Fikrət Qocanın qardaşı oğlu da hakimin qərarına kəskin etiraz etdi: “Buna heç kim səssiz qalmaz”

"Oğlumun qatillərinin az cəza alması haqqında daha danışmaq istəmirəm”.
Bunu "Sherg.az”a bu ilin mart ayında qətlə yetirilən oğlunun cinayətində təqsirləndirilən şəxslərə verilən cəza müddətinin azlığından danışarkən xalq şairi Fikrət Qoca deyib. 
O vurğulayıb ki, bundan sonra dövlət özü məşğul olmalıdır:
"Mən etirazımı bildirdim. Amma heç bir nəticəsi olmayıb. Qoy onlar məşğul olsunlar”.
Apellasiya məhkəməsinə müraciət edib-etmədiyi sualına gəlincə isə xalq şairi buna ehtiyac olmadığını söyləyib:
"Bilmirəm nə olacaq, amma dövlət özü məşğul olur. Mən sözümü dedim, indi məsələni araşdırırlar”.
Xalq şairinin qardaşı oğlu, "Şərq"qəzetinin əməkdaşı İsmayıl Qocayev də hakimin qərarından narazı qaldığını söyləyib. O qeyd edib ki, məhkəmənin qərarına etiraz etməmək mümkün deyil: 
"Fikrət Qocanın narazılıq etməyə tam haqqı çatır. Çünki o atadır və onun oğlunu öldürüblər. Rəhmətlik avtoqəzada dünyasını dəyişməyib ki ?! Orada cinayət baş verib. Üç nəfər əlbir olub onu qəsdən öldürüblər. 5 ili mal-qara oğrusuna verirlər. Burada isə söhbət bir şəxsin amansızcasına qətlindən gedir. Bu qətli törədənlərə sadəcə 5 ilmi cəza düşür? Belə qərara heç bir ata səssiz qalmaz”.
Qeyd edək ki, ötən ay Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları – Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib. Hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən Elnur Nəhmədovun 19, Ruslan Məmmədovun 4, Pərviz Hüseynovun isə 3 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Dekabrın 14-ü isə təqsirləndirilən şəxslər barədə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Çıxarılan hökmə əsasən, E. Nehmətov 5 il, P. Hüseynov 2 il, R. Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə E. Nehmətovun Y. Qocayevi qəsdən deyil, ehtiyatsızlıqdan öldürdüyü qənaətinə gəlib. Buna görə də onun ittiham olunduğu maddə qəsdən adam öldürmə maddəsinə tövsif edilib.
Xatırladaq ki, bu il martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. 1963-cü il təvəllüdlü Y.Qocayev hadisə yerində ölüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.
Aysel Aslan