Güclü, güvənli və sabit ölkə...
Azərbaycanın siyasi çəkisi, beynəlxalq nüfuzu artır
Ötən müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyevin səyi nəticəsində ölkəmiz Avrasiya coğrafiyasının mərkəzində olmaqla, Şərq və Qərb sivilizasiyalarının dialoq platformasına çevrilib. Dövlət başçısının düşünülmüş, yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, beynəlxalq aləmdə ölkəmizi etibarlı tərəfdaş kimi tanıdıb. Bu da Azərbaycan diplomatiyasının, İ.Əliyevin siyasi ardıcıllığı və məqsədyönlü fəaliyyətinin bariz nümunəsidir.
Məlumdur ki, ikili standartlara uyğun tarazlaşdırılan dünya siyasətində milli maraqları, ölkə iqtisadiyyatını mənfi amillərdən, gözlənilən risk və təhlükələrdən qorunmaq üçün xalqın iradəsinə əsaslanan xarici siyasətimizin münasibətlər sistemində uğurla davam etdirilməsi çox böyük təcrübə, ustalıq və liderlik məharəti tələb edir. Azərbaycanın qloballaşan iki və çoxtərəfli formatlar çərçivəsində uğurlu təmsilçiliyinin məntiqi nəticəsi beynəlxalq forum və sammitlərdə ölkəmizin dünya birliyində sabitliyin qorunması, enerji layihələrinin şaxələndirilməsi istiqamətində sadiq qaldığı siyasətin yüksək dəyərləndirilməsi, xarici siyasətimizin, diplomatiyamızın dəstəklənməsidir. Beynəlxalq sülhün, sabitliyin və region dövlətlərinin iqtisadi inkişafına töhfə verən Azərbaycan bunun üçün potensial imkanlarını qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə sərf edir. Tarixi hadisələr də göstərdi ki, Azərbaycanın ədalət prinsipinə əsasən təkmilləşən xarici siyasəti beynəlxalq hüquqa və ədalətə söykənir. Məsələn, İ.Əliyevin fevralın əvvəlində Londonda keçirilən "Suriya və regiona dəstək” konfransında iştirakı bir daha Azərbaycanın siyasi çəkisini və artan beynəlxalq nüfuzunu göstərdi. Dövlət başçısının bu mötəbər tədbirə dəvət olunması, eyni zamanda Azərbaycanla Böyük Britaniya və digər təşkilatçı dövlətlər arasında artan xəttlə inkişaf edən münasibətlərlə də əlaqədardır. Həmçinin, Prezident İlham Əliyevin fevralın 12-də Münhen Təhlükəsizlik Konfransında iştirakı və dolğun çıxışı, beynəlxalq ictimaiyyəti narahat edən bir sıra məsələlərin həllini konkret faktlarla göstərməsi, Azərbaycanın dünya birliyində mövqelərini daha da gücləndirib. Artıq Azərbaycan bütün məsələlərdə öz prinsipial mövqeyini ifadə və müdafiə edir. Dünya siyasətinə təsir imkanları artan ölkəmiz bundan sonra da qlobal məsələlərin beynəlxalq hüquq çərçivəsində ədalətli həllində öz sözünü deyəcəkdir. "Bizim xarici siyasətimiz tam müstəqildir, Azərbaycan xalqının milli maraqlarına söykənir. Biz milli maraqlarımızı şərəflə, uğurla qoruyuruq” söyləyən ölkə lideri İ.Əliyevin vurğuladığı kimi, bu gün bölgədə gedən proseslərdə Azərbaycan dövlətinin təsiri artır. Bir çox hallarda beynəlxalq layihələrin təşəbbüskarının Azərbaycan olması ölkəmizə əlavə siyasi və diplomatik dividend qazandırır. Xarici siyasətimizin tarixi nailiyyətlərindən olan Azərbaycanın 155 ölkənin dəstəyi ilə dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, iki il müddətində sədrlik səlahiyyətlərini yerinə yetirməsi dünya xalqlarını düşündürən problemlərin ədalətli həlli istiqamətində yüksək dəyərləndirilən işlərdir. Qeyd edək ki, ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi zamanı Azərbaycan beynəlxalq terrorçuluq, o cümlədən nüvə terrorçuluğu məsələlərinə aid müzakirələr təşkil edib. Bir sözlə, siyasi, iqtisadi gücü, özünə güvəni, müstəqilliyi, qazandığı liderlik nüfuzu ilə doğruldan Azərbaycan üçün son 20 il inkişaf, sabitlik dövrü olub. Güclü iqtisadiyyat, sosial siyasət üzrə islahatlar təkmilləşdirilib, qüdrətli ordu formalaşıb. Hətta beynəlxalq hesablamalarda Azərbaycan Ordusu dünya miqyasında 40 ən qüdrətli ordu sırasındadır. Bununla yanaşı vurğulamaq lazımdır ki, Azərbaycanın xarici siyasətində enerji diplomatiyasının xüsusi yeri var. Müstəqillik illərində təşəbbüskar, tranzit ölkə kimi mühüm enerji layihələrinin reallaşamasına layiqli töhfələr verən ölkəmiz hazırda TANAP, TAP, "Cənub qaz dəhlizi” layihələri ilə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirmək ideyasını dəstəkləyir. "Hazırda "Cənub qaz dəhlizi”ni icra edirik. Bu da bizim təşəbbüsümüzdür. Eyni zamanda, bu gün Azərbaycan özünün çoxvektorlu xarici siyasi kursuna müvafiq olaraq Rusiya, Qazaxıstan, Türkiyə, İran, Gürcüstan kimi qonşu dövlətlərlə səmərəli əlaqələrə, qarşılıqlı faydalı münasibətlərə malikdir. Bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycanın konstruktiv mövqeyi, beynəlxalq ictimaiyyəti narahat edən hallara qarşı digər ölkələr ilə koordinasiyalı fəaliyyəti ölkəmizin etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir. Azərbaycan hazırda mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır. Konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yeridir. Həmçinin, bu günlərdə Prezident İlham Əliyevin İrana səfəri iki ölkə arasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradıb.
Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa Prezidentin İran səfərinin mühüm hadisə olduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə indiki həssas dönəmdə İran kimi qonşu ölkə ilə məsələlərin bu formada hərtərəfli ələ alınması olduqca vacibdir: "İran tərəfi də artıq anlayır ki, Azərbaycanla kifayət qədər normal qonşuluq münasibətlərini davam etdirmək lazımdır. Biz çalışmalıyıq ki, İranın Ermənistanla olan əlaqələri Azərbaycanın maraqları əleyhinə işləməsin. Bu səbəbdən, İranla münasibətləri daha da yaxşılaşdırmaq bizim üçün faydalıdır. Qarşılıqlı ittihamlardan uzaqlaşaraq, daha sağlam və faydalı şəkildə, xüsusən də iqtisadi zəmində münasibətləri inkişaf etdirmək gərəkdir. Xüsusən də, İran üzərindən sanksiyaların götürüldüyü vaxtda bu ölkə üçün ən əlverişli variant Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirməkdir. Çünki Rusiya və digər ölkələrlə müqayisədə daşınma - tranzit ölkə baxımından ən faydalı seçim Azərbaycandır. Azərbaycan da Hind okeanı və o bölgələrə, həmçinin Çin bazarına çıxış üçün İrandan faydalana bilər. Bu cür qarşılıqlı məsələlərə görə, hər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olması vacibdir. Ümid edirəm ki, münasibətlərin daha da inkişafı regionda sabitliyin pozulmasına qarşı da müəyyən dərəcədə iradə birliyi ortaya çıxaracaq. Ümumilikdə bu səfəri faydalı hesab edirəm və nəticələrinə ümid bəsləyirəm”. Millət vəkili Sahib Alıyev də Azərbaycan dövlət başçısının İrana səfərinin əhəmiyyətini vurğulayıb: "İran deyəndə, bizim gözümüzün önünə ilk növbədə oradakı soydaşlarımız gəlir. Ona görə də biz bu qonşu ölkəni abad, demokratik və əmin-amanlıq içərisində görmək istəyirik. Ümid edirəm ki, cənab Prezidentin bu səfəri hər iki ölkənin əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi baxımından yeni bir mərhələnin başlanğıcı olacaq”.
Xəzərin problemləri üzrə ekspert, politoloq Rüstəm Məmmədov bildirib ki, İranla Azərbaycan arasında neft və qaz layihələrinə dair anlaşma memorandumunun imzalanması iqtisadi-siyasi baxımdan önəmli hadisədir:
"Azərbaycan kimi İran da neft ölkəsidir. Xüsusilə də iqtisadi sanksiyalar bu ölkə üzərindən götürüldükdən sonra İran öz neft-qazı ilə meydana yenidən daxil olub. Bu gün İran faktoru qonşu dövlətlərə də öz təsirini göstərməkdədir. Bu mənada Azərbaycanın neft-qaz siyasəti İransız ötüşmür. Ona görə də Azərbaycan dövlət başçısının İrana səfərini, Prezidentin neft-qaz siyasətini, orada imzalanan müqavilələri əhəmiyyətli hadisə kimi qiymətləndirirəm. Azərbaycanla İran arasında münasibətlər hər zaman dostluq səviyyəsində olub. Bu münasibətlərin daha da inkişaf etdirilməsi, iqtisadi sahədə yeni razılıqların əldə edilməsi hər iki tərəfə fayda verər. İran Prezidentinin də ağıllı, düzgün siyasi kurs yeritməsi ölkələrimiz arasında dostluğun güclənməsinə gətirib çıxaracaq”.
Ayyət Əhməd