Gözlərimizi kor edirlər

Sanki bu dərmanlar ölkəyə göydən gəlib düşüb
Apteklərdə təhlükəli dərman preparatlarının satılmasına görə, məsuliyyəti heç bir qurum üzərinə götürmür


Apteklərdə satılan dərmanlara nə qədər etibar edə bilərik? Ölkənin Səhiyyə Nazirliyi apteklərdə faktiki satışda olan dərman preparatları haqqında "ziyanlıdır, almayın, istifadə etməyin” xəbərdarlığı edirsə, "etibarın qədəri”ni hesablamaq xeyli çətinləşir. Şübhələnməyə də bir xeyli əsaslar yaranmış olur.

Göz damcısı da, burun damcısı da saxta çıxdı

Bu günlərdə iki dərman preparatından daha çox danışılır. Biri "Oksiam - V” göz damcısı, digəri isə "Aquadok” burun üçün sprey - burun damcısıdır. "Aquadok”un saxtalığını bir vətəndaş təsbit edib.
Adi duzlu suya 10 manat ödəyən vətəndaş şübhələnib və kiçik bir araşdırma ilə preparatın üzərindəki etiketin Fransa nədir, heç Çində də yox, Bakıda hansısa zirzəmidə yapışdırıldığını aşkarlayıb. "Oksiam - V” göz damcısı isə rəsmi orqan - Səhiyyə Nazirliyi tərəfindən saxta elan edilib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə edilmiş müraciət əsasında Türkiyənin "Universe Pharma İlaç” şirkətinin istehsalı kimi göstərilən "OKSİAM - V” göz damcısı dərman formasında məhsulun saxta olub-olmaması araşdırılıb və ortaya ilginc məqamlar çıxıb. Məlum olub ki, şirkətin ünvanı da saxtadır, məhsul Türkiyədə dövlət qeydiyyatına alınmayıb, məhsulun Azərbaycana idxalına razılıq verilməyib, satışına icazə yoxdur, məhsulun tərkibində inqridientlərin miqdarı qeyd olunan göstəricilərdən aşağıdır, gərəkli bəzi maddələr, ümumiyyətlə, məhsulun tərkibində yoxdur, qısası, "yox”lar çoxdur. Nəticə etibarilə nümunə keyfiyyətsiz, qeyri-effektiv, yararsız və ən əsası - insan sağlamlığı üçün təhlükəlidir. 

Səhiyyə Nazirliyinin bu xəbərdarlığının ardınca başqa suallar yaranır;
Görəsən, indiyədək nə qədər insan bu saxta, keyfiyyətsiz, sağlamlıq üçün ziyanlı göz damcılarından istifadə edib? O adamların gözləri indi nə haldadı? Və bu zərərli məhsuldan satışda hələ nə qədər var?

Səhiyyə Nazirliyi ittihamları rədd etmişdi, nə oldu?!

Xatırlayırsınızsa, noyabr ayında ABŞ Azərbaycana səfər edən vətəndaşlarına ölkəmizdəki apteklərdən dərman almamağa çağırmışdı.

Məlumatda bildirilirdi ki, ABŞ Dövlət Departamentinin viza və səyahətlər bölməsində yer almış xəbərdarlıqda Azərbaycanda mövcud olan tibb sisteminin problemli və peşəkar olmaması vurğulanır, fövqəladə dərəcədə əhəmiyyətli deyilsə, Azərbaycanda tibbi əməliyyat etməmək tövsiyə edilir, ölkəmizdəki apteklərdə satılan dərmanların tərkibi də şübhə altına alınırdı: "Azərbaycandakı apteklərdə dərmanların çoxu markaları və dozaları daşımadığından özünüzlə ABŞ-da reseptlə buraxılmış, orijinal qutusunda olan kifayət qədər lazımi dərmanlar götürün. Bu resept sizin şəxsi həkiminiz tərəfindən səfəriniz üçün yazılmış olmalıdır”. 

Bu xəbərdarlıqdan sonra Azərbaycan Səhiyyə Nazirliyinin qarşılıqlı bəyanatı gecikmədi və "xəbərdarlıqda qeyd olunanların Azərbaycan səhiyyəsinə heç bir aidiyyəti yoxdur” cavabı verildi. Könül istərdi ki, cavabdakı kimi olsun. Ölkəmizə qənim kəsilənlərdən deyilik, sonucda. Amma əgər xəbərdarlıqda qeyd olunanlara aid hansısa faktlar ortaya çıxırsa, həm də Səhiyyə Nazirliyinin birbaşa özü tərəfindən təsdiqlənmiş şəkildə? "Oksiam - V” preparatı ilə bağlı rəsmi açıqlama buna sübut deyilmi? Bu, saxtalığı, keyfiyyətsizliyi, sağlamlığa ziyanı müəyyənləşməmiş, yoxlanmamış hələ nə qədər dərman preparatı olması ehtimalını artırmazmı? Artırar, təbii. Bəs nə edək, necə inanaq?

İcazəsiz dərmanlar ölkəyə gətirilir

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında dərman preparatları ilə bağlı masası üzərində xeyli şikayətlər olduğunu dedi:

- Dərman preparatları ilə bağlı bizə ardıcıl şikayətlər daxil olur. Baxmayaraq ki, qida əlavələrinin həkimlər tərəfindən dərman kimi reseptə yazılması qadağandır, yenə də həkimlər onları pasiyentə yazır və alınmalarını təşkil etmiş olurlar. Ölkəyə idxal edilən qida əlavələri karantin müfəttişliyi tərəfindən yoxlanır. Dərman vasitəsi olmadıqlarından Səhiyyə Nazirliyi onları yoxlamır. Amma onlardan dərman vasitəsi kimi istifadə olunur. 

Həkimlərin göstərişi ilə. Bir sıra dərman preparatları isə ölkəyə qaçaqmalçılıq yoluyla gətirilir. Buna isə artıq gömrük orqanları məsuliyyət daşıyır. Biz belə hallarla bağlı dəfələrlə Baş Prokurorluğa müraciət etmişik. Lakin bir nəticə hasil olmayıb. Bütün səylərimizə rəğmən dövlət orqanlarının koordinasiya olunmuş fəaliyyətinə nail ola bilmirik. Alıcıya kassa çekinin verilmədiyinə dair konkret faktlarla İqtisadi İnkişaf Nazirliyinə müraciət edirik, deyirlər, Vergilər Nazirliyinə müraciət edin. 

Məgər İİN özü Vergilər Nazirliyinə sorğu göndərə bilməz? Hazırda masamın üzərində "Kapuççino”, "MaK-kofe”nin saxtalığı ilə bağlı sənədlər var. Araşdırmışıq, məlum olub ki, "MaK-kofe” Dağıstandan qaçaqmalçılıq yoluyla konkret şəxs tərəfindən gətirilir. Eyni malı müxtəlif markalar altında ölkəyə gətirirlər. İqtisadi İnkişaf Nazirliyinə müraciət edirəm, deyirlər, siz iqtisadi inkişafa mane olursunuz. Daha bu sözdən sonra nə deyim, nə danışım?

Yazıq gözlərimə, kor oldu getdi...

E.Hüseynov indiyədək "Oksiam - V” göz damcılarından istifadə edənlərin halına acıdığını da dedi:

- Təəssüf ki, bu insanların taleyi ilə barışmaqdan başqa çarələri yoxdur. Apteklərdə təhlükəli dərman preparatlarının satılmasına görə, məsuliyyəti heç bir qurum üzərinə götürmür. Sanki bu dərmanlar ölkəyə göydən gəlib düşüb. Burada rəsmi qurumların heç bir məsuliyyəti yoxmuş kimi davranırlar. Həmin göz damcılarını alıb istifadə etmiş vətəndaşlar prokurorluğa müraciət edə bilər, yalnız, kassa çekini saxlayıblarsa. Bu da mümkün görünmür. Çox adamın dərman preparatının keyfiyyətsiz və ziyanlı olmasından heç xəbəri yoxdur. Mən qəzet oxuyuram, siz xəbər saytlarına baxırsınız, məlumatlısınız, sadə vətəndaş bundan necə xəbər tutacaq? Odur ki, Səhiyyə Nazirliyi təhlükəli məhsulun oturub qeybətini etməkdənsə, onun satış mərkəzlərindən yığışdırılıb zərərsizləşdirilməsinə çalışsın. Bu dərman vasitəsi ziyanlıdırsa, apteklərdə qalmamalıdır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bəzən hansısa vaxtı ötmüş, keyfiyyətsiz məhsulları yığıb yandırdığı kimi, bu məhlulu da zərərsizləşdirməlidir. İnsanları niyə taleyin ümidinə buraxırlar? Bəlkə kimsə gedib yenə alacaq bu göz damcılarını. Yazıq deyilmi, gözlərinə?!

E.Hüseynov istehlakçı hüquqlarının pozulmasının səbəbi kimi mükəmməl istehlakçı siyasətinin yoxluğunu göstərdi:

- "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması”na dair Azərbaycan Respublikası Prezidentinin fərmanı var. Baxmayaraq ki, fərmanda insan sağlamlığı üçün zərərli ola biləcək malların yoxlanılması aşkar şəkildə qeyd edilib, bu işi məsul bəzi rəsmi qurumlar özlərini "papadan artıq katolik” kimi göstərir və harda ki, yoxlama aparmaq səlahiyyətinə malikdirlər, orda da bu işi həyata keçirmirlər. Guya ki, bununla sahibkarlığa kömək etmiş olurlar. Sahibkara icazə var ki, qaçaqmalçılıq yoluyla, vergidən yayınaraq ölkəyə mal gətirsin, həm də keyfiyyətsiz, zərərli mal?! Heç bir qanun buna icazə vermir. Sadəcə, bu işə məsul orqanlar vəzifələrini icra etmir. Ona görə də vətəndaşın gözü də kor olar, qulağı da eşitməz, burnu da tıxanar. Sonrasından Allah saxlasın...

Məlahət Rzayeva