"GUAM çərçivəsində separatizmlə mübarizə ön planda olacaq" - Politoloq

İlqar Vəlizadə: "Ənənəvi olaraq GUAM ölkələrinin xarici işlər nazirləri BMT Baş Assambleyası çərçivəsində görüşlər keçirir, bir araya gəlir. Lakin davamlı, qarşılıqlı əməkdaşlıq görə bilmirik"


"GUAM-ın son sammiti 9 il əvvəl, 2008-ci ildə Batumidə keçirilib”.

Bunu "Sherg.az”a GUAM ölkələri xarici işlər nazirlərinin görüşünü şərh edərkən politoloq İlqar Vəlizadə deyib. 

O xatırladıb ki, bu illər ərzində mövcud olan durğunluq GUAM-da olan vəziyyəti əks etdirir:

"Ənənəvi olaraq GUAM ölkələrinin xarici işlər nazirləri BMT Baş Assambleyası çərçivəsində görüşlər keçirir, bir araya gəlir. Lakin davamlı, qarşılıqlı əməkdaşlıq görə bilmirik. Bu ölkələrin daxilində gedən siyasi proseslər göstərir ki, gələcəyə baxışlarda fərqlilik meydana gəlib.

2013-cü ildə Avropa İttifaqı sammiti çərçivəsində Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqı ilə assosiativ müqavilə bağladı. Azərbaycan isə kənarda qalıb, müqaviləyə qoşulmaq istəməyib. Bu isə quruma daxil olan ölkələrin fərqli vəziyyətlərini təsdiq edir. Həmin situasiya müəyyən dərəcədə qalıb”.

Ötən ildən Azərbaycanın GUAM-a sədrlik etməsini vurğulayan politoloqun sözlərinə görə, bundan sonra gündəliyə daha praqmatik maraqlar gətirilib:

"Artıq qəlibləşmiş konsepsiyalar deyil, real, praqmatik layihələr ortaya qoyuldu. Yəni Layihələrin inkişafı GUAM ölkələrinə müəyyən iqtisadi resursları verəcək. Bundan sonra siyasi əməkdaşlığın inkişafına şərait yaranacaq. Siyasi əməkdaşlıq ondan ibarətdir ki, ölkələr öz mövqelərini vahid şəkildə müdafiə etsinlər.

Maraqlıdır ki, son illərdə başqa situasiya göz önündədir. 2014-cü ilə qədər yalnız Azərbaycan, Moldova və Gürcüstan separatizmlə üzləşmişdi. Bundan sonra isə Ukrayna da bununla üz-üzə qaldı. Beləliklə, GUAM-ın gündəliyi çərçivəsində Ukrayna da bu məsələlərə daxil oldu. Bununla bağlı da gündəlikdə real dəyişiklik baş tuta bilər.

Düşünürəm ki, növbəti illərdə GUAM çərçivəsində siyasi proseslər, separatizmlə mübarizə ön plana çəkiləcək. Digər məsələlərdə isə iqtisadi maraqlar üstün rol oynayacaq”.

Qeyd edək ki, oktyabrın 8-i Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna xarici işlər nazirləri Elmar Məmmədyarov, Mixeil Canelidze, Andrey Qalbur və Pavlo Klimkin Tbilisidə GUAM-ın 20 illiyinə həsr olunmuş görüşün yekununda birgə Bəyannamə imzalayıblar. Yubiley görüşü çərçivəsində gələcəkdə iqtisadi əməkdaşlıqların genişləndirilməsinə dair razılıq əldə edilib.

Aysel Aslan