını artırmaq üçün hətta bəzən süni konfliktlər də yaradır. Ancaq bu, yanlışdır. İntriqanın, konfliktin, mübahisənin də bir həddi var. O hədd keçilməməlidir. Etik normaları heç bir halda pozmaq olmaz.
Q.Məhərrəmli medianın bu kimi məsələlərə həssas yanaşmasını da alqışladı:
- Çox yaxşıdır ki, media bu kimi məsələlərdə korrektura işini könüllü öhdəsinə götürür. Televiziya hiss etməlidir ki, ona ictimai nəzarət var və bunun da başında mətbuat, media dayanır.
Döyülən iştirakçı uzaqlaşdırıldı
"Region” TV-nin mətbuat xidmətinin rəhbəri İsmayıl Həsənov "Ferma” realiti-şousunda yaşanan olay ilə bağlı açıqlama verib.
Axşam.az-ın məlumatına görə, kanal rəsmisi bunları söyləyib:
"Efirimizdə yayımlanan bu veriliş hazırda Azərbaycan teleməkanındakı yeganə realiti-şoudur. Dünya praktikasına nəzər salsaq görərik ki, bir çox telekanalda yayımlanan realiti-şoularda da belə hallar tez-tez yaşanır. Bu formatdakı verilişlərdə iştirakçıların düşdükləri vəziyyətlərdəki emosiyaları, iradə nümayişləri sınağa çəkilir. Bu layihənin əsas məqsədi şəhər həyatına öyrəşmiş insanları bir araya toplayaraq, onları əməyə, zəhmətə, kənd həyatının çətinliklərinə öyrəşdirmək və bu çətinliklərdən birlikdə çıxış yolunu axtarmağa sövq etməkdir”.
İsmayıl Həsənov sözügedən kadrlarda döyülmə faktının olmadığını bildirib:
"Media resurslarında yayımlanmış kadrlara gəldikdə isə qeyd etmək istəyirəm ki, verilişdə iştirakçılar öz zəhmətləri ilə müxtəlif tərəvəz məhsullarını yetişdirmək üçün istixana yaradıblar. Orada yetişdirilən məhsullara zərər dəyməsin deyə və təhlükəsizlik qaydalarına riayət etmək üçün çaydan vasitəsilə su qaynadılması qadağan olunmuşdur. Xanım iştirakçı isə bu qaydaları pozmuşdur. Bu da iştirakçılar tərəfindən seçilmiş idarəçinin və digər iştirakçıların iradına səbəb olmuş və iştirakçılar arasında mübahisə yaranmışdır. Kadrlarda da görünür ki, orada döyülmə faktı yoxdur. Bizi təəssüfləndirən məqam isə mübahisə tərəflərindən birinin xanım olmasıdır. Bu halı nəzərə alaraq, artıq, verilişin yaradıcı heyətinə tapşırıq verilmişdir ki, bu halların təkrarlanmaması üçün iştirakçılar arasında mütəmadi olaraq maarifləndirmə işləri artırılsın”.
Qeyd edək ki, dünən yayılan məlumatlarda iştirakçı Fuad tərəfindən döyülən Nərminin artıq layihədən uzaqlaşdırıldığı xəbəri verilmişdi.
MTRŞ-dən olaya "loyal” yanaşma
Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən "Region” TV-də yayımlanan "Ferma” realiti-şou verilişində yaşanan qalmaqalla bağlı araşdırma aparılıb.
Bunu "Report”a MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov bildirib.
Onun sözlərinə görə, verilişlə bağlı qurum tərəfindən müzakirələr aparılıb və ciddi olmasa da, nöqsanlara yol verildiyi nəticəsinə gəlinib: "Ferma” realiti-şousu xeyli müddətdir ki, yayımlanır. Verilişin adından da göründüyü kimi, bu veriliş real hadisələri əks etdirir, real hadisələrdən ibarətdir. Realiti-şounun mahiyyəti də elə budur. Lakin reallıqda baş verən bir çox hallar, insanlararası münasibətlər var ki, bunlar xoşagəlməz hallardır və bu halların ictimailəşməsi məqsədəuyğun olmur. Xüsusilə davalar, gərginliklər. Məhz sözügedən verilişdə, realiti-şouda baş verənlərdə ciddi qanun pozuntusu olmasa da, real hadisələri əks etdirdiyinə görə bəzi insanlarda narahatlıq yaradır. Xüsusilə də oğlanın xanıma əl qaldırması, xanımın isə əks cinslə açıq münaqişəyə girməsi hallarının əks olunduğu görüntülər belə hallara səbəb olur. Çünki bu, bizim milli dəyərlərimizə ziddir. Bu mənada belə halların efirə yol açmamasına çalışılmalıdır”.
Şöbə müdiri bildirib ki, bu cür hallar efirdə kübarlığın təmin olunmasına mane olur. Onun sözlərinə görə, veriliş canlı olmadığı üçün həmin görüntülər montaj oluna bilərdi.
T.Dadaşov kanal rəhbərliyinin bu məsələ ilə bağlı tədbir görəcəyinə inandıqlarını bildirib: "Yəqin ki, gələcəkdə bu cür halların qarşısının alınması üçün kanal tərəfindən tədbirlər görüləcək. Çünki əvvəlki dövrlərdə bu cür situasiyalarda kanal rəhbərliyinin operativ reaksiyası müşahidə edilib”.
Realiti-şoular xəstəlik yaradır
Sübut edilib ki, realiti-şoular insanın psixi sağlamlığı üçün təhlükəlidir. Ümumiyyətlə, "realiti-şou” adı 1997-ci ildə çəkilmiş məşhur - "Trumenin şousu” filmindən götürülüb. "Trumen sindromu”na mübtəla olmuş xəstələr bir qayda olaraq, insanların həyatlarının gizli şəkildə filmə çəkilərək hansısa bir realiti-şouda göstərildiyinə əmin olmaqlıq kimi sərsəm ideya ilə özlərini büruzə verirlər. Alimlər iddia edirlər ki, bu, əsəb xəstəliyi, pop-mədəniyyətin insanların psixi vəziyyətlərinə təsir etməsinin bariz nümunəsidir.
Nyu-Yorkda yerləşən "Belvyu” xəstəxanasının psixiatrı Coel Qoldun sözlərinə görə, "sual belə qoyulmuşdur: görəsən bu psixoloji sarsıntı köhnədən qalma paranoyanın (ruhi xəstəliyin) və yaxud "möhtəşəm” bir xəyalın, xülyanın təzahürüdür, yoxsa, müasir mədəniyyətdə nəyin bahasına olursa-olsun şöhrət dalınca qaçmaq artıq sürət götürərək bir dəb halını almaqdadır?”
Son iki il ərzində doktor Qold problemlərinin kökü realiti-şoulardan qaynaqlanan beş pasiyent qəbul etmişdir. Və bu xəstələrdən bəziləri məhz "Trumenin şousu” filmini özləri üçün hansısa bir əsas kimi qabardıblar.
"Associated Press” informasiya agentliyinin verdiyi xəbərə görə, 2006-cı ildən bəri doktor Coel Qold dünya üzrə bənzər simptomları olan 50 pasiyent barədə məlumat toplamışdır. Monrealdakı MakCill Universitetinin fəlsəfə və psixologiya professoru Yan Qold isə belə güman edir ki, biri-birlərinə tamamilə yad olan adamları biri-birinə yaxın olan insanlara çevirə bilən realiti-şoularda
və internetdə bir təhlükə gizlənib. Belə ki, müasir zəmanənin artıq ayrılmaz hissələrinə çevrilmiş bu hallar digər insanlarla ünsiyyətlərində dərin problemlərə malik olan adamlara psixi təzyiq göstərə bilər.
Odur ki, efir əsarətindən xilas olmağın yollarını düşünməliyik.
Məlahət Rzayeva