Gizlədilir...

İvanişvilinin xarizması ölümcül xəstəliyi ilə dağıla bilər


Gürcüstanın sabiq baş naziri, oliqarx Bidzina İvanişvili ürəyində yaranmış problemlə əlaqədar Almaniyanın Münhen şəhərində xəstəxanaya yerləşdirilib.
"Xronika” qəzetinin baş redaktoru Eliso Kiladze yazıb ki, İvanişvili yaxın aylarda cəmiyyətdən tam təcrid olunacaq. Çünki istənilən xoş və ya bəd xəbər onun vəziyyətini daha da ağırlaşdıra və nəticədə o, iflic ola bilər. 

Xatırladaq ki, son günlər Bidzina İvanişvilinin ağır xəstə olması barədə məlumatlar yayılır. "Rustavi 2” televiziya şirkətinin baş direktoru Nika Qvaramiya da İvanişvilinin ağır xəstə olması barədə məlumat yayıb. Lakin İvanişvilinin tərəfdarları bu xəbəri yalan adlandırıblar və baş direktoru təhqir ediblər. Parlamentdəki çoxluğu təmsil edən deputatlar da teleşirkət rəhbərinin dediklərini cəfəngiyat adlandırıblar. Lakin onların heç biri Bidzina İvanişvilinin xəstə olması barədə suala cavab verməyiblər. Yalnız oliqarxın oğlu Bera İvanişvili "facebook” səhifəsində bəyanat yayaraq atasının sağlam olduğunu, idmanla məşğul olduğunu bildirib. Bütün bunlara baxmayaraq, İvanişvili son günlər ictimaiyyət qarşısına çıxmayıb. Onun üzə çıxmaması haqqında yayılan "ağır xəstədir” iddiasını daha da gücləndirib. 

Eks baş nazirlə bağlı yayılan xəbərlərə münasibət bildirən politoloq Qabil Hüseynli "Şərq”ə deyib ki, xəstəlik xəbərinin gizlədilməsi siyasi mahiyyət daşıyır. Ekspertin sözlərinə görə, İvanişvili rəsmi olaraq heç bir vəzifə icra etməsə də, onu ölkənin "başçısı” sayırlar. İvanişvilinin razılığı olmadan heç bir təyinat olmur, idarəçilik məsələləri həll edilmir:

"İvanişvili həm də xarizmatik lider kimi Gürcüstan cəmiyyətinin birliyinin qorunmasında mühüm rol oynayır. Bu xarizmanın yaratdığı ictimai-siyasi mühit eks baş nazirin ölümcül xəstəliyi ilə dağıla bilər. Doğrudan da, İvanişvili uzun zamandır görünmür, insan içinə çıxmır. Onun ağır ürək xəstəsi olduğu, xərçəngə tutulduğu barədə söhbətlər dolaşmaqdadır. 

İvanişvilinin tərəfdarları ona görə narahatdır ki, bu xəbər cəmiyyətdə gərginliyə və qarşıdurmaya səbəb ola, Saakaşvilinin tərəfdarlarını fəallaşdıra bilər. Ona görə də İvanişvilinin xəstəliyi ictimaiyyətdən gizlədilir. Amma onun Almaniyaya aparılması faktı təsdiqlənib. Bu fakt xəstəliyin ciddi olmasından xəbər verir. Əgər yüngül xəstəlik olsaydı, sabiq baş nazir səhiyyənin yaxşı inkişaf etdiyi Gürcüstanda müalicə oluna bilərdi. Yəni uzağa getməzdi”.

İsmayıl