Gilasdan, yoxsa ermənilərin atdığı kimyəvi silahdan?

Tərtərdə bir ailənin 5 üzvünün zəhərlənməsi araşdırılır
“Ağacın meyvəsi düşmən tərəfindən atılmış mərmilərdən zəhərlənmiş olsaydı, kimyəvi zəhərlənmə diaqnozu qoyulmalıydı”


Tərtər rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. Ağdam Mərkəzi Rayon Xəstəxanasından APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Tərtər rayonunda məskunlaşan Ağdam sakinləri, 1983-cü il təvəllüdlü Bayramov İsmət Rza oğlu, onun ailə üzvləri - 1994-cü il təvəllüdlü Bayramova Məhbubə Sədi qızı, 1999-cu il təvəllüdlü Bayramov Dünyamin Rəşid oğlu, 2004-cü il təvəllüdlü Bayramov Toğrul Səməd oğlu və 2012-ci il təvəllüdlü Bayramova Yağmur İsmət qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin yaxınları ailə üzvlərinin hamısının bu gün həyətdəki gilas ağacının meyvəsindən yediklərini və bundan sonra zəhərləndiklərini bildiriblər.

Hadisədə kimyəvi zəhərlənmə ehtimalı da istisna edilmir. Çünki bu il aprelin 27-də Ermənistan Silahlı Qüvvələrinin atdığı mərmilərdən dördü məhz Bayramovlar ailəsinin yaşadığı evin həyətinə düşüb. Bu amildən çıxış edərək meyvə ağaclarının zəhərlənməyə məruz qala biləcəyi ehtimalı irəli sürülür.

Məsələ ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin Qida zəhərlənmələri şöbəsinin müdiri İmran Abudullayev "Şərq”ə açıqlamasında hazırda araşdırma aparıldığını bildirdi:

- Bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Biz göstəriş vermişik ki, həm ağacın meyvəsindən, həm də torpaqdan nümunələr götürülsün və ekspertiza aparılsın. Hazırda Mərkəzin Tərtər və Ağdam şöbələri bu işlə məşğuldur. Bu məsələ ilə bağlı müayinələr aparılmalıdır ki, zəhərlənmənin konkret nədən baş verdiyi bilinsin. Zəhərlənmə müxtəlif səbəblərdən ola bilər. Bəlkə həmin ailə başqa hansısa bir qida da qəbul edib, amma bu barədə məlumat vermirlər. Mən güman etmirəm ki, meyvədən zəhərlənmə olsun. Mərkəzə daxil olmuş məlumatda mikrobioloji

zəhərlənmə diaqnozu qeyd edilir. Bu o deməkdir ki, qidanın tərkibində zəhərlənməyə səbəb ola biləcək mikroorqanizmlər (müxtəlif bakteriyalar, viruslar...) var. Amma həmin şəxslər gilasdan əvvəl və ya sonra qəbul etdikləri digər hansısa qidadan da zəhərlənə bilərdilər. Onlar təkcə gilas qəbul ediblər? Bununla bağlı dəqiq məlumat yoxdur. Ağacın meyvəsi düşmən tərəfindən atılmış mərmilərdən zəhərlənmiş olsaydı, kimyəvi zəhərlənmə diaqnozu qoyulmalıydı. Qoyulan diaqnoz verilən məlumatla üst-üstə düşməlidir.

İ.Abdullayev ağacın meyvəsindən və torpaqdan götürülmüş numunələrin müayinə olunmaq üçün Bakıya gətirildiyini də dedi.

İ.Abdullayev ermənilər tərəfindən atılmış mərmilərdən torpağın və ya meyvə ağaclarının zəhərlənməsi ehtimalına da aydınlıq gətirdi:

- Götürülmüş nümunələr müayinə olunacaq və onların tərkibində kimyəvi maddələrin qalığının olub-olmaması bilinəcək. Mən hərbçi deyiləm, ona görə də dəqiq rəy bildirməyim düzgün olmaz. Amma bildiyim qədər mərmilər müxtəlif olur. Məsələn, dağılan başlıqlı mərmilər var, atıldıqdan sonra parçalanıb ətrafa yayılır. Müxtəlif xassəli, müxtəlif dərəcədə təhlükəli mərmi başlıqları olur. Belə bir ehtimal olduğu üçün bu məsələ də araşdırılacaq.

Məlahət Rzayeva