Bayden: “Müttəfiqimizə zərər verən bir şəxsi qorumaq fikrimiz yoxdur”
Binəli Yıldırım: “Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı hüquqi proses başlayıb”
"Türkiyənin müttəfiqi olaraq ABŞ Türkiyəni tam dəstəkləyir”. APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyəyə səfəri çərçivəsində baş nazir Binali Yıldırımla keçirdiyi mətbuat konfransında deyib. O, iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhd zamanı türk xalqının cəsarətinə heyran qaldıqlarını bildirib: "Biz onların tək qəhrəmanlıqlarını deyil, demokratiyaya olan bağlılıqlarını da alqışlayırıq. Onlar ölkələrinin güclü və demokratik qalması üçün canlarını verdilər”.
C. Bayden Türkiyədə dövlət çevrilişinə cəhdin arxasında ABŞ-ın dayanması ilə bağlı fikirlərə də münasibətini bildirib. O qeyd edib ki, ABŞ qətiyyən bu hadisə haqda əvvəlcədən xəbərdar olmayıb: "Amerika xalqı baş verənlərdən son dərəcədə kədərlidir və nifrətlə qarşılayır. Bizim əvvəldən bu barədə bilgimiz olmayıb. Hadisə baş verən zaman bunu dərhal qınadıq. Çevrilişə qarşı Türkiyə xalqı ilə çiyin-çiyinəyik. Türk xalqının Amerikadan yaxşı dostu yoxdur. Biz hər zaman ortaq dəyərlər və ortaq təhlükəsizliyimiz üçün birlikdəyik”.
C. Bayden Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsinin hüquqi prosedurdan asılı olduğunu söyləyib: "Bu çərçivədə Türkiyənin səlahiyyətli şəxsləri ilə əməkdaşlıq edirik. Hüquqşünas mütəxəssislərimiz türk həmkarları ilə çalışır, dəlil və sənədləri araşdırırlar. Bu dəlil və sənədlər ABŞ məhkəməsinə təqdim ediləcək. Bu şəkildə Fətullah Güləni təhvil verə bilərik. Bizim heç bir şəkildə hər hansı şəxsi qorumaq, xüsusilə bir müttəfiqimizə zərər verən şəxsi qorumaq niyyətimiz yoxdur, amma qanunlarımıza boyun əymək məsuliyyətimiz də var. Bu, bir az zaman alacaq”.
ABŞ-ın vitse-prezidenti Türkiyəni İŞİD-lə mübarizəyə başlaması münasibətilə təbrik edib. O bildirib ki, koalisiya qüvvələri İŞİD-i Suriyada vurmağa davam edəcək.
"Hörmətli Baydenin də dediyi kimi, alçaq çevriliş cəhdinin başında durduğunu düşündüyümüz Fətullah Gülənin lazımi prosedurların aparılmasından sonra ölkəmizə təhvil verilməsi prosesinə başlamışıq”.
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu sözləri isə Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyədə səfərdə olan ABŞ-ın vitse-prezidenti Co Baydenlə keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, ABŞ-dan olan texniki heyətin Türkiyəyə gəlməsi və Türkiyə prokurorları, hakimləri ilə müzakirələr aparması ABŞ-ın bu işə nə dərəcədə önəm verdiyini göstərir: "Bizim burada əsas gözləntimiz bütün bu hüquqi prosesin vaxt itkisi olmadan irəliləməsi və millətin gözlənitisi olan nəticənin ortaya çıxmasıdır. Demokratiyaya qarşı olan bu addımın dost və müttəfiq ölkə olan ABŞ tərəfindən qəbul edilməyəcəyini bilirik”.
B. Yıldırım C. Baydenlə görüşdə terrora qarşı birgə mübarizə məsələlərini də müzakirə etdiklərini söyləyib: "İŞİD və PKK kimi terror təşkilatlarına qarşı mübarizədə qətiyyətimizi ortaya qoyduq. Milyonlarla insan Suriyanı tərk edib. Türkiyə 3 milyondan artıq insana qapılarını açıb. Lakin bu, davam edə biləcək bir vəziyyət deyil. Daha artıq insan itkisi ilə qarşılaşmamaq üçün həll yolu tapılmalıdır. Türkiyə bu münaqişənin həllində iki məsələnin təmin olunmasını istəyir. Birincisi, biz Suriyanın ərazi bütövlüyünün qorunmasında təkid edirik. Türkiyə cənub sərhədlərində kürd qurumunun formalaşmasını əsla qəbul etmir. Bunu milli təhlükəsizliyimiz üçün təhdid sayırıq. İkincisi isə, Suriyada digər etnik qrupların da təmsil olunduğu ədalətli idarəçiliyin təmin olunmasıdır”.
B. Yıldırım Türkiyə-ABŞ münasibətlərinin çox uzun tarixi olduğunu vurğulayıb: "Zaman-zaman baş verən bəzi hadisələr nəticəsində bu köklü əlaqələrin yara alması və mənfiyə doğru dəyişməsinə əsla imkan verməməliyik”.