“Gənclər, polislə əməkdaşlıqdan çəkinməyin”
İlqar Altay: “Dövlətçilik maraqlarına xidmət etmək heç bir halda hakimiyyətə işləmək kimi dəyərləndirilməməlidir”
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” fərmana əsasən, daxili işlər orqanlarında xidmətə qəbul zamanı ictimai asayişin qorunmasında 2 il ərzində polis orqanları ilə əməkdaşlıq etmiş şəxslərə üstünlük veriləcək. Polis orqanları ilə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan Respublikası vətəndaşları könüllülük əsasında cəlb edilə bilərlər.
Fərmana görə, polis orqanları ilə vətəndaşlar ictimai asayişin qorunması ilə bağlı hüquqazidd əməllərə son qoyulması ilə bağlı vətəndaşlara və vəzifəli şəxslərə qarşı qanuni tələb irəli sürmək, insanların həyat və sağlamlığına, ətraf mühitə zərər verə bilən təhlükənin aradan qaldırılması və digər tədbirlər həyata keçirməklə əməkdaşlıq edəcəklər. Eyni zamanda, polis orqanları ilə əməkdaşlıq edən şəxslərlə onların hüquq və vəzifələrini, sosial və digər təminatlarını müəyyən edən müqavilə bağlanır və onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən olunmuş təminatlar şamil edilir.
Əslində, toplumda oğurluq edən, ictimai asayişi pozan insanlara qarşı həmişə ictimai qınaq olub. Lakin vətəndaşların həmin adamın hərəkətlərinə müdaxilə etməsi, onu tutub polisə verməsi
halları ilə çox nadir hallarda qarşılaşırıq. İnsanların bir-birinə qarşı laqeyd münasibəti o səviyyədədir ki, küçədə kiminsə boğazına bıçaq dirəyən görəndə ona kömək etmək əvəzinə, kənardan tamaşa edir, bu da azmış kimi telefonla çəkib, "paylaşır”. Öz-özünə düşünür ki, yolda kiməsə kömək edəndə şahid kimi onu istintaqa cəlb edəcəklər, bir saat vaxtı gedəcək. Ancaq bir saat vaxtın gedəcək deyə, insanları taleyin ümidinə buraxmaq doğru deyil. Həyatda təhlükədən, qarətdən heç kəs sığortalanmayıb. Həm də bir şeyi unutmayaq, "əl-tumaq Əlidən qalıb”. Maraqlıdır, ekspertlər necə düşünür, sözügedən qərardan sonra bu istiqamətdə "ölmüş” ümidlərimiz yenidən "canlanacaqmı?”
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altayın dediyinə görə, ictimai asayişin pozulmasının, cinayətkarlığın qarşısını almaq üçün tək polisin gücü kifayət etmir: "Bu, bütün dünyada belədi. İnsanların normal həyat fəaliyyətinə təhlükə yaradan, onların sağlamlığına, eləcə də ətraf mühitə zərər verə bilən hərəkətlər cəmiyyətin dəstəyi hesabına yerinə düşə bilər. Bu mənada polis orqanları ilə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən gənclərin cəlb olunmasını təqdirəlayiq hesab edirəm. Bu təcrübədən faktiki olaraq inkişaf etmiş demokratik ölkələrin bir çoxunda istifadə olunur. Hətta sovet dövründə belə könüllü şəkildə polislə əməkdaşlıq edən insanlar vardı. Hansı ki, onlara "drujinnik”lər deyilirdi”.
Kriminalistin sözlərinə görə, daxili işlər orqanlarında xidmətə qəbul zamanı 2 il müddətində asayişin qorunmasında polis orqanları ilə əməkdaşlıq etmiş şəxslərə üstünlük verilməsi, gənclər üçün bir növ stimul rolunu oynayacaq: "Bütün gününü internet klublarda, çayxanalarda keçirən gənclər, ən azından polislə könüllü əməkdaşlıq edərək öz gələcəkləri üçün təminat əldə edə bilərlər. Hesab edirəm ki, sözügedən proses qanunvericilikdə də öz əksini tapmalı və sistem halında həyata keçirilməlidir”.
İctimai asayişin qorunması sahəsində polis orqanları tərəfindən həyata keçirilən tədbirlərdə və əhalinin hüquqi maarifləndirilməsində iştirak etməsinin, eyni zamanda polisin məsuliyyətini artıracağını düşünən ekspertə görə, yanında ictimai nəzarət funksiyasını yerinə yetirən bir vətəndaş olan zaman polislər qanunların tətbiqində daha diqqətli olacaq, heç bir halda hüquq pozuntusuna yol verməyəcək.
Cəmiyyətdə polislə əməkdaşlıq edilən insanlara qarşı tənqidi münasibət sərgilənməsi məsələsinə gəldikdə isə İ.Altay bu tendensiyanın tamamilə əsassız olduğunu vurğulayıb. Onun sözlərinə görə, dövlətçilik maraqlarına xidməti hər şeydən üstün tutan insanlar heç vaxt polislə əməkdaşlıq edən vətəndaşı qınaq obyektinə çevirmir: "İctimai asayişin qorunması sahəsində polis orqanları ilə əməkdaşlıq edənlərə mərdimazar deyənlərin daxilində dövlətçilik, qayda-qanunlara tabe olmaq hissi olmayanlardır. Onlar üçün kiminsə asayişi pozması, insanları narahat etməsi, ətraf mühitə ziyan vurması adi bir şeydir. Belə adamlar üçün yol verdiyi pozuntuların qarşısı alınan və məsuliyyətə cəlb olunan kəs "qurban”dır. Xatırlayırsınızsa, Aşurə Günündən sonra şiələrin radikallaşması və onların birdən-birə aktivləşərək dövlətçiliyimiz üçün təhlükə mənbəyinə çevrilməsi ilə bağlı bir neçə çıxışlarım olmuşdu. Çünki bu məsələ bir ictimai şəxs və dövlətçiliyi hər şeydən üstün tutan biri kimi məndə bir narahatlıq doğurmuşdu. Yubanmadan bu narahatlığımla bağlı açıq şəkildə Baş Prokurorluğa müraciət edərək məsələnin araşdırılmasını xahiş elədim. Çünki faktiki olaraq, radikal şiələr dövlətçlik əleyhinə çağırışlar, ekstremist hərəkətlərə yol verirdilər. İstintaq orqanları da məsələni araşdırdı və lazımi əməliyyatlar həyata keçirildi. Taleh Bağırzadənin həbsi və bunun fonunda baş verən proseslərdən sonra doğrudan da mənim narahatlığımın əsassız olmadığı məlum oldu. Gənclərimiz heç bir halda polislə əməkdaşlıqdan çəkinməməlidir. Atdıqları hər addımın dövlətçilik xatirinə olduğunu dərk edərək vicdanlarını təmiz saxlamalıdırlar. Dövlətçilik maraqlarına xidmət etmək heç bir halda hakimiyyətə işləmək kimi dəyərləndirilməməlidir. Hər iki anlayış tamamilə fərqli mənaları ifadə edir. Bir vətəndaş olaraq dövlətimizi, dövlətçiliyimizi və ictimai asayişi qorumaq bizim borcumuzdur. Hesab edirəm ki, vətəndaşların könüllülük əsasında polislərlə əməkdaşlığa cəlb olunmasını kütləvi informasiya vasitələri düzgün şəkildə təbliğ etməlidir. Zənnimcə, ictimai asayişin qorunması istiqamətində polisə kömək edən insanları qınamaq əvəzinə onlara təşəkkür etmək daha məqsədəuyğun olar”.
Şəymən