Gizli nömrədən zəng vurdu, sonra yoxa çıxdı

Qazax sakini Bakıda işləyirmiş, sonra itkin düşüb



1990-cı il təvəllüdlü Qazax rayon Daş Salahlı kənd sakini Nəsibov Amil Rəsul oğlu itkin düşüb.
Bu barədə redaksiyamıza A.Nəsibovun anası Nəsibova Lalə Yaşar qızı məlumat verib. Onun sözlərinə görə, oğlu bu il fevralın 1-dən Bakıya işləməyə gəlib və mart ayının 23-nə qədər ailəsi ilə əlaqə saxlasa da, həmin gündən sonra oğlundan səs-soraq çıxmayıb: "Martın 23-ü saat 10-da zəng edib, atası ilə danışdı. Dedi ki, sabah, uzağı birisi gün çıxıb gələcəm. Sən də usta yoldaşlarınla danış, Türkiyədə iş varsa, gedək orda işləyək. Atası da bildirdi ki, danışmışam. Zəng gözləyirəm, bir xəbər desinlər gedərik. Amma həmin gün gizli nömrə ilə zəng vurmuşdu. Atası da soruşdu ki, niyə gizli nömrə ilə zəng vurmusan? Cavab verdi ki, telefonum xarab olub, uşaqların telefonu ilə zəng vurmuşam. Həmin gündən sonra bizimlə əlaqə saxlamadı. Nömrələrinə zəng çatmadı. Atası da bir neçə dəfə cəhd göstərdi ki, "qaynar xətt”ə məlumat versin, mən imkan vermədim ki, uşaqdı gələr. O da gəlmədi. Hüquq-mühafizə orqanlarına da məlumat vermişik. Axtarırlar hələ ki, nəticə yoxdur. Arxasınca Bakıya gəldim. Onun tanıdığı yerləri gəzdim ki, bəlkə tapıb, gətirəm. Tapa bilmədim. İşlədikləri uşaqlar başqa rayon sakinləridir. Bir dəfə onlardan birinin nömrəsini istədim, vermədi. Bildirdi ki, telefonum bütün günü açıq olur. Həqiqətən də telefonu həmişə açıq olurdu. Mən də inandım. Telefonum xarab olub deyib bizi aldatdı”.

L.Nəsibova övladını görənlərdən onlara xəbər vermələrini rica edir: "Boyu 170 santimetrdir. Gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi isə qaradır. Onu görənlərdən 051- 345- 46 -14, 055 -673- 95- 25, 055- 288- 29 -72 nömrələrlə əlaqə saxlayıb, məlumat vermələrini xahiş edirəm”.

Ayyət