Aylıq müavinətləri həqiqətən vəziyyəti çətin olan məcburi köçkünlərə vermək lazımdır
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərman imzalayıb. Prezidentin fərmanı həm bu qrupdan olan vətəndaşlarımız, həm də ümumi cəmiyyət tərəfindən dəstəklənib və təqdirəlayiq hesab olunub. İctimaiyyət nümayəndələrinin fikrincə, verilən qərar israfçılığın qarşısını alacaq və prosesin şəffaflaşmasına şərait yaradacaq.
Məlumat üçün bildirək ki, dövlət başçısının Fərmanına əsasən, məcburi köçkünlər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə büdcədən ödənişlər əvəzinə aylıq 36 manat məbləğində vəsait veriləcək.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, dövlət başçısı tərəfindən verilən fərman çox düzgün addımdır. Deputat deyib ki, əvvəllər dövlət büdcəsindən "Qaçqınkom”a ümumi vəsait ayrılırdı. Komitə də "Azəriqaz”, "Azərişıq” və "Azərsu” Açıq Səhmdar Cəmiyyətlərinə ödəmələr həyata keçirirdi:
"Hər bir məcburi köçkün ayda 36 manat müavinət alacaq. Bunun konkret və ünvanlı olması müsbət haldır. İndi məcburi köçkün həmin vəsaiti işığa, qaza, suya və ya çörəyə verəcək, artıq həmin şəxsin öz işidir. Ancaq bundan sonra həmin məcburi köçkün işıq, qaz və sudan istifadəni tənzimləyəcək”. Millət vəkili vurğulayıb ki, müəyyən kateqoriyalara aylıq müavinətin şamil edilməməsi müsbət yanaşmadır: "Məsələn, məcburi köçkün statusu adını alıb, faktiki olaraq maddi durumu çox yüksək olan insanlar var. Yəni bir-iki yerdə evi, avtomobili, işi var, ancaq məcburi köçkün statusu ilə imtiyazlardan, güzəştlərdən istifadə edir. Bu insanlara aylıq müavinətin nəzərdə tutulmaması məntiqlidir”.
V.Əhmədov deyib ki, bundan sonra məcburi köçkün rayonların icra hakimiyyətlərinin üzərinə böyük məsuliyyət düşəcək: "Artıq həmin rayonların icra hakimiyyətləri reallığı əks etdirən siyahılar tətbiq etməlidir. Doğrudan da bu insanın məcburi köçkün kimi vəziyyəti ağırdır, yaxud fərqlidir, ona aylıq müavinət düşür və ya düşmür. Bu sahədə ciddi işlər getməlidir. Komitə bu sahədə məcburi köçkün rayonlarının icra hakimiyyətləri ilə birgə ciddi işləməlidir. Tanıdığım insanlar var ki, məcburi köçkün statusundan istifadə edirlər. Onu da nəzərə almaq lazımdır ki, 25 il az müddət deyil, artıq yeni nəsil yetişməyə başlayır”.
Millət vəkili hesab edir ki, aylıq müavinətləri həqiqətən vəziyyəti çətin olan məcburi köçkünlərə vermək lazımdır: "Yoxsa 1992-ci ildə olduğu kimi indi də güzəşt və müavinətlərin bütün məcburi köçkünlərə şamil edilməsi düzgün deyil. Çünki həyat dəyişir, həyat davam edir”. Millət vəkili Fəzail İbrahimli də bildirib ki, fərman ədalətli və həqiqətən çox müsbət bir addımdır. Deputatın sözlərinə görə, qaçqın və məcburi köçkünlərə aylıq 36 manat müavinət ayrılması onlara olan diqqət və münasibətin təzahürüdür: "Prezidentin imzaladığı fərman cəmiyyətin ən həssas təbəqəsi olan bu insanlara qayğının ifadəsidir. Qaçqınlar üçün olan aylıq limitin ləğv olunmasını dövlət başçısının atdığı humanist, mütərəqqi addımların davamı kimi qiymətləndirmək olar. Hər şeyini itirmiş, evindən-eşiyindən didərgin düşmüş qaçqın və məcburi köçkünlərə hər bir kəsin və strukturun ayrı-ayrılıqda diqqəti olmalıdır. Düşünürəm ki, cənab Prezidentin səlahiyyətləri daxilində imzaladığı fərman qənaət etmək üçün çox yaxşı bir təşəbbüsdür”.
YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də söyləyib ki, Prezident hər zaman sosial məsələlərin həllini xüsusi olaraq diqqət mərkəzində saxlayır və onların həllinə nail olur:
"Qaçqın və məcburi köçkünlərə diqqət və qayğı daim dövlət siyasətinin əsasında dayanıb. Bu siyasi kursun təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin ideyalarını layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev mütəmadi olaraq qaçqın və məcburi köçkünlərlə görüşür, onları düşündürən məsələlərlə yaxından maraqlanır. Bu fərmanın məqsədi dövlət büdcəsindən məcburi köçkünlərin və onlara
bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsidir”.
İsmayıl