Dilqəm Əhməd: “Bizim əsas hədəflərimizdən biri də universiteti bitirib gələn gəncləri yetişdirməkdir”
“Gündəlik Teleqraf” 4 yaşlı “körpə”dir
Səlim Əzizoğlu: “Kifayət qədər peşəkar jurnalist kollektivimiz var ki, öz işlərinin öhdəsindən yaxşı gələ bilir”
Dilqəm Əhməd: “Bizim əsas hədəflərimizdən biri də universiteti bitirib gələn gəncləri yetişdirməkdir”
Dilqəm Əhməd: “Bizim əsas hədəflərimizdən biri də universiteti bitirib gələn gəncləri yetişdirməkdir”
İlhamə Əbülfət: "Hər redaktorun öz işində lazım olan zaman sərt olması təbii qarşılanmalıdır”
Martın 1-də Azərbaycan mətbuatında özünəməxsus yer tutan "Gündəlik Teleqraf” MMC-yə daxil olan "Gündəlik Teleqraf” qəzetinin, Teleqraf.com saytının və Publika.az portalının 4 yaşı tamam olub. 2012-ci il martın 1-də təsis edilən, həftədə 5 dəfə işıq üzü görən "Gündəlik Teleqraf” ötən müddət ərzində ölkənin ən populyar qəzetlərindən birinə çevrilib. Peşəkar bir komanda formalaşdıran, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan "Gündəlik Teleqraf” ailəsi daha da böyüyüb. Bu xəbər portalı qısa müddət ərzində öz mövqeyini möhkəmləndirərək öncüllər sırasına qoşulub. Peşəkar kollektivin uğurlu fəaliyyəti, xəbərə yanaşma, respublikamızda və dünyada baş verən proseslərin dərin analizi, xəbərlərin operativ, dəqiq çatdırılması, biri-birindən maraqlı, rəngarəng yazılar az vaxt ərzində Publika.az-a böyük oxucu auditoriyası qazandırıb.
Portal, nəinki çoxsaylı elektron mətbu orqanların mövcud olduğu media məkanındakı rəqabətə tab gətirdi, hətta birincilər sırasında yer alaraq özünəməxsus dəst-xətti ilə fəaliyyət dairəsini, mövzu rəngarəngliyini genişləndirib. Publika.az-ın bir sıra mövzuları ictimailəşdirməsi cəmiyyəti düşündürən, narahat edən məsələlərin qısa müddətdə həllini tapmasına rəvac verib. Yarandığı vaxtdan ötən 4 il özünəməxsus oxucu auditoriyası olan Publika.az-ın formalaşması, inkişafı və sürətli tərəqqisi dövrü kimi yadda qalıb. Göründüyü kimi, qəzet və sayt 4 il ərzində uğurlu inkişaf yolu keçib, populyarlıq qazanıb və nüfuzlu qəzetlərdən birinə çevrilib. Bu baxımdan, biz də qəzetin bu mərhələyə çatmasında xidmətləri olan əməkdaşları ilə söhbətləşdik.
Kimisə özümüzə rəqib görərək, ona çatmaq bizlik deyil
Publika.az-ın baş redaktoru Səlim Əzizoğlu deyib ki, bu gün Azərbaycanın elektron KİV məkanında kifayət qədər xəbər və digər istiqamətli saytlar fəaliyyət göstərir: "Amma Publika.az bu gün yaranıb sabah üzdə olmayan, görünməyən saytların siyahısında olmayıb. Yəni bizim sayt kifayət qədər tanınan, özəl xəbər və layihələri olan elektron KİV-dir. Ən böyük uğurumuz isə odur ki, biz yoxa çıxan saytların içində deyilik. Bu, özlüyündə çox böyük əmək, cəsarət və iş tələb edir. Biz hamını özümüzə dost hesab edirik. Heç bir saytla da yarışmırıq. Rəqabət da aparmırıq. Sadəcə olaraq öz işimizi ortaya qoyaraq çalışırıq ki, kimdənsə geri qalmayaq. Kimisə özümüzə rəqib görərək, ona çatmaq bizlik deyil”.
Publika.az-ın bu gün cəmiyyətin maraqlarına nə dərəcədə cavab verməsi məsələsinə toxunan S.Əzizoğlunun sözlərinə görə, Azərbaycan oxucusu Publika.az-ı layihələrinə, şərhlərinə, təhlillərinə görə oxuya bilər: "Əslində bu suala oxucular daha yaxşı cavab verər. Mən heç bir halda oxucu ola bilmərəm. Çünki baş redaktor olaraq oxucunun yerinə cavab vermək düzgün deyil. İstəyərək və istəməyərək haradasa yanlışlığa yol verə bilərəm. Amma onu deyə bilərəm ki, bizim ərsəyə gətirdiyimiz siyasi, iqtisadi və digər sahəyə aid təhlillərimiz, şərhlərimiz bir çox saytlarda yoxdur. Həmçinin kifayət qədər peşəkar jurnalist kollektivimiz var ki, öz işlərinin öhdəsindən yaxşı gələ bilir. Ona görə də oxucuların bizi oxuması hesab edirəm ki, itirilmiş vaxt olmaz”.
Portalın maddi imkanlarına gəldikdə isə baş redaktor milli valyutanın devalvasiyasından sonra bütün ölkə mediasında olduğu kimi, Publika.az-da da müəyyən maliyyə sıxıntıları olduğunu deyib: "Devalvasiya ümumi olaraq bütün ölkəyə, hamıya öz təsirini göstərdi. O cümlədən də Publika.az da bu təsirdən kənarda qalmayıb. Ancaq devalvasiyanın ayrıca olaraq bizə göstərilən təsirlərini dəqiq demək bir az çətindir. Yəni bu gün vəziyyət o qədər də pis deyil”. Qarşıdakı planlar, layihələrlə bağlı danışarkən hər zaman ehtiyatlı davrandığını vurğulayan S.Əzizoğlu hesab edir ki, görülməyən iş və ortaya çıxmayan bir layihə barəsində əvvəlcədən danışmaq doğru deyil: "Sən bu gün danışırsan, hansısa səbəbdən həmin layihə sabah alınmır. Gücün çatmır, yaxud icazə olmur. Rəhbərimiz Aynur Camalqızı da təbii ki, hər zaman yeni layihələrin yaranmasına töhfəsini verməkdədir. Amma istənilən halda hədəfimiz birdir: hər zaman olduğu kimi, gələcəkdə də çalışacağıq ki, oxuculara bacardığımız qədər operativ informasiya çatdıraq. Müasir jurnalistikanın tələbi qərəzlilik olmadan operativlikdir. Nə qədər alınır, yaxud alınmır, bunu yalnız siz həmkarlarımız və oxucularımız deyə bilər”.
Bizim əsas hədəflərimizdən biri də universiteti bitirib gələn gəncləri yetişdirməkdir
"Gündəlik Teleqraf” qəzetinin siyasət şöbəsinin redaktoru Dilqəm Əhməd qəzet nəşrə başlayandan əməkdaşlıq edir: "Həmin vaxt başqa sahədə çalışsam da, qəzetin ikinci sayından etibarən köşə yazıları yazırdım. 2012-ci ilin noyabrında "Teleqraf” MMC-yə daxil olan Publika.az portalında redaktor kimi fəaliyyətə başladım. 2013-cü ilin sentyabrından isə qəzetin siyasət şöbəsinə redaktor təyin edildim. Əgər ümumilikdə 4 ildir, bu kollektivdə çalışıramsa, demək ki, hər şey müsbətdir, istər rəhbərliklə, istərsə də, digər əməkdaşlarla münasibətlər dostluq və peşə prinsipləri əsasında qurulub. Bizim media qrupuna daxil olan saytlar bu gün ən çox izlənən saytlar sırasındadır və xüsusilə Publika.az saytı uzun müddət peşəkar layihələri ilə gündəmdə olub. "Gündəlik Teleqraf” qəzetinə gəldikdə isə çap media bu gün əvvəlki illərdəki kimi əsas aktuallıq kəsb etməsə də, biz çalışırıq ki, qəzetimiz oxunsun, gündəmin əsas mövzularının təhlilini oxucularımıza çatdıraq. Deyərdim ki, bu gün çap mediada bizim qəzetin öz dəsti-xətti seçilir və istər sosial şəbəkədəki səhifəmizə, istərsə də redaksiyamıza edilən müraciətlər bunu isbat edir. Qəzetimizin redaktor və müxbir heyəti peşəkarlığı ilə seçilir, aramızda gənc müxbirlər də, neçə illərdir mətbuatda olan tanınmış imzalar da var. Bəzi imzalar isə məhz burada yetişib və bizim əsas hədəflərimizdən biri də universiteti bitirib gələn gəncləri yetişdirməkdir. Qəzetlə bağlı arzularımız təbii ki, var. Sosial medianın, internet mediasının gücləndiyi bir məqamda qəzetin daim aktual qalması üçün planlar üzərində daim düşünürük. Çünki qardaş Türkiyəyə baxsaq, qəzetçilik hələ də güclüdür, onların təcrübəsindən istifadə etmək mümkündür”.
Bu kollektivin ən böyük özəlliyi odur ki, bizdə zərrə qədər də intriqa, paxıllıq yoxdur
Sosial şöbənin müxbiri İlhamə Əbülfət də yenicə işə düzəldiyi "Gündəlik Teleqraf” kollektivi haqqında xoş sözlər söyləyib: "1 il yarımdır ki, "Gündəlik Teleqraf”da işləyirəm . Sözün düzü, qəzetin ad günü barədə danışmaq, nəsə deməkdə bir qədər çətinlik çəkirəm. Hər halda məndən əvvəl burada çalışanlar, qəzetin yaranmasında və bu günə gəlməsində əməyi olan insanlar var. Mən sosial şöbənin ən balaca müxbiriyəm. Amma ümumilikdə "Gündəlik Teleqraf”la bağlı təəssüratlarım son dərəcə müsbətdir. Çox gözəl kollektivimiz var, gələn gündən münasibətlərimiz yaxşıdır. Tez-tez otaqda öz aramızda hər hansı bir məsələni müzakirə edirik, amma mübahisəmiz yaranmır. Əksər zamanlarda da Sosial şöbədə siyasətdən yazan Bəxtiyar var ki, tez-tez onunla zarafatlaşırıq. Siyasət şöbəsi niyə bizim otaqda oturmalıdır deyirik və gülürük”.
Həmkarımızın sözlərinə görə, "Gündəlik Teleqraf”ın özəlliyi onu digər redaksiyalardan fərqləndirən əsas üstünlüyü də məhz elə kollektivin mehriban olmasıdır: "Düzdür, bəzən redaktorlarımızın müxbirlərə qarşı sərt münasibət sərgiləməsi, hər redaktorun öz işində lazım olan zaman sərt olması təbii qarşılanmalıdır. Amma burada çalışdığım müddətdə mənə qarşı münasibətləri sərt olmayıb. Bu kollektivin ən böyük özəlliyi odur ki, bizdə zərrə qədər də intriqa, paxıllıq yoxdur. Bəlkə də kənardan bu şişirdilmiş görünə bilər, amma bu, doğrudan da belədir. Oxucu üçün maraqlı və rəngarəngliyimizi saxlaya bilmişik. Kollektiv olaraq bütün sahələrdə günün aktual mövzularını, problemləri işıqlandırmağa, araşdırmağa, reportajlara meylli olmağımıza, nəticəyə yönəlik yazılara üstünlük veririk. Bunun üçün kollektivin hər bir əməkdaşı səylə çalışır. Peşəkar bir komanda ilə formalaşdırılan "Gündəlik Teleqraf” ailəsi obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə daim sadiq qalıb. Qəzetimiz zamanın nəbzini tutmaqla yanaşı, toxunduğu aktual mövzulara hər zaman peşəkar yanaşma ortaya qoyub. Məhz bu, bizi - kollektivimizi daha da ruhlandırır və görəcəyimiz işlərin hələ çox olmasına, bu istiqamətdə yorulmaz fəaliyyətə səsləyir. Mən qəzetimizə uzun ömür, daha böyük uğurlar arzulayır, bütün əməkdaşlarımızın gələcək fəaliyyətində müvəffəqiyyətlər diləyirəm.
Şəymən
"Şərq” qəzetinin kollektivi "Gündəlik Teleqraf” qəzeti və Publika.az-ın yaradıcı, texniki
heyətinə uğurlar arzulayır...
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb