Elçin Əlibəyli: “Faktiki olaraq gənclər təşkilatlarının fəaliyyətini görə bilmirik. Çünki iş görülmür”
Gəncləri pis vərdişlərdən uzaqlaşdıra bilərik
Sabir Rüstəmxanlı: “Məktəblərə müəyyən vəsait ayırmaq olar ki, uşaqların asudə vaxtlarında teatrlara, kinolara, musiqi gecələrinə aparılması təmin edilsin”
Elçin Əlibəyli: “Faktiki olaraq gənclər təşkilatlarının fəaliyyətini görə bilmirik. Çünki iş görülmür”
Elçin Əlibəyli: “Faktiki olaraq gənclər təşkilatlarının fəaliyyətini görə bilmirik. Çünki iş görülmür”
Bir millətin gənc nəslinin dünyagörüşünün formalaşması vacib məqamdı. Bu məqamda ilk sual - gənclər asudə vaxtını necə keçirməlidir? Təəssüf ki, bu gün Azərbaycan gəncliyinin böyük əksəriyyəti boş vaxtlarını səmərəli formada keçirə bilmir. Sözsüz ki, bu da sonradan müəyyən təhlükəli nəticələri ortaya qoyur. Gənclərimizin böyük bir qismi çayxanalara, internet-klublara toplaşır, bir hissəsi isə hansısa dini sektalarda səslənən nitqlərə qulaq asır. Bütün bunlar da onların dünyagörüşünün formalaşmasında izsiz qalmır.
Doğrudur, dövlət gənclərin qayğısına qalmaq üçün müxtəlif tədbirlər həyata keçirir. Onların boş vaxtlarını səmərəli keçirməsi üçün müxtəlif idman kompleksləri tikir, istifadəyə verir, klublar yaradır. Gənclərimizin mənəvi dünyasının formalaşması, asudə vaxtlarının səmərəli keçirilməsi üçün teatrların, kinoteatrların, mədəniyyət ocaqlarının da rolu danılmazdı. Azərbaycanda yetərincə mədəniyyət ocaqları var ki, gənclər orada yetərincə maraqlı saatlar keçirmək imkanı əldə edə bilərlər. Avropa ölkələrinin bir çoxunda gənclərə müəyyən məbləğ ödənilir ki, gənc o məbləğlə mədəniyyət ocaqlarına, teatr və kinoya gedərək, muzeylərə ekskursiyalar etməklə mənəvi dünyalarını zənginləşdirmiş olurlar, intellekt səviyyələrini yüksəltmiş olurlar. Bəs bizdə gənclərin asudə vaxtlarının düzgün və səmərəli dəyərləndirilməsi istiqamətində hansı addımlar atılır. Bu sahədə olan boşluqların doldurulması istiqamətində hansı təkliflər maraq yarada bilər?
Suallarımıza ictimai xadim, xalq şairi Sabir Rüstəmxanlı cavab verdi: "Uşağın vətəndaş olaraq formalaşmasında ailənin rolu daha böyükdü. Təbii ki, ətraf mühit, cəmiyyətin də təsiri var. Amma vətəndaş olaraq formalaşmaq ailədən başlayır. Ailədə mədəniyyətə, teatra, kitaba maraq olmalıdır. Bu baxımdan valideynlərin üzərinə böyük məsuliyyət düşür.
Uşaqlara bahalı telefon almaqdansa, onlara kitab hədiyyə etsinlər, oxu vərdişlərini aşılasınlar. Valideynlər uşaq yaşlarından övladlarını mədəniyyət ocaqlarına, teatr və sərgilərə aparmalıdır, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün dərnəklərə yazdırmalıdır ki, uşaqlar bu müddətdən düzgün istifadə etsinlər. İkinci yük artıq məktəblərin, təhsil ocaqlarının üstünə düşür. Məktəblərə müəyyən vəsait ayırmaq olar ki, uşaqların asudə vaxtlarında teatrlara, kinolara, musiqi gecələrinə aparılması təmin edilsin. Məncə, bu, vacibdi.
Mən Bakıya gələn qonaqlarımla bu gün Şəhidlər Xiyabanında oldum. Məktəbliləri gördüm, gəlib bizimlə şəkil çəkdirdilər. Bu çox gözəl ənənədir ki, uşaqları bu kimi yerlərə aparıb tariximiz barədə məlumat verirlər. Eyni zamanda məktəblilər qrup halında mədəniyyət ocaqlarına mütləq aparılmalıdır. Bu, sistemli şəkildə təşkil edilməlidir. Bu işə nəzarət edən rəsmilər olmalıdır. Biz vətəndaş yetişdirmək üçün ancaq məktəbdəki dərs vəsaiti ilə kifayətlənə bilmərik. Məktəbdən kənar proqramlar hazırlanmalıdır ki, uşaqlarımız, gənclərimiz mənəvi baxımdan potensial gücə sahib olsunlar. Milli maraqlarımıza uyğun gənclər yetişdirmək üçün mədəniyyətimizi, tariximizi bilmək çox önəmlidir. Gənclərə müəyyən məbləğ ödəməklə onlara yardım göstərmək üçün sistem tənzimlənməlidir. Bu məbləğin necə xərclənməsinə nəzarət etmək üçün düzgün iş qurulmalıdır. Gənclər, şagird, tələbə təşkilatları bu sistemi qura və bunu tənzimləyə bilər. Bu gənclərin dünygörüşlərinin formalaşmasını, onların mənəvi dünyasını zənginləşdirmək vərdişi yaratmaq lazımdı. Bu, təbii ki, gəncləri pis vərdişlərdən müəyyən mənada uzaqlaşdıra bilər. Bəlkə də cinayətlərin səbəbi əsasən sosial problemlərə bağlıdır. Amma eyni zamanda mənəvi boşluqları doldurmaq mümkün olar. Milli-mənəvi dəyərlərə sahiblənmək, təbii ki, bu kimi cinayətlərdən müəyyən mənada onları uzaqlaşdıra bilər”.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin də bu mövzuya maraqlı yanaşması oldu:
"Əslində bu gün gənclər təşkilatları fəaliyyət göstərsə də, onlar sovet dönəmindəki pioner evlərini xatırladır. Faktiki olaraq onların fəaliyyətini görə bilmirik, çünki iş görülmür. Görülsə belə cüzidir. Məktəblilərin, tələbələrin kinoya, teatra, mədəniyyət ocaqlarına aparılması ənənəsi demək olar yoxdur, olsa belə çox azdı. Ona görə də əslində bu barədə danışmaq yersizdi. Çünki bizdə bu sahəylə bağlı böyük boşluqlar var. Gənclərin, uşaqların pis vərdişlərə marağını təkcə bu məsələ ilə də əlaqələndirmək düzgün olmazdı. Bu, əvvəllər də olub, olacaq da. Ancaq maarifləndirmə məsələsi o vərdişlərin azalmasına nisbətən təsiri göstərə bilər. Maarifçilik işləri aparılmır, olsa belə yetərli deyil. Gənclərin maariflənməsi istiqəmətində daha böyük işlər görmək olar və vacibdi”.
Tahirə Məmmədqızı