Ginekoloq:"Ən ucqar rayonlarda belə gənc analar qeysəriyyə əməliyyatını seçirlər"- Ziyandır




"Xüsusi kliniki protokol olmadan, həkim vacib bilmədən doğuşa hazırlaşan ananın qeysəriyyə əməliyyatını seçməsi düzgün deyil”.

Bunu  "Sherg.az”a ginekoloq Rəna Məmmədova deyib. 

O söyləyib ki, qeysəriyyə əməliyyatından sonra ana və ya uşaq hər hansı səbəbdən dünyasını dəyişirsə, bu zaman məsuliyyət doğuşu həyata keçirən, əməliyyatı aparan həkimlərin üzərinə düşür:

"Qeysəriyyə əməliyyatına meyllilik Azərbaycanın bütün bölgələrində yüksəkdir. Ən ucqar rayonlarda belə, xəstəxanaya müraciət edən gənc analar qeysəriyyə əməliyyatını seçirlər. Amma biz buna qarşı mübarizə aparır, anaları normal doğuşa yönləndirməyə çalışırıq. Hamilələrə əməliyyatın ziyanlarını, normal doğuşun faydasını başa salırıq. Ginekoloqların məsləhətlərinə məhəl qoyan analar normal doğuşa girir, məhəl qoymayanlar isə isə başqa həkimə müraciət edib, qeysəriyyə əməliyyatını həyata keçirir”.

Qeyd edək ki, mayın 7-də Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirən 34 yaşlı Şamaxı şəhər sakini Amirə Əlisahab qızı Binyətovanın halı pisləşib və o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Bundan sonra qadın reanimasiya şöbəsində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Aysel Aslan