“Normal ailə tərbiyəsi görən qız efirdə ər axtarmaz”
Son vaxtlar Türkiyənin izdivac verilişlərinə qatılan azərbaycanlıların sayı çoxalıb. Ən acınacaqlısı isə odur ki, Azərbaycan millətini həmin izdivac verilişlərində təmsil edənlər millətimizin adına, milli dəyərlərinə yaraşmayan hərəkətləri, danışıq və həyat tərzləri ilə qınığa səbəb olurlar.
Bəziləri hərəkətləri ilə əslində təkcə özlərini deyil, bütünlükdə millətin adına xələl gətirmiş olurlar. Bu günlərdə "Star TV”də yayımlanan "Zuhal Topalla” izdivac verilişinə qatılan azərbaycanlı gəlin namizəd Naz Milanın sərxoş görüntüsü yayılıb.
İnstaqramın canlı yayımına qoşulan Naz içkili olmasını gizlədə bilməyib.
Qaradərili oğlanların ona söz atmasından danışan gəlin namizədin sərxoş halı izləyicilər tərəfindən tənqid olunub.
Bəs görəsən, belələri azərbaycanlı adı ilə bu verilişlərə qatılanda, eyni zamanda bir millətin məsuliyyətini üzərlərinə götürdüklərinin fərqində deyillərmi? "Mən azərbaycanlıyam” məsuliyyət hissini dərk etməyənlər ictimai qınağa səbəb olur.
Məsələyə münasibət öyrənmək üçün sosioloq Lalə Mehralı ilə əlaqə yaratdıq. "Şərq”ə açıqlama verən Lalə Mehralı "Türkiyədə bu verilişlərə maraq var idi. Səhv etmirəmsə, bir neçə il əvvəl bizdə də belə verilişlər bir müddət efirdə təqdim olundu. Nə yaxşıda ki, bağlandı. Bilirsiz, bizim millətimizə bu kimi verilişlər uyğun deyil. Bilmirəm türk qardaşlarımızın xətrinə dəymiş oluram, ya yox, amma bizə uyğun göstərici deyil belə verilişlərdə iştirak etmək. "Mən efirə çıxıb ər axtarım, arvad axtarım”.
Bu kimi addımlar bizim mentalitetimizə ziddi. Mentalitet sözünü o qədər ucuzlaşdırıblar ki, o sözü işlədəndə ehtiyat etməli oluruq. Amma böyük mənada mentalitetimizə, ailə dəyərlərimizə qətiyyən uyğun olmayan məqamdı ki, insan milyonların qarşısında ər axtarışına çıxa, bununla ailə qurmaq barədə danışa, alınmadı, növbəti namizədi gözləyə. Bu bizim millətə yaraşan addım deyil. Qızlarımıza yaraşdırmıram. Sanki şəxsi həyatını bazara çıxarıb, müştəri axtarmış olacaq qədər çirkin görünür. Bəlkə də çox sərt və kobud söylədim. Amma bir həqiqət də var ki, normal azərbaycanlı qızı, ailə tərbiyəsi olan qız özünə rəva görməz ki, efirdə ər axtarışına çıxsın. Neçə milyon insanın qarşısında şəxsi suallar, söhbətlər aparılır.
Bu, Azərbaycan qadınının səviyyəsinə uyğun deyil. Yəni ağlı başında olan, normal xanım belə verilişlərdə ər axtarıb, ailə qurmağa çalışmaz. Əcnəbi ilə ailə qurmağa maraq göstərənlərin də sayı çoxalıb.
Ona görə də əcnəbi ilə ailə qurmağın ən asan yolu xarici ölkələrdə olan izdivac verilişlərinə qatılmaqdı. Bəziləri inanın heç ailə qurmaq məqsədi ilə də ora qatılmır. Sadəcə tanınmaq, reklam olunmaq üçün o proqramlara gedir ki, bəlkə reklam çəkilişlərindən, seriallardan-filan dəvət gələ. Bir sözlə, özünü dərk edən, milli dəyərlərinə önəm verən, özünə hörmət edən insan belə verilişlərə çıxıb ər, arvad axtarışında olmaz. Ailə müqəddəsdir, ailə şəxsi həyatdı, onu milyonlar qarşısında müzakirə etmək düzgün deyil. Bir də belə verilişlərə qatılanlar millətin adına xələl gətirmiş olurlar. Ancaq dərk etmirlər ki, millətin adını daşıyaraq təqdim olunur. Azəri qızları belə verilişlərdə təhqir də olunur, onlara lağ da edirlər, gülüş obyektinə də çevirirlər. Bu şəraiti də bizimkilər yaradıb. Onlar özlərinin təhqir olunmasına, lağ obyekti olmasına şərait yaradırlar. "Mən azəriyəm” deyərək özünü təqdim edənlər bilməlidirlər ki, bu sözün məsuliyyəti ağırdı. Millətin adına xələl gətirməyə heç kimin ixtiyarı yoxdu”.
Tahirə