Fransada ölənlərin sayı 84 nəfərə çatıb





 Fransanın Nitsa şəhərində törədilən terror hadisəsi nəticəsində ölənlərin sayı 84-ə çatıb.
APA-nın xəbərinə görə, hazırda xəstəxanalarda 100-dək insanın müalicə olunduğu bildirilir. Onlardan 50 nəfərinin vəziyyəti ağırdır.
***
04:47
Bakı-APA. Nitsada törədilən terror aktı nəticəsində ölənlərin sayı 80 nəfəri keçib.
APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə RTBF telekanalı məlumat yayıb.
"İlkin məlumata görə, ölənlərin sayı 80 nəfəri keçib, 100-dən çox insan yaralanıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda "Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb.
Məlumata görə, insanlara çırpılan yük maşınının sürücüsü polis tərəfindən öldürülüb. Hücumda istifadə olunan yük maşınında silah və qumbaralar aşkarlanıb.
Rəsmi qurumlar hadisəni terror aktı adlandırıb.
**** 03.17
Bakı-APA. Fransanın Nitsa şəhərində törədilən hücum nəticəsində azı 73 nəfər ölüb, 120-dən çoxu yaralanıb.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli KİV-lər məlumat yayır.
Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda "Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb. Bundan sonra avtomobildə olan naməlum şəxslər adamlara atəş açıb.
Məlumata görə, insanlara çırpılan yük maşınının sürücüsü polis tərəfindən öldürülüb. Hücumda iştirak edən digər şəxslər barədə məlumat verilmir.